Dərc edilib: 25-09-2017

https://www.nuh.az/12403-.html

Prezidentə kim düzgün olmayan informasiya verib ?

25.09.2017 18:39:41

Cəmiyyət

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin  Hacı Cavad məscidinin sökülməsini “özbaşına həyata keçirməsinə görə”  vəzifəsindən azad edilməsindən  3 ay keçir. Və bu günədək  başçı vəzifəsinə layiqli namizədin tapılmaması  müəyyən suallar doğurur. Doğrudanmı, başçı olmağa layiqli kadr tapılmır, yoxsa bilmədiyimiz  başqa səbəb var?


Bu sual  üzərində düşünərkən  diqqətimizi  İbrahim Mehdiyevin bir açıqlaması cəlb etdi: “Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam”.


İbrahim Mehdiyev açıq şəkildə bəyan edir ki, “mən verilən tapşırıqları həyata keçirmişəm”.

Həqiqətən də, ölkə rəhbərliyinin və  Qafqaz Müsəlmanları İdarəsinin rəisi, hörmətli şeyx Allahşükür  Paşazadənin razılığı-icazəsi  olmadan hansı icra başçısı məscidin sökülməsinə risq edə bilərdi?

Həm də söhbət məscidin söküməsindən deyil, yeni müasir məscidin tikilməsindən gedir. Deməli, məscidin sökülməsi labüd imiş və buna razılıq var imiş. Bəs, sonda nə baş verib ?

Bu suala  İbrahim Mehdiyev öz  açıqlamasında cavab verib: “ Kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib”.

 

Görəsən, ölkə başçısına düzgün informasiya verməyən mühüm vəzifə sahibi kimdir ?


Bəlkə təhsil  naziri Mikayıl Cabbarov?

Bəlkə gənclər və idman  naziri Azad Rəhimov?

Bəlkə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev?

Əlbəttə, bu sualları boş yerə vermirik. Bu vəzifəli şəxslərin məscidin sökülməsi ilə nə əlaqəsi ola bilərdi ?

Bəs sabiq icra başçısı kimi nəzərədə tutur?

Bəlkə QMİ rəisi, şeyx Allahşükür Paşazadəni?

Sualın dəqiq cavabını biz də bilmirik. Ona görə də ehtimallar üzərində baş sındırırıq. Yəqin ki, nə zamansa İbrahim Mehdiyev bu suala özü cavab verməli olacaq.

Çünki söhbət ölkə başçısına kimin düzgün olmayan informasiya verməsindən gedir. Bu çox mühüm məsələdir.

Tərəflərin mövqeyini dərc etməyə hazırıq.

 

      Kamran Məhərrəmli 


NUH informasiya agentliyi səhifəsindən çap edilib