Dərc edilib: 08-09-2017

https://www.nuh.az/12107-.html

“Fındıqbaş” Lütfizadə və “Danabaş” Akif Əli

08.09.2017 17:34:02

Siyasət

 

 Gecə saat 23-00 radələrində məşhur  alim  Lütfizadənin ölümü ilə bağlı  ölkə başçısı İlham Əliyev və digər dövlət rəhbərlərinin imzaladığı  nekroloqu oxuyanda məəttəl qaldım: “ Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir”.


Görəsən  bu nekroloqu  hazırlayanlar bilmir ki, rəhmətlik Lütfizadənin Azərbaycan elminə zərrə qədər aidiyyəti yoxdur.

Bəli, biz Lütfizadə ilə həmyerlimiz, soydaşımız kimi fəxr edə, qürur duya, onun ölümü ilə bağlı xalqımıza başsağlığı verə bilərik. Amma dünyaca məşhur alimin Azərbaycan elminə aidiyyətindən danışmaq ən azı gülüncdür.  

Mən alimin milli, dini mənsubiyyəti yoxdur deyənlərlə razı deyiləm. Alimin milli, dini, hətta regional mənsubiyyəti də var. Hətta Lütfizadənin damarlarında azərbaycanlı qanı axır, ondan türk iyi gəlir deyənləri də haradasa başa düşməyə çalışıram.

Və məqsədim Azərbaycan elminə kölgə salmaq da deyil. Azərbaycan sovet elmi Yusif Məmmədəliyev kimi nəhəng alimlər yetişdirib.

Amma unutmamalıyıq ki, Lütfizadə kimi dahi alimlər hadisə( yavleniya), fenomendir. Bu mənada onun nəinki Azərbaycan elminə, ümumiyyətlə, ölkəmizə aidiyyəti yoxdur. Lütfizadə bu mənada Amerika hadisəsi, Amerika fenomenidir. Yəni Amerika elm mühitinin məhsuludur. Bunun bizim ölkəmizə, yaxud Lütfizadəni böyüyüb boya-başa çatdığı İrana nə dəxli ola bilər?

Biz az  tavtalogiya olsa da  deyim ki, Lütfizadə İranda qalsaydı, yəqin ki müştəhid, Azərbaycanda yaşasaydı ən yaxşı  halda “Narxoz”un rektoru, ya da “Eldar Mahmudovdan qorxurdum” deyən rabitə naziri Əli Abbasov olacaqdı.

Nə isə, nekroloqdakı  xırda səhvi haradasa başa düşmək də olardı. Amma…

Səhər-səhər  saytlarda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, 2-ci dərəcə Dövlət müşavi Akif Əlinin rəhmətlik  Lütfizadə ilə bağlı “O fındıqbaş kişi məni maraqlandırmır” açıqlamasını oxuyanda...tələsik də olsa fikirlərimi bölüşmək qərarına gəldim.

Mən tam əminəm ki, orta səviyyəli bir filoloq olan Akif Əli Lütfizadənin elmi kəşflərini dərk etmək imkanında deyil və “fındıqbaş kişi”  deyəndə alimin başının fiziki ölçülərinin balaca olduğunu nəzərdə tutub. Bu mənada Akif  Əli şanslıdır və başının ölçülərinə görə maşallah “danabaş”dır.

İndi isə Akif Əlinin bir-iki açıqlamasına nəzər salıb onun başının içindəkilərlə tanış olaq.

Akir Əli öz şefini-Baş nazirimizi  vəsf etmək üçün yazır ki, “Artur Rəsizadə dərin ziyalı nəslinin nümayəndəsidir”.

Görəsən, ziyalının dərin-dayaz olmasını Akif Əli necə müəyyən edir?

Ümumiyyətlə, “dərin ziyalı” nə deməkdir? Dayaz ziyalı da olurmu ?

Gəlin görək Akif Əlinin “dərin ziyalı nəsli” dediyi Rəsizadələr kimlərdir?

Bu nəslin tanınmışlarından biri olan, Az.SSR Nazirlər Sovet sədrinin 1-ci müavini Şamil Rəsizadəni ötən əsrin 70-ci illərində Qazax camaatı mal kimi döyərək tövləyə salıb ağzını bağlamışdı. Çünki Şamil Rəsizadə Qazax bölgəsindəki meşələrin ermənilərə verilməsini camaata bildirmişdi. Və camaat bu rüsvayçılığa dözməyərək hökumət rəhbəri olan Rəsizadəni biabırcasına döymüşdü. Düzdür, sonradan həmin meşələr ermənilərə hədiyyə edildi.

Budur, dərin ziyalı nəslinin nümaynədəsi, cənab “danabaş” Akif Əli?

İndi keçək  rəsizadələrin digər şanlı nümayəndəsi olan Artur müəllimə.

AMİP lideri Etibar Məmmədov bir neçə il əvvəl 1990-cı ilin Yanvar qırğınını törədən sovet qoşunlarının Bakıya çağırılması ilə bağlı rəsmi sənədin Artur Rəsizadə tərəfindən imzalandığını ortaya qoydu. Bəli, sovet qoşunlarının Bakıya çağrılması ilə bağlı rəsmi sənədin altında Artur müəllimin imzası var idi.

Artur müəllimin necə baş nazir olması isə xalq arasında anekdot mövzusudur.

Hə, Akif Əli, bəlkə siyahını uzadım..?

Keçək Alik Rəsizadəyə ?

Məncə, ehtiyac yoxdur.

Sözün düzü, “fındıqbaş”  ifadəsi olmasaydı mən Akif Əliyə əl bulamağı özümə rəva  bilməzdim. Çünki bu adamın açıqlamaları, müsahibələri gövdəsi, başı-ayağı, əl-qolu olmayan, məntiqiz, rəbitəsiz söz yığınıdır.

Mən hətta Akif Əlini sonuncu açıqlamasındakı siyasi boşluqlarla da şantaj etməkdən uzağam. Onsuz da şarikovlar tapılacaq.

Qoy cəmiyyət kimin “fındıqbaş”, kimin “danabaş” olduğunu özü müəyyən etsin. 

 

  NUH.az-ın baş  redaktoru  Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib