Prezident və birinci xanım İsmayıllıda (FOTOLAR)
Siyasət1 noyabr 2021 17:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.
Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.
***
Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirdi ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması və inkişafı, yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından uğurlu nəticələr verib. Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli beynəlxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilməyə başlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.
Bildirildi ki, indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb.
***
Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var. Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.
***Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.
Dövlətimizin başçısına İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verildi.
Qeyd edildi ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcək. Dövlətimizin başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verildi.
Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını etdi.
Oxşar xəbərlər
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
Xəbər lenti
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
Video & Fotoqalereya
Video
Fotoqalereya






