Dərc edilib: 22-09-2017

https://www.nuh.az/12344-.html

AzTV rəhbəri ilə bağlı 4 milyon 600 minlik qalmaqal

22.09.2017 18:37:38

Kriminal

Arif Alışanovun keçmiş biznes ortağının həyat yoldaşının əmlakları onun bacısı qızının adına necə keçib?

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun biznes ortağı Şücayət Əkbərov indi ona sui-qəsd suçlaması ilə həbs olunub. 2017-ci ilin yanvarından həbsdə olan Əkbərov əmlakı ələ keçirmək məqsədiylə AzTV rəhbərini öldürməyə cəhddə və dələduzluqda ittiham edilir. İddia olunur ki, keçmiş şəriki Alışanovun 4 milyon 641 min manatını ələ keçirib.

Alışanovun şəriki ona qarşı sui-qəsd ittihamı ilə həbsxanada…


Şücayət Əkbərov isə həm Alışanovu öldürmək istəməsi, həm də onun pulunu ələ keçirməsi haqda ittihamları rədd edir. Əksinə, özünün sifarişlə həbs olunduğunu, özünə və ailəsinə məxsus əmlakın zorla əlindən alındığını bildirir.

Ş. Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova da əmlaklarının zorla əllərindən alınması ilə əlaqədar məhkəmədə iddia qaldırıb. İddiaya Nərimanov Rayon Məhkəməsində hakim Ramil Quliyev baxır. Cavabdeh qismində isə AzTV sədrinin bacısı qızı Nilüfər Cəfərova və Alışanovun işçisi Camal Nəbiyev tanınıb.

Məhkəmənin hazırlıq iclasında hakim iddianı təmin etmə tədbiri kimi, mübahisəli əmlakın (Səlimə Sadıqovanın əllərindən zorla alınaraq Alışanovun bacısı qızının mülkiyyətinə keçirildiyini iddia etdiyi əmlak) üzərinə həbs qoyulması haqda qərardad çıxarıb. Cavabdeh tərəf bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsində iddiaya baxılması apellyasiya şikayətinin nəticəsi bəlli olana qədər ertələnib.

Cavabdeh tərəfin nümayəndəsi bir sıra məhkəmə işlərində, o cümlədən telejurnalist Qulu Məhərrəmli ilə çəkişmədə şəxsən Arif Alışanovun vəkili olan Zaur Abbasovdur.

“Zorla əmlaklarım Alışanovun bacısı qızının adına keçirilib”

Səlimə Sadıqova iddia ərizəsində yazır ki, Şücayət Əkbərovla boşanandan sonra əmlakın bir hissəsi qanuni yolla ona verilib. Şücayətin həbsindən sonra Arif Alışanov onun əmlaklarını da əlindən alıb:

“Həyat yoldaşımın həbsindən bir neçə gün sonra bizi məcburi şəkildə polislə polis idarəsinə apardılar. İdarəyə notarius gəldi və mənə məcburi şəkildə Arif Alışanovun işçisi, heç vaxt tanımadığım Camal Nəbiyevin adına baş etibarnamə yazdırdılar. Məni hədə-qorxu, zorakılıqla həmin etibarnaməyə imza atmağa məcbur etdilər. Bu, 24 yanvar 2017-ci ildə oldu. Həmin etibarnamə əsasında da iki gün sonra – yanvarın 26-da mənə məxsus əmlak Arif Alışanovun bacısı qızı Nilüfər Cəfərovanın adına keçirilib. Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən, mənə məxsus 6, 5 hektar torpaq sahəsi guya ona 25 min manata satılıb. Əvvəla, rəsmi rəydən də görünür ki, bu torpaq sahəsinin dəyəri 65 min manatdır. Ən əsası, həmin müqavilə üzrə mən pul almamışam, ümumiyyətlə, bu əmlakın satılması mənim iradəmdən kənar baş verib. Fevralın 13-də isə Camal Nəbiyev Nilüfər Cəfərova ilə başqa bir alqı-satqı müqaviləsi bağlayıb. Bu dəfə Şamaxı rayonu, Nağaraxana kəndində mənə məxsus 194, 4 kvadrat metrlik evi və 0, 11 hektar torpaq sahəsi 28 min manata guya Arif Alışanovun bacısı qızının adına keçirilib. Samux şəhərində yerləşən, mənə məxsus 1.246 hektar torpaq sahəsi yenə də Nilüfər Cəfərovanın mülkiyyətinə verilib. Yenə də Samux şəhərində 0,08 hektar torpaq sahəsi və həmin ərazidə 200.6 kvadrat metrlik yaşayış evi olan əmlakım da Nilüfər Cəfərovanın mülkiyyətinə verilib”.

“Etibarnamə də, alqı-satqı müqavilələri də ləğv olunsun”

İddiaçı bildirir ki, dörd müqavilənin hamısı formal bağlanıb, əslində, həmin əmlaklar əvəzsiz olaraq, Arif Alışanovun mülkiyyətinə verilib:

“Bir daha qeyd edirəm, o əmlakları satmaq niyyətim olmayıb, onlar məndən zorla alınıb”.

Səlimə Sadıqova baş etibarnamənin ona qanunsuz yolla imzalatdırıldığını vurğulayaraq, etibarsız hesab olunmasını, onun əsasında bağlanmış alqı-satqı müqavilələrinin də ləğvini məhkəmədən xahiş edib.

Qarşı tərəf isə iddiada göstərilənlərlə razılaşmır. Bildirir ki, Sadıqova könüllü şəkildə etibarnaməni imzalayıb, əmlaklar da qanunauyğun şəkildə özgəninkiləşdirilib.

 

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib