“Bolşevik” Qulamın qızı, Leninin ölən günü, Şərq operasının anası
Cəmiyyət21 yanvar 2020 17:45
Bu gün şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.
Lent.az onun haqqında yazını təqdim edir.
1924-cü il yanvarın 21-də Azərbaycanın dilbər guşəsi Şəkidə yerlilərin "bolşevik Qulam” dedikləri Qulam kişinin evində bir qız dünyaya gəldi. Qızı dünyaya gətirən ana bir də baxdı ki, bayaqdan ətrafına toplaşan qohum-əqrəbadan başının üstündə bircə nəfər qalıb. Bəs, camaat hara yox olub? deyə soruşdu. Cavab verdilər ki, Lenin ölüb, hamı onunla vida mitinqinə gedib. Ana üzünü yanındakı körpəsinə çevirib, "Can bala, nə pis gündə dünyaya gəldin” - dedi...
O qız böyüdü, şöhrəti dünyaya yayıldı. O dünyadan köçəndə nə bolşeviklər vardı, nə də onların ideyası, heç Lenini yada salan da yox idi. Amma Azərbaycan vardı və onun musiqi tarixinə qızıl həriflərlə bir ad yazılmışdı: Şəfiqə Axundova...
Atası Qulam Axundov dövrünün tanınmış adamı idi. 1917-20-ci illərdə Şəkinin ilk bolşevik rəhbərlərindən olub. Şəkililər ona "bolşevik Qulam” deyirdilər. Qulam kişi M.F.Axundovun nəslindən imiş, uzaq qohum olublar. Anası Züleyxa evdar qadın olub, evdə Şəfiqədən başqa daha beş övlad böyüdüb. İsmət, Tahir, Nəriman, Rəfiqə də hərəsi öz sahəsinin sənətkarları olublar. Taleyi Şəfiqənin üzünə daha şirin təbəssümlə gülümsəyib.
Anası onun musiqi duyumunu, incəsənətə meylini görüb qonşulara "bu qızım deyəsən artist olacaq” - deyirmiş.
Atası isə qızının musiqi qabiliyyətini hiss etdikcə onu daha çox sıxma-boğmaya salırmış ki, birdən müğənni olar. O, istəyirdi ki, qızı Şəfiqə həkim olsun. "İstedadlıdır, deməli, ondan yaxşı həkim olar” – deyirdi. O dövrün bütün ziyalı ailələri kimi Qulam kişinin də evində piano varmış, amma qızının onunla çox məşğul olduğunu görən ata piano olan otağı açarla bağlayırmış. Düşünürmüş ki, Tanrının verdiyi istedadın qarşısını bununla ala biləcək.
Bir dəfə marağının Şəfiqəni konservatoriyaya çəkib apardığını eşidən atası qarlı-şaxtalı o qış axşamı qızını evə buraxmadı. Şəfiqənin anasına da icazə verməyib ki, qızı evə buraxsın, deyib, qoy ağlı başına gəlsin, özünə yaxşı sənət seçsin. O gecə Şəfiqənin böyrəkləri elə soyuqlayıb ki, sonradan professor Cavadzadə cərrahiyyə yolu ilə bir böyrəyini çıxartmalı olub, o birini xilas edə bilib.
Ancaq zaman keçdikcə qızının musiqi sahəsində hədsiz istedadını və inadkarlığını görən ata onunla razılaşmalı olur.
Şəfiqə 1943-cü ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul edilir. Həm də burda dahi Üzeyir bəy Hacıbəylidən dərs alır. Şəfiqə xanım xatirələrində bu barədə yazır: "ilk mahnım olan "Kolxoz qızları"nı Üzeyir bəy dinlədi və bəzi düzəlişlər etdi. İnanın ki, hər hansı əsərimi bəyənəndə həmin gün sevincim yerə-göyə sığmırdı. Üzeyir bəy sənətə qiymət verən insan idi. O vaxt bir qrup açmışdı, bəstəkarlar orada təhsil alırdılar. Hətta bizə muğamların əsaslarını da öyrədirdi. Bizim əsərlərdə milli ruh vardı. Bax, həmin o milli ruh insana dayaq olur. Onun kimi adamlar yüz ildən bir doğulurlar. O, dahi idi. Çox xeyirxah, gözəl insan və böyük şəxsiyyət, həm də müəllim idi. Mən fəxr edirəm ki, Üzeyir Hacıbəyov kimi bir insan mənə dəstək olub. Şəxsən evində olmuşam, mənə hərtərəfli yardım edib. Vaxtının az olmasına baxmayaraq, Üzeyir Hacıbəyov məni və sənətimi bir dəfə də olsun diqqətdən kənarda qoymurdu. Hətta ad günümə teatrda heç kimin xatırlamadığı bir vaxtda Üzeyir bəy bunu yadında saxladı və həmin gün məni təbrik etdi. Çox xeyirxah insan və böyük şəxsiyyət idi. 1944-cü ildə Tiflisdə Zaqafqaziya musiqi baharı keçirilirdi. Bu, çox tarixi hadisə idi. O vaxt Ağabacı Rzayeva da ilk qadın bəstəkarlardan idi. Üzeyir bəy ona da xüsusi diqqət yetirir, xətrini istəyirdi. Ona həm də qayğıkeşlik göstərirdi. Üzeyir bəy bir dəfə ona dedi ki, Şəfiqə ilə geyinib gəlin, görüm Tiflisə hansı geyimdə gedəcəksiniz? Biz də geyinib gəldik. Amma bizim geyimimiz onun xoşuna gəlmədi. Üzeyir bəy dərhal köməkçisi Ramazan Xəlilovu çağırdı. Dedi, Ramazan, bunları anbara apar, yaxşı paltarlar seç ki, bəstəkara oxşasınlar, axı Tiflisə gedəcəklər…
Başqa bir xatirə də danışım. Yadımdadır, Mirvarid Dilbazinin sözlərinə "Beşik başında" adlı mahnımı Üzeyir bəyə göstərdim. İlk mahnılarımdan idi. Üzeyir bəy mahnını sona qədər dinlədi və xoşuna gəldi. O vaxt onun dediyi sözlər hələ də qulağımdan getmir: "Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri hardan tapırsan?” Üzeyir bəy həmişə deyirdi ki, yazılan mahnılar kökə bağlanmalıdır. Yəni musiqidə də milli ruh hiss olunmalıdır. Mən Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov, Zeynəb Xanlarova kimi sənətkarlarla çalışmışam deyə, bugünkü gəncləri bir qədər qəbul eləyə bilmirəm. Səs insanın ürəyini titrətməlidir. İfaçının səsini bəyənməsəm, ona mahnı verə bilmərəm. Bir çoxunu bu adla yola salmışam. Heç zaman mahnı bəstələmək xətrinə çalışmamışam. Əgər bəstəm ifaçının səsində itib-batacaqsa, heç üzə çıxmasa yaxşıdır".
Sonralar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini, B.Zeydmanın sinfini bitirsə də orda da Üzeyir bəyin məsləhətlərindən çox faydalanan gələcəyin böyük bəstəkarı 1972-ci ildə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə imza atıb. Süleyman Rəhimovun eyni adlı povesti əsasında, İsgəndər Coşqunun librettosunu yazdığı "Gəlin qayası" operası 1974-cü ildə Opera və Balet teatrında uğurla tamaşaya qoyulub.
Şərqin ilk opera yazan qadın bəstəkarı, Üzeyir bəyin yetirməsi, fitri istedadlı Şəfiqə Axundovanın şəxsi həyatı o qədər də qibtə olunan deyil. Görünür, tale insanın xoşbəxtliyə gedən yollarını tam açmır, birini açanda o birini bağlayır.
Ailə quranda tanınmış bəstəkar deyildi, bütün həmyaşıdları olan qızlar kimi, o da ailə qurmaq istədi. Onu sevənlərdən birini seçib, evlənməyə razılıq verdi. Amma illər keçdikcə Şəfiqə anladı ki, yeganə sevgilisi sənətidir, ondan qeyri kimsəyə bağlanıb özünü, sevdiyi sənəti fəda vermək iqtidarı yoxdur. Qərarını verib, həyat yoldaşından ayrıldı. O vaxt artıq bir övladı da vardı, adını Taleh qoymuşdu. Ailə qurmağını, onun dünyaya gəlməsini yalnız taleyin işi saydığı üçün...
Taleh də anasının davamçısı oldu, musiqiyə bağlandı. Onun musiqiyə bağlanmağı anasına hədsiz bağlılığı ilə əlaqəli idi, yaxud əksinə, musiqiyə bağlılığı onu anasına bu qədər yaxın, həmdərd etmişdi – bunu demək çətindir, amma real olan o idi ki, ikisi bir tavanın altında baş-başa verib musiqilər yazır, elə bil, Səttar Bəhlulzadə demiş, təbiətdən bu yolla "qisas alırdılar”. Amma bu birgəlik də uzun çəkmədi, Taleh gənc yaşlarında anadangəlmə əsəb xəstəliyi ucbatından dünyasını dəyişdi.
Oxşar xəbərlər
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya