Dərc edilib: 02-04-2017

https://www.nuh.az/10148-.html

Hərbi əməliyyat, yoxsa müasir müharibə..?

02.04.2017 18:25:39

Siyasət

Azərbaycan ordusunun  4  gün davam edən uğurlu hərbi  əməliyyatları  başa çatdı.  Bunun hərbi-siyasi əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Amma  tələsik də olsa  bu irimiqyaslı hərbi əməliyyat  barədə ilkin fikirlər söyləmək olar.


İlk öncə onu qeyd edim ki, 1-ci Qarabağ savaşından fərqli olaraq bu dəfə Azərbaycan cəmiyyətində cüzi də olsun panika-təşviş yox idi. Əksinə, cəmiyyətimizdə çox yüksək  vətənpərvərlik əhval-ruhiyyəsi, döyüş əzmi var idi. Öz övladını müharibədən  yayındırmaq kimi  əvvəllki  savaşda rastlaşdığımız  hallar  hətta  heç kimin ağlının ucundan belə keçmədi. Yəni cəmiyyət 7-dən 77-yə kimi  döyüşə hazır ovqatda idi. Erməni cəmiyyətində olan  dəhşətli PANİKA-dan fərqli olaraq Azərbaycan cəmiyyətində  daxili inam və rahatlıq var idi. İlk dəfədir  ki, Azərbaycan xalqı öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi.

Digər vacib cəhət odur ki, Azərbaycan ordusunun bu günədək ancaq hərbi təlimlərdə gördüyümüz müasir silahları ilk dəfə olaraq döyüşdə sınaqdan uğurla çıxdı. Və Azərbaycan cəmiyyəti öz  müstəqillik tarixində ilk dəfə olaraq müasir müharibənin nə olduğunu öz gözləri ilə gördü və yaşadı. Yəni bugünədək  Azərbaycan insanı müasir  müharibəni ancaq xarici kinolarda görmüşdü.

4 günlük  hərbi əməliyyatlarda nöqtəvi zərbələrin, müxtəlif qoşun növləri arasında dəqiq koordinasiyanın şahidi olduq. Bu artıq adi hərbi əməliyyat deyil, müasir  müharibə idi. Bunu  hərbi təlimlərdə həyata keçirmək olmur. Çünki  hər şeyin əvvəlcədən planlaşdırıldığı  hərbi təlimdən fərqli olaraq bu dəfə qarşıda  real düşmən var idi.

Məlumat üçün onu da qeyd edim ki, bir neçə il əvvəl  nəhəng Rusiya ilə  kiçik Gürcüstan arasında baş verən  müharibədən sonra  rus generalları açıq etiraf etdilər ki, rus ordusu  müasir müharibəyə hazır deyildi. Bəli, müasir müharibə bambaşqadır. Müasir müharibə əsgər sayından çox  texnoloji  resurslara üstünlük verir. 4 günlük əməliyyatda  Azərbaycan ordusu müasir müharibə aparmaq qabiliyyətini ortaya qoydu.  Yəni bu müharibə 1991-93-cü illərin müharibəsi deyildi.

Yeri  gəlmişkən, 4 günlük  müharibə həm də yeri gəldi-gəlmədi “Neft pulları hara gedib?” soruşanlara da tutarlı cavab oldu.

Məlumdur ki, 30 ilə  yaxındır  davam edən  bu savaşda  az qala dünyanın əksər dövlətləri bizi başkəsən, quldur kimi, ermənilər isə cəfakeş, məzlum kimi qələmə verirdlər.

Bu dəfəki  əməliyyatlarda isə az qala dünyanın xeyli dövləti  bizim haqq işimizə dəstək verdilər, ən azı neytral qaldılar. Qardaş Türkiyənin, Pakistanın, qonşu Gürcüstanın dəstəyini gördük. Həmişə bizim əleyhimizə olan Qərb ölkələri ən azı neytral qaldılar. Yeri gəlmişkən, bir neçə il əvvəl cənab İlham Əliyev Belorusiyaya kredit köməyi edəndə bəziləri  buna yumşaq desək ağız büzdü. Bəllidir ki, həmin kredit zamanında geri qayıtdı. Ancaq ölkə başçısının həmin düzgün addımı, uzaqgörən qərarı bu gün öz bəhrəsini verdi. Belorusiya dövləti və başçısı hətta Ukraynaya vermədikləri dəstəyi bizə verdilər. Bütün bunlar  ölkə başçısını siyasətə qoyduğu investisiyalardır. Prezidentin 10 illik düzgün siyasətinin nəticəsi olaraq Qərb, qatı ermənipərəst Fransa  neytrallıq nümayiş etdirdilər. Bax, bu bizim  diplomatiyanın qələbəsidir.

Həmişə, bizə ironiya ilə yanaşan və  “Elə etməyin ki, Bakıya qədər gələk”  deyən  yekəbaş ermənilər başda prezident  Sarkisyan olmaqla  panikaya düşdülər.

Bir məsələni də qeyd etməyi vacib hesan edirəm.

Bu  4 günlük hərbi əməliyyatlar nəticəsində  Ermənistan və onun havadarları Azərbaycan və Ermənistan orduları və cəmiyyətləri  arasındakı FƏRQİ gördülər. Yəqin ki, müxtəlif vasitələrlər bu  FƏRQİ aradan qaldırmağa cəhd edəcəklər. Ona görə də arxayın olmaq olmaz. Və  3 istiqamətdə ( informasiya savaşı, kəşfiyyat və  diplomatiya ) təcili hücuma keçməliyik.

Kəşfiyyat kanallarından istifadə edərək Minsk Qrupunun bəzi  üzvlərinin mənəvi cəhətdən həmsədr olmaq  hüququnu itirməkləri ilə bağlı faktları ortaya qoymalıyıq.

Beləliklə, hərbçilərimiz  öz işlərini uğurlar yerinə yetirdi. İndi isə  diplomatiya və informasiya müstəvisində mübarizə  aparmağın zamanıdır.

Onu da qeyd edim ki, bəzi insanlarımızın hərbi əməliyyatların dayandırılmasına münasibəti birmənalı deyil.

Bilmək lazımdır ki, bu müharibədən tam qələbə gözləmək sadəlövhlük olardı. Əslində 4 günlük  maharibə gələcək  Qarabağ müharibəsinə hazırlıq idi. Bu həm də erməniləri sülhə məcbur etmək üçün vacib idi.

Sonda bir məsələni də qeyd etməyi  vacib hesab edirəm.

Bu 4 günlük müharibə  eyni zamanda bizim bəzi minuslarımızı da ortaya çıxardı. Bəli oldu ki, 20 il fəaliyyət göstərn telekanalarımızın hərbi  müxbirləri yoxdu, hərbi əməliyyatlarla bağlı  canlı reportajlar görmədik.

Biz  Ermənistan və  Rusiya  mənbələrinin dünyaya yaydığı xəbərləri  2 gün sonra deyil, anındaca təkzib etməli  idik, gecikməli deyildik. Bunları vaxtında etməklə qarşı tərəfin informasiya mənbəyi olaraq etibarsızlığına nail olardıq.

Bir sözlə, informasiya savaşında  geri qalırdıq.

Yəni o boyda  müasir müharibənin  informasiya tərəfini  Vahid Naxış kimilərin ümidinə buraxmaq olmaz.

Sonda bir məsləni xüsusi olaraq vurğulamaq, məncə yerinə düşər.

Dünyanın nüfuzlu  təşkilatları öz sorğularında Azərbaycan ordusunun reytinqini ön sıralarda qeyd edəndə bizim özümüzün inanmağımız gəlmirdi. Ancaq 4 günlük müharibə bunu sübut etdi. Yəqin ki, bundan sonra ordumuz öz reytinqinə görə dünya orduları sırasında  daha bir neçə pillə irəliləyəcək.

 

NUH.az-ın  baş redaktoru  Kamran Məhərrəmli

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib