Dərc edilib: 02-06-2017

https://www.nuh.az/10948-.html

Milli sərvətimiz təkcə neft deyil...

02.06.2017 19:51:06

Cəmiyyət

Mənsimov kimi dünyamiqyaslı iş adamları  əsl milli sərvətdir

 

Xeyli  müddətdir  dünyada tanınmış azərbaycanlı iş adamları  ( Araz Ağalarov, İsgəndər Xəlilov, Qod  Nisanov, Mübariz  Mənsimov, Fərhad  Əhmədov, Zarax İlyev, Telman İsmayılov  və s ) barəsində  yazmağı düşünürdüm.

 

Məqsədim  konkret olaraq hansısa məşhur azərbaycanlı biznesmenin fəaliyyətini  işıqlandırmaq deyil, onların dövlətimiz və cəmiyyətimiz üçün rolu və onlara qarşı  olan bəzi neqativ-bədxah münasibətlər barədə  düşüncələrimi bölüşmək idi.

Yazı  müxtəlif  səbəblərdən yubanırdı.   

Ancaq  son günlər  Türkiyədə yaşayan dünyamiqyaslı  iş adamı, “Palmali”  Şirkətlər Qrupunun rəhbəri Mübariz  Mənsimovla bağlı Azərbaycan mətbuatında gedən əsassız fikirlər, qara piar, bədxah  münasibət, çirkin təbliğat  bu məqalənin yazılmasını sürətləndirdi.

...Söhbət  dünyada  tanınmışlardan düşmüşkən onu qeyd edim ki, müxtəlif xalqların  və ölkələrin tanınmasında məşhur simaların böyük rolu var. Məsələn, Argentina deyəndə milyonlarla insanın ağlına ilk olaraq Messi, Pele deyəndə Braziliya gəlir.  

70 ildən artıq tərkibində yaşadığımız  SSRİ məkanında isə dövlətin ideologiyasına uyğun olaraq  hər bir millət  əsasən  öz şairləri, yazıçıları, incəsənət xadimləri ilə tanınırdı.

Məsələn, böyük  sovet məkanında və ondan xaricdə  Azərbaycan deyəndə əksəriyyətin  ağlına  Rəşid  Behbudov, Müslüm Maqomayev  gəlirdi. Bu şəxslər  millətin rəmzi-simvolu, müasir dillə  desək brendi sayılırdı.

 

Düzdür, ötən əsrin  80-ci illərində Heydər  Əliyevin   Siyasi Büro üzvü  seçilməsi və sovet hökumətinin rəhbərlərindən biri olması  Azərbaycanın tanınmasında  ciddi rol oynadı. Və həmin dövrün şahidləri gözəl bilir ki, o illərdən başlayaraq  Əliyev familyası Azərbaycanın simvoluna çevrildi.

 

Ancaq  1991-ci ildə  dünyanın nəhəng  dövləti olan  SSRİ-nin dağılması ilə demək olar ki, dəyərlər dəyişdi. Və idmançılar, şou biznes  nümayəndələri,  iş adamları, biznesmenlər ön plana çıxdı. Bu sırada  biznesmenlər xüsusi ilə seçilməyə başladı.  Bunun ciddi əsası var idi. Çünki  70 ildən artıq müddətdə  demək olar ki, xalqların “biznes  bacarığı”, “ sahibkarlıq qabiliyyəti”  boğulmuşdu. Bazar iqtisadiyyatına keçidlə bu bacarıq və qabiliyyət  üzə çıxdı. Bu prosesdə azərbaycanlı  iş adamları da  öz bacarıq  və qabiliyyətini ortaya qoydu. Az vaxtda  xeyli sayda   həmyerlimiz  öz  İSTEDAD-ları ilə nəinki keçmiş sovet məkanında, hətta dünya miqyasında tanınmış biznesmenlərə çevrildilər, onların adları dünyanın ən mötəbər  siyahılarına ( FORBES ) düşdü. Bəli, məhz öz istedadları ilə. İstedad sözünü nə üçün xüsusi olaraq qeyd edirəm. Çünki bizim insanların düşüncəsində İSTEDAD məfumu ancaq 5-6 şeir yazan şairə, 3-4 mahnı bəstələyən bəstəkara, yaxud elmin dar bir sahəsində uğur əldə edən alimə şamil edilir. Ancaq əslində dünya səviyyəsində uğur əldə etmək, siyasi və iqtisadi  burulğanlardan keçib öz biznesini inkişaf etdirmək üçün biznesmenlər daha istedadlı və  bacarıqlı olmalıdır.

Məşğul olduğu sahədən  asılı olmayaraq isə hər bir istedadlı azərbaycanlı, dünya  səviyyəsində uğur qazanmış  həmyerlimiz  milli sərvətdir. Onları qorumaq isə hər birimizin borcudur. Nəinki ləkələmək, bədxah münasibət və s.

Digər  tərəfdən  biznesmenlərə  neqativ münasibətin kökündə  başqa  səbəb də var.  İdeologiyasının əsasında “bərabərlik”  dayanan  sovet  dövlətində  Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi iş adamları uzun müddət cəmiyyətə ən yaxşı halda tacir statusunda, az qala istismarçı kimi təqdim olunurdu. Baxmayaraq ki, bu gün də Bakı şəhərinin əhalisi Tağıyevin çəkdiyi suyu içir, ölkəmizin Elmlər Akademiyasının Rəyasət Heyəti  Musa Nağıyevin  şəxsi evində fəaliyyət göstərir və s.

Sözün qısası,  tanınmış biznesmenlərə, uğurlu insanalara mənfi-bədxah münasibətin obyektiv və  subyektiv səbəbləri var.

 

...Yeri  gəlmişkən, söhbət  uğur qazanmış insanlara bədxah münasibətdən düşmüşkən, Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, mən Siyasi Büro üzvü seçiləndə düşünürdüm ki, hamı sevinəcək, ancaq paxıllıq edənlər, bədxahlar, qısqanclıq edənlər də tapıldı və mənim barəmdə Moskvaya danos yazanlar, anonim məktub göndərənlər də oldu.


Bu gün də həmin ənənə, həmin paxıllıq, qısqanclıq, bədxahlıq,  danosbazlıq  daha çirkin formada və daha geniş miqyasda  Mübariz Mənsimov  kimi dünyada  tanınmış  uğurlu  həmvətənlərimizə  qarşı  davam edir.

Yazırlar ki, Mübariz Mənsimov Rusiyanın adamıdır,  Ərdoğanla biznes ortağıdır və s.

Bu yazılanların  nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm. Ancaq əgər hətta  belədirsə, bu Mübariz Mənsimovun  bir biznesmen olaraq qabiliyyətinin və bacarığının göstəricisidir. Ki, Rusiya boyda nəhəng dövlətin və qosqoca Türkiyənin başçısının etimad və etibarını qazana bilib. Axı, Rusiyada və Türkiyədə Mübariz Mənsimovun rəhbərlik etdiyi biznes sahəsini ələ keçirmək istəyən  kifayət qədər  iddialı  biznesmen  var.

Digər tərəfdən Mənsimovu  Rusiyanın adamı, Ərdoğanın iş ortağı adlandıranlar  unudurlar ki, bir neçə il əvvəl  ( 2009-cu ildə ) Türkiyə-Ermənistan sərhədlərinin açılması ciddi müzakirə olunanda  Mübariz Mənsimov açıq şəkildə bəyan elədi ki, Ermənistanla sərhəd açılarsa, mən biznesimi Türkiyədən çıxaracam: “Ermənistanla sərhəd qapısı olan dövlətdə qalmaram, Türkiyədəki şirkətimi bağlayaram”.

Görəsən, “Rusiyanın adamı”,  yaxud  “Ərdoğanın ortağı” olan biznesmen  belə kəskin  bəyanat verə bilərdimi..?

Məlumdur ki, biznesmenlərdə patriotik ruh o qədər də yüksək olmur, amma Mənsimov həcmi milyardlarla ölçülən biznesini risk altında qoyaraq öz vətəninin  xeyrinə bu bəyanatı verdi.

Amma bir neçə ay əvvəl Türkiyədə Rusiya təyyarəsinin vurulması ilə iki dövlət arasında münasibətlər kəskinləşəndə və  Rusiya parlamentində erməni genosidi müzakirəyə çıxarılanda  Rusiyadakı  diasporamızın səsi də çıxmadı. Hətta etiraz  etməyə cəsarət edənlər də tapılmadı. Məsimova iftira atanlar  bu boyda fərqi görmür..?

Sonra  yazırlar ki, guya  Mənsimov İŞİD-lə, kürdlərlə bağlıdır, gizli neft daşımaları ilə məşğul olur.

Bunu yazanlar başa düşmür ki, dünyanın bir nömrəli strateji məhsulu olan neftin daşınması beynəlxalq nəzarət altındadır, hansı gizli neft daşımasından söhbət gedə bilər..?

Axı, nüvə silahı hərb sahəsində  nədirsə, neft də dünya iqtisadiyyatı üçün həmin əhəmiyyəti kəsb edir. Bunu necə gizli daşımaq olar..?

Mübariz Mənsimovun biznesinin guya iflas  olduğunu az qala sevinclə mətbuatda paylaşanlar başa düşmür ki, dünyamiqyaslı  biznesmenlər  hətta müflis olsalar belə tez bir zamanda  böhrandan çıxmağın iqtisadı mexanizmlərini, yollarını gözəl bilirlər. Məsələn, hazırda ABŞ-da prezidentliyə  namizəd olan, milyarder Donald   Tramp dəfələrlə müflis olsa da yenidən uğur qazanıb.

Söhbət təkcə Mənsimovdan getmir. Bu gün nəhəng Rusiyada çalışan biznesmenlərimizin uğurlarına sevinmək lazımdır. Axi, Rusiya kimi nəhəng ölkədə, yaxud qosqoca Türkiyədə biznes qurmaq, uğur qazanmaq, hətta dünyanın ən zəngin adamlarının siyahısına düşmək asan məsələ deyil.

Digər tərəfdən həmin biznesmenlərin  “kölgə”sində  minlərlə, bəlkə də on milərlə azərbaycanlı özünə iş tapır. Bu biznesmenlər həmin ölkələrdə yaşayan azərbaycanlılar üçün həm də təminat deməkdir. Bu biznesmenlər eyni zamanda millətimizin başqa  ölkələrdə təmsilçiləridir.

TƏMSİL-çilik  məsələsinə xüsusi ilə toxunmağı  vacib hesab edirəm.

Vaxtilə sovet  dövründə  Heydər Əliyev azərbaycanlı gənclərin Azərbaycandan  kənarda təhsilinə xüsusi önəm verirdi. Məqsəd ancaq həmin gənclərin yüksək təhsil alıb Azərbaycana qayıtması deyildi. Əlbəttə, həmin gənclərin yetərli hissəsi ölkəmizə qayıdıb fəaliyyət göstərir. Ancaq həmin gənclərin  bir hissəsi  o zaman  təhsil aldıqları ölkərin vətəndaşları olaraq uğurla çalışır və həmin ölkələrdə Azərbaycanı uğurla təmsil edirlər. Bu uzaqgörən bir siyasət idi. Bu gün də həmin siyasəti prezident İlham Əliyev  davam etdirir. Və  son 10-15 ildə minlərlə  azərbaycanlı gənc  dövlət hesabına dünyanın məşhur  universitetlərində təhsil almağa göndərilib. Bu gənclərin bir hissəsi yüksək təhsillə Azərbaycana qayıdıb fəaliyyət göstərir.  Ancaq geri qayıtmayanlar da Azərbaycan  üçün həmin ölkələrdə uğurlu təmsilçi ola bilərlər. 

Biz hamının Azərbaycana qayıtmasında deyil, əksinə  xarici ölkələrdə çalışan iş adamlarının, müxtəlif peşə sahibləri  olmasında maraqlı olmalı və onlara dəstək olmalıyıq. Bunu Azərbaycanın gələcəyi tələb edir.

Məlumat üçün  bildirim ki,  Çin kimi nəhəng ölkə öz iş adamlarının  xaricdə uğur qazanması üçün onlara dövlət səviyyəsində dəstək olur. Biz isə böyük uğur qazanmış  həmvətənlərimizi ləkələməklə məşğuluq.

Unutmaq lazım deyil ki, böyük biznes özü ilə böyük mədəniyyət, böyük incəsənət  gətirir, böyük elmi kəşflərə himayədarlıq edir.

Bədxah qonşularımızın “erməni düdüyü”  kimi dünyaya tanıtmaq istədikləri milli alətimiz olan balabanın mahir ifaçısı Əlixan Səmədovun  Türkiyədə və başqa ölkələrdə tanınmasında Mübariz Mənsimov az rol oynamayıb..

Sözün qısası, milli sərvətimiz olan uğurlu azərbaycanlıları, dünyada tanınmış biznesmenlərimizi ləkələmək yox, əksinə onları qorumaq və mənəvi dəstək olmaq lazımdır.

Unutmaq lazım deyil ki, yeraltı və yerüstü  sərvətlər  bir gün tükənəcək. Azərbaycan insanının, uğur qazanmış insanlarımızın enerjisi isə tükənən deyil. Gəlin, uğur qazanmış  həmvətənlərimizə ən azı mənəvi dəstək olaq. 

 

 NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib