Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12573-.html

Əliyevlə xanımı təndir çörəyi yedi - Maraqlı fotolar

03.10.2017 15:44:58

Siyasət

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.


"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı öncə bərpa olunan məscidin axundu Nəbi İsgəndərov ilə söhbət edib.

 

Axund Nəbi İsgəndərov: Möhtərəm cənab Prezident, bizim Dəmirçi kəndinə xoş gəlmisiniz! Bizim bu məscidin keçmiş forması belə olub. Yəni, uzun illər ibadətə yararsız olub, ibadət edə bilməmişik. Sizin sayənizdə bu məscidi bugünkü vəziyyətə gətirib bizim istifadəmizə veriblər. Biz Sizdən çox razıyıq, Allah Sizi, ailənizi qorusun. Çox sağ olun ki, bizə bu məsciddə belə gözəl şərait yaratdınız.


Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim tarixi abidəmiz, tarixi irsimizdir, qədim məsciddir. Mənə məlumat verilib ki, bu məscid 755-ci ildə tikilib, ölkəmizin və müsəlman aləminin ən qədim məscidlərindən biridir. Bilirsiniz ki, Azərbaycanda bütün tarixi abidələr, məscidlər bərpa edilir, əsaslı təmir olunur, yeni məscidlər tikilir. Onların arasında əlbəttə ki, Şamaxı Cümə Məscidi xüsusi yer tutur. Çünki bu, ölkəmizin ən qədim məscididir və bir neçə il bundan əvvəl biz bu məscidin yenidən qurulmasını təmin etdik. Məscid yenidən bərpa olundu, əlavə binalar tikildi. Yəni, Şamaxı Cümə Məscidi tam şəkildə əsaslı təmir olunmuşdur və demək olar ki, məscidin böyük bir hissəsi yenidən qurulmuşdur.

Şamaxı rayonunda tarixi-dini abidələr çoxdur, onlardan biri də təbii ki, bu məsciddir. Ona görə əlbəttə, bizim borcumuz idi ki, bu qədim tarixi-dini abidəni bərpa edək, qapılarını dindarların üzünə açaq. Çox şadam ki, biz buna nail ola bilmişik. Bu, məscidin köhnə şəkilləridir, demək olar ki, burada ibadət etmək qeyri-mümkün idi. İndi isə biz məscidi bərpa etmişik. Bərpa zamanı qədim daşlardan istifadə olunub, yəni, məscidin tarixi görkəmi tam qorunub. Bu, təkcə sizin kənd üçün, Şamaxı üçün yox, bütün Azərbaycan, bütün müsəlman aləmi üçün çox əlamətdar hadisədir. Xüsusilə də bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bax, bu gözəl tarixi-dini abidəni biz bu il istifadəyə veririk.

 

Axund Nəbi İsgəndərov: Bu Məhərrəm ayında bizə belə gözəl hədiyyəni etdiyinizə görə Sizə bir daha təşəkkür edirik, bunun savabı hər şeydən üstündür. Biz bilirik ki, Siz də, ailəniz də dinə, Allaha bağlı insanlarsınız. İcazə verin, Sizə müqəddəs “Qurani Kərim” kitabını hədiyyə edək. Allah Sizdən razı olsun. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.


Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edildi.

 

Prezident İlham Əliyev: Çox sağ olun. Dəmirçi kəndinə də yol çəkilib. Xoşunuza gəlir? İşıq, qaz, su, indi rahat yol, körpü.


Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, saymaqla qurtaran deyil, biz sadalamadıq ki, vaxtınızı alarıq.

 

Prezident İlham Əliyev: Buradan da Lahıca qədər yol çəkiləcək. Sizin Lahıcda da qohumlarınız yaşayır, indi onlara tez-tez baş çəkərsiniz.

Axund Nəbi İsgəndərov: Lahıca getmək üçün 70-80 kilometr yol qət edirdik. İndi 20 kilometr gedəcəyik. Bu, Sizin sayənizdə olacaq.

Prezident İlham Əliyev: Mən tapşırıq vermişəm, bu il işlər başlayacaq və yol gələn il istifadəyə veriləcək. Beləliklə, Dəmirçi kəndinə maraq böyük olacaq, turistlər gələcək. Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Bu, həm yeni iş yerləri, həm də dolanışığın yaxşılaşması deməkdir. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd və onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar. Bax, Azərbaycanın gözəlliyi və qüdrəti bundan ibarətdir.

Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, bunlar hamısı Sizin sayənizdə mümkün olub. Biz Sizdən çox razıyıq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra isti təndir çörəyinə qonaq olublar.

 

 











 

NUH informasiya agentliyi səhifəsindən çap edilib