Dərc edilib: 05-04-2017

https://www.nuh.az/10226-.html

Millət vəkili Naqif Həmzəyevə cavab

05.04.2017 16:44:39

Cəmiyyət

 

İki gündür "əminin öz qardaşı qızını qaçırması"  kimi iyrənc  xəbəri saytlar  həvəslə tirajlayır  və bu azmış kimi diqqətlə araşdırır.


Ümumiyyətlə, bu tip xəbərlərin, zorlanma hadisələrinin mediada çox həvəslə, az qala canfəşanlıqla  işıqlandırılması və üstəlik  oxucuların buna maraq göstərməsi düşündürücüdür.

 

Görəsən  bu həvəsin və marağın kökündə nə dayanır..?

 

Məncə, bu həvəs və maraq kollektiv, yəni ellikcə  zorlanmış  və uzun  müddət  pressinq altında olan cəmiyyətlərə  xas keyfiyyətdir.

Axı, təkcə ayrı-ayrı  fərdlər deyil, bəzən bütöv cəmiyyətlər  də  zorlanır  və illərlə zoraklığa məruz qalır. Və uzun müddət iradəsi  zorlanmış  belə  TRAVMA-lı  cəmiyyətlərdə BEYİN problemi olur.

Yeri  gəlmişkən, onu da qeyd edim ki,  tək-tək zorlanan insanlar polisə, məhkəməyə  müraciət edə bildiyi halda, kollektiv  təcavüzə məruz qalan cəmiyyətlər  çıxış yolu tapa bilmədiyi üçün   ağrısını  belə iyrənc xəbərləri  paylaşmaqla çıxardır.

Həm də nəzərə almaq lazımdır ki,  belə iyrənc  hadisələrin yaşı  dünyanın yaşı qədərdir. Belə hadisələr  çox  cüzi də  olsa dünyanın hər yerində baş verir.  Ona görə də belə xəbərlərdən şou yaratmağa ehtiyac yoxdur.

Sözün düzü, məni bu iyrənc  olayın özündən çox,  Milli Məclisin Cəncə şəhərindən seçilmiş  üzvü Naqif Həmzəyevin olayla bağlı açıqlaması təəccübləndirdi.

Əgər bu açıqlamanı  sıradan biri versəydi  qətiyyən təəccüblənməz  və yəqin ki, bu yazını da yazmazdım.

İnanmaq olmur ki, BDU-nun tarix fakültəsinin məzunu, Atatürk Universitetinin tədqiqatçısı,  Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil etmiş alim, ölkənin ikinci paytaxtı  Gəncənin icra başçısının 1-ci müavini işləmiş şəxs, hazırda YAP-ın Gəncə şəhər təşkilatının sədri və üstəlik millət vəkili olan Naqif Həmzəyev belə bir bəsit açıqlama versin.

Əslində bu yazını Naqif müəllimə  cavab kimi qəbul etmək də düzgün deyil. Çünki hörmətli millət vəkilinin açıqlaması  sadəcə bir impuls oldu ki, fikirlərimi cəmiyyətlə, o cümlədən cənab deputatımızla  bölüşüm.

Naqif müəllim Qafqazinfo-ya açaıqlamasında qeyd edir ki: “ Biz araşdırdıq və məlum oldu ki, həmin şəxslər Gəncə sakinləri deyillər, burada qeydiyyatları yoxdur. Onlar sadəcə Gəncədə kirayədə yaşayıblar, heç müqavilələri də olmayıb. İndi həmin evdə də qalmırlar. Özləri ətraf rayonların birində yaşayır. Burada işləmələrinə dair də heç bir yerdə sənəd tapılmır. Nikahı da heç burada bağlamayıblar, hardasa bağlayıblar. Boşanma ilə bağlı proses də Gəncə məhkəmələrində getməyib”.

Görəsən, millət vəkili üçün bu iyrənc olayın Gəncə şəhərində, yaxud Lənkəranda, Şəkidə baş verməsinin nə fərqi var..?

Lap fərz edək ki, həmin şəxslər Bakıda “propiska”da olub. Nəsə dəyişirmi..?

Deputatın dediyi  pasport qeydiyyatı kimi gülünc arqumentin  olaya nə dəxli var..?  

Həmin şəxslərin Gəncədə  kirayədə yaşaması kimi mənasız  dəlil-sübut görəsən  hörmətli deputatın ağlına haradan gəlib..?

Deputat deyir ki, həmin şəxslərin boşanma prosesi Gəncə məhkəməsində olmayıb..

Görəsən Gəncə məhkəməsi ilə Yevlax məhkəməsinin mahiyyətcə fərqi varmı..?

Naqif müəllim xüsusi olaraq vurğulayır ki, həmin şəxslər  “ətraf rayonların birində yaşayır”.

Həmin şəxlərin  dini  kəbinini Gəncə mollası deyil, Masallı mollası, lap Allahşükür Paşazadə kəssəydi nə dəyişəcəkdi, Naqif müəllim..?

Sözün düzü, Naqif müəllimin açıqlamasının “başı, gövdəsi” olmadığı üçün ciddi tənqidə də gəlmir.

Ancaq hörmətli deputatın açıqlamasında təhlükəli məqamlar  var. Deməli, millət vəkilinin əsas məqsədi problemi Gəncədən uzaqlaşdırmaqdır. Bu isə alim adına, millət vəkilinə, dövlət məmuruna, YAP-ın Gəncə şəhər təşkilatı rəhbərinin adına yaraşan hal deyil. Bu şəxs  bütöv dövlətin və cəmiyyətin deyil, haradasa bir rayonun təəssübünü və qeyrətini çəkir.  

Bu adam unudur ki, sinəsində Gəncə vəkili deyil, millət vəkili nişanı gəzdirir...

Təəssüf ki,  deputat  problemlərə  Azərbaycan prizmasından deyil,   “xırda bir dırıx”dan baxır...

Biz isə çox istərdik ki, hörmətli  millət vəkillərimiz  təkcə bu olaya deyil, bütün problemlərə  daha geniş, dövlətçilik  prizmasından yanaşsın.

Bu cür baxışı  sıravi  oxuculardan  olmasa da, heç olmasa deputatlarımızdan, o cümlədən Naqif  Həmzəyevdən  gözləyirik. Ən azı ona görə ki, sizlər həqiqi millət vəkili olmasanız da  sizə bu rol verilib.

 

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib