Dərc edilib: 30-06-2017

https://www.nuh.az/11277-.html

AMEA-da ev davası: Bu dəfə gənclər qoşuldu

30.06.2017 16:58:45

Siyasət

AMEA-da bir neçə gündən bəri davam edən ev davasına gənclər də qoşulub.

 

 “Aspirantlar” yataqxanasının 25-dən çox gənc sakinləri Birinci vitse -prezident Mehriban Əliyevaya və İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət ünvanlayıb. Gənclərin Cebhe.info-ya verdiyi məlumata görə, iyunun 13-də Yasamal rayonu, Şərifzadə-12 ünvanında mənzil bölgüsü zamanı hüquqları pozulub. Onlar valideynlərinin çıxılmaz vəziyyətə qalmasından narahat olduqlarını bildirib. Xatırladaq ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Müraciətdən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu, Şərifzadə - 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin 65 kvadratmetrdən az olmayaraq, mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.  Qeyd edək ki, sözügedən bina tikilib başa çatsa da, ev bölgüsü zamanı AMEA ilə sakinlər arasında narazılıq yaranıb. Belə ki, iyunun 13-də AMEA-nın bir qrup əməkdaşına həmin binadan mənzil verilməsi barədə rəsmi məlumat yayıldı. Mənzil alan alimlərin sayı 54-dür, ancaq onların adları açıqlanmır. 50-dən çox ailənin mənzil bölgüsündən kənarda qaldığı bildirilir. Cebhe.info gənclərin müraciətini təqdim edir: “Hörmətli Birinci vitse-prezident Mehriban xanım! AMEA-nın mərhum prezidenti akademik Mahmud Kərimovun və yataqxana sakinlərinin müraciətlərinə cavab olaraq prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhəri, Şərifzadə -12 ünvanında yerləşən AMEA-nın “Aspirantlar” yataqxanasının həyətində sakinlərin mənzil şəraitini yaxşılaşdırılmaq məqsədilə bina tikilib. Çətin şəraitdə yaşayaraq yaşı 40-50- ni keçmiş valideynlərimiz elm fədaisi olaraq bizim kimi cəmiyyətə yararlı, gələcəyin qurucuları olan gəncləri yetişdiriblər. Bu gün ağır şəraitdə yaşamağımıza baxmayaraq, biz gənclər dövlətçiliyimizi gücləndirən bütün fəaliyyətlərdə yaxından iştirak edərək öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetiririk. Cəmiyyətdə yer tutmağa çalışan biz gəncləri yetişdirən valideynlərimizin mənzil problemi ilə bağlı çıxılmaz vəziyyətdə qalması biz gəncləri də çox narahat edir. Bir çox uğurlara imza atmış, cəmiyyət üçün yararlı övladlar tərbiyə etmiş və buna davam edən valideynlərimiz başqa nə etməlidirlər? Bizim və bizim valideynlərimizin bir insan kimi yaşamağa haqqı yoxdurmu? Müharibə şəraitində olmasına baxmayaraq, regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanın ziyalısının və onların övladlarının bu çətin problem qarşısında aciz qalması acınacaqlı və ağlasığmazdır. Ümid edirik ki, “Aspirantlar” yataqxanasında qanuni yaşayan, mənzil bölgüsündən kənar qalan sakinləri, yəni bizim valideylərimizi bu çıxılmaz vəziyyətdən qurtaracaq və yataqxana sakinləri üçün tikilmiş binada bizim ailələrimizə ayrılan mənzillərin tezliklə verilməsinə köməklik edəcəksiniz. Biz gənclər dövlətimizə inanır və arxalanırıq. İnanırıq ki, AMEA “Aspirantlar” yataqxanasında yaşayan gənclərin səsini eşidəcək, valideynlərimizin və bizim pozulmuş hüquqlarımızın bərpasına kömək edəcəksiniz”. Yeganə Oqtayqızı Cebhe.info

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib