Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12480-.html

Bakıda misli görünməmiş söküntü: “Evin girişini sökür, deyir içəri damdan gir...”

28.09.2017 19:36:33

Reportaj

Nəsimi rayonu, köhnə “çuxur” məhəlləsi kimi tanınan  2-ci Yama küçəsində dəmiryolu xəttinin yaxınlığındakı evlər sökülür.  Mayın əvvəlindən evlərin qeydiyyatına başlanılıb, sakinlərə ilin sonunadək köçmələri üçün xəbərdarlıq edilib. Amma sökülən digər ərazilərdən fərqli olaraq bu küçədə qəribə vəziyyət yaranıb, evlərdən bir neçəsinin  yalnız bir hissəsi plana düşüb. Belə ki, plana əsasən 4 otaqlı evdə yalnız bir otaq, digərində hamam, həyət və ya evin girişi sökülməlidir. Bu isə sakinləri çıxılmaz vəziyyətə salıb. Bu barədə virtualaz.org saytına sakinlər danışıblar.

Sakinlərdən Azad Nuriyev deyir ki, onun evinin girişi və bir otağı plana düşüb. “Mənə deyirlər ki, evin girişi və otaq üçün 1300 manat ödəyirik, əşyaları  boşaldın. Deyirəm ki, evin bir hissəsi sökülərkən digər otaqlar da yaşayış üçün yararsız olacaq. Bundan başqa həyət plana düşür, giriş qapısı götürülür, bəs mən evə necə girəcəyəm? Nümayəndə deyir ki, istəyirsiz damdan yol aç, o problem artıq bizi maraqlandırmır”, -şikayətçi söyləyir.

Digər şikayətçi isə deyir ki, onun hamamı plana düşüb, məsləhət görüblər ki, sökülən hamamın əvəzinə otaqların birini hamam etsin: “İndiyədək belə söküntü görünməyib, mənim evin girəcəyindəki hamamı sökmək istəyirlər. Deyirlər ki, yalnız bu ərazi plana düşüb, köçüb-köçməyəcəyiniz bizi maraqlandırmır. Biz də nə evdən köçmək, nə də hamamın sökülməsinə razılıq vermirik”.

Xətai istiqamətindən Dəmiryolu Vağzalına doğru yeni yol tikilib. Yolun hər iki tərəfində- dəmiryolu xəttinin ətrafında evlər var. Bəzi evlərlə dəmiryolu xətti arasında məsafə 2 metrdən azdır. Bu xətt üzrə vaqonlar yalnız bir istiqamətə-Bakı Vaqon Təmiri zavoduna gedirlər. İlkin mərhələdə yola yaxın yerləşən evlər köçürülür. Sakinlərin sözlərinə görə, küçənin köçürülməsi ilə “Azəravtoyol” ASC məşğul olur.

“Deyirlər ki, sökülən evlərin yerində yol çəkiləcək. Ancaq inandırıcı deyil, çünki Xətaidən dəmiryolu vağzalına birbaşa gedən yeni yol istifadəyə verilib. Yolun genişləndirilməsi nəzərdə tutulubsa, bütün küçəni sökmək lazım gəlir. Bizim küçə ilə metronun “28 may” stansiyası arasında  6-7 dəqiqəlik məsafə  var. Görünür yeni binalar tikiləcək”, -sakinlərdən biri əlavə edir.   

Sökülən evlərin ümumi sahəsinin hesablanması və ödənilən kompensasiya da narazılığa səbəb olub.  Əslən Dağıstandan olan 70 yaşlı Amirova deyir ki, 40 ilə yaxın dəmiryolu sahəsində çalışıb: “Evin içindəki hamam, tualet, mətbəxt 400 manatdan hesablanır. Qonşuluqda yaşayan, 30 il dəmiryolu sahəsində çalışanlara cəmi 26 min manat koçpensasiya verdilər. Bu pul ilə heç yerdə ev almaq mümkün deyil”.

Sakinlər dəhlüz üçün 200, otaqlar üçün 1300 manatdan kompensasiya ödənildiyini, bəzi sakinlərin məcburiyyət qarşısında köçməyə razılıq verdiyini deyirlər. “Qonşuluqdakı evi sökürlər, bu evin də köçməkdən başqa çarəsi qalmır. Ödənilən pula Bakıətrafı qəsəbələrdən sənədsiz ev tapmaq mümkün olmur”, -narazı sakin söyləyir.

Anar adlı sakin isə deyir ki, küçədə 100-ə yaxın ev var, heç bir evin isə sənədi yoxdur. 1970-ci ildən indiyədək bu küçədə yaşayanlar belə evlərinə görə sənəd ala bilməyiblər. Amma kommunal xidmətləri vaxtlı-vaxtında ödəyiblər.

Qeyd edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədirlər. Onlar sakinlərin narazılığını dinləyirlər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib