Dərc edilib: 06-06-2017

https://www.nuh.az/10991-.html

Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub

06.06.2017 21:07:33

Cəmiyyət

Tədbir çərçivəsində Azərbaycanın orta təhsil müəssisələrininin şagirdləri arasında Rus Dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının və “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinin nəticələrinə yekun vurulub


6 iyun 2017-ci il tarixdə Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü münasibətilə Azərbaycanın orta təhsil müəssisələrininin şagirdləri arasında Rus Dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının və “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinin nəticələrininin yekununa həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və onun önünə gül dəstələri qoyublar. Tədbirin təntənəli açılışı “Olimpiada-2017” filminin nümayişi ilə başlayıb.

 

NUH.az xəbər verir ki, nümayişin ardından Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxin Azərbaycan xalqının mehriban, qonaqpərvər bir xalq olduğunu vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarışılıqlı etimad olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda rus dilinə məhəbbətin tarixi köklərindən danışıb, Ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini sadalayıb. O, Rusiya Prezidenti V.V.Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimizin yaxınlaşması sahəsindəki xidmətlərindən danışıb.

Bakı şəhər Təhsil idarəsinin rəisi Məhəbbət Vəliyeva çıxışında rus dili və ədəbiyyatı üzrə olimpiadanın şagirdlərin bilik bazasının zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. M.Vəliyeva olimpiada qaliblərini təbrik edərərk onlara fəxri fərman və mükafatlar təqdim edib.

Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb. O, uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. N.Əliyeva müstəqilliyin böyük nemət olduğunu diqqətə çatırmaqla bərabər, Rusiya Federasiyası ilə səmimi və isti münasibətlərin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin son dərəcə böyük tarixi xidmətini qeyd edib. O, Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin də Ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirdiyini və Rusiya Federasiyası ilə dostluq münasibətlərini daha da inkişaf etdirdiyini diqqətə çatdırıb. N.Əliyeva BSU-da hazırda Rusiya ilə bağlı iki mədəniyyət və təhsil ocağının – Sankt Peterburq və Moskva mərkəzlərinin fəaliyyət göstərdiyini, adıçəkilən şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fəaliyyət göstərdiyini vurğulayıb. Rektor Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlərdə Bakı Slavyan Universitetinin xüsusi rol oynadığını qeyd edib. O, bu gün keçirilən tədbirin də iki ölkə arasındakı qarışılıqlı hörmət və ehtiramın bir nümunəsi olduğunu nəzərə çatdırıb. N.Əliyeva deyib: “Rus xalqı bu

günlərdə böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum gününü qeyd edir, ancaq Puşkin təkcə rus xalqının şairi deyil, poeziyasındakı humanizm, insanpərvərlik duyğuları, bütün xalqlara və millətlərə sevgi və məhəbbət onu bütün bəşəriyyətin sevimli şairinə çevirib. Puşkin həm də milli rus dilinin ən böyük nümayəndələrindən biri kimi tarixə düşüb”.

BSU rektoru 6 iyunun bütün dünyada Beynəlxalq Rus Dili Günü kimi qeyd edildiyini vurğulayaraq Azərbaycanın da bu təntənəli bayramdan kənarda qalmadığını bildirib. “Biz həm də hər il Puşkinin doğum günündə Azərbaycanda rus dili və ədəbiyyatı üzrə Respublika Olimpiadasına yekun vururuq. Gələn il bu Olimpiadanın 10 illiyini, Puşkin bayramının isə 20 illiyini təntənəli şəkildə qeyd edəcəyik”,- deyə N.Əliyeva fikrini yekunlaşdırıb.

Sonra rektor Olimpiada qaliblərini qazandıqları uğurlar münasibətilə təbrik edib.

Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Azərbaycanda multikultural dəyərlərə xüsusi önəm verildiyini, dini tolerantlığın hakim olduğunu önə çəkib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin Ulu öndər Heydər Əliyev prinsipləri əsasında qurulduğunu və bu gün daha da inkişaf etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda Rus dili və Ədəbiyyatı üzrə Olimpiadanın coğrafiyası ildən-ilə genişlənir. Bu il ölkənin müxtəlif regionlarını təmsil edən 50 ümumtəhsil məktəblərinin 2500-dən artıq yeddinci və səkkizinci sinif şagirdi yarışmalarda öz biliyini sınayıb. Üstəlik, Naxçıvan şəhərindən Heydər Əliyev adına hərbi məktəbin kursantları da bu il ilk dəfə olaraq Olimpiadaya qatılıblar.

IX Respublika Olimpiadasının təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, “Rossotrudnçestvonun nümayəndəliyi- Rusiya İnformaiya-Mədəniyyət Mərkəzi”, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimlər Assossiyasiyası olub.

Sonra Olimpiada qalibləri səhnəyə dəvət edilərək onlara mükafatlar təqdim olunub.

Onu da qeyd edək ki, hər il rus dili və ədəbiyyatı üzrə IX Olimpiada çərçivəsində “Gənc natiq” müsabiqəsi də keçirilir. Budəfəki müsabiqənin qalibləri də müxtəlif mükafatlara layiq görülüblər. Olimpiadanın təşkilində fəal iştirak etmiş direktorlar və müəllimlər də diqqətdən kənarda qalmamış, onlara da hədiyyələr vürilib. Direktorlara hədiyyəni “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri Valentin Petroviç Denisov və Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski təqdim edib.

Bakı şəhər məktəblərinin 400-dən çox şagirdi isə “A.S.Puşkin iki yüzilliyin aynasında” devizi altında keçən 19-cu Puşkin bayramının qalibləri olub. Onlara da müxtəlif mükafatlar verilib. Qalibləri Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi

nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılığı Mərkəzinin Teatr Studiyasının bədii rəhbəri Aleksandra Konstantinovna Nikuşina təbrik edib.

Tədbir geniş musiqi proqramı ilə davam edib.


_ROM0001

NUH informasiya agentliyi səhifəsindən çap edilib