Dərc edilib: 05-10-2017

https://www.nuh.az/12617-.html

Qoca Məcnun... Rafiq Tağı

05.10.2017 18:40:37

Mədəniyyət

 

Qoca Məcnun | Rafiq Tağı

AZƏRBAYCAN ƏDƏBIYYATI  25 may 2016, 01:14

 

Onu öz adıyla yox, Məcnun kimi tanıyırlar. “Tanıyırlar” demək bəlkə düz çıxmaz da; millət Məcnunu tanıyır, bir vaxt onu səhnədə təcəssüm etdirmiş birisi kimi də bunu.

Hüsnü həyatda qocaldıqca, teleekranlarda da qocalır, yaxşı kontrastlı televizorlarda üzü və boynundakı durğun venoz kapillyarlar aydınca görsənirdi.

Elə bir vaxt gəlib çatdı ki, daha onun qoca simasını Məcnundakı cavan çöhrəsiylə heç cür uzlaşdıra bilmədilər. Getdikcə də subtitrlərdə ismini oxuyub Hüsnü bildikləri adamın keçmiş Məcnun olduğunun fərqinə varmırdılar. 

Ondan sonrakı məcnunlarla onun Məcnunu qarışıb surroqata çevrilmişdi.

Deyən, get-gedə Hüsnünün Məcnunu ancaq beş-üç opera mütəxəssisinə tanış gələcək.

İnsanlarda məcnunların analizinə vaxt hardandı.

Respublika miqyaslı şöhrəti həmin beş-üç mütəxəssis səviyyəsinəcən balacalaşacaq.

Yaşlaşdıqca da Hüsnünün burnu Gədəbəy kartofu şəklini alırdı. Uşaqlıqdan böyrü üstə yatmağı xoşladığından, uzun qulaqları nazilib qartımış, şəklənib gicgahlarına paralel durmuşdular. Cavanlıqda şəkil kimi bir oğlan — yetmişində bu günə qalıbsa, gör hələ gənclikdə meymuna oxşamış Qeys qocalardısa, nə sifət alacaqmış. Vallah, adam meymundan o yanasını təsəvvür etmir.

Hüsnünün ekranlarda görünməsi artıq ayıb bir şeyə çevrilirdi. “Bizim keçmiş Məcnun it sifəti almağa başlayır”, teatr əməkdaşları onu barmaqla göstərib gülüşürmüşlər. Bəzi TV rəhbərləri radikal addımlar atmağa başladı:

Füzuli və Üzeyirin Məcnununa xələl gəlməsin deyə, həm də respublikada bu obraza nifrət oyatmamaq naminə, bu kişini ekranlardan rədd etmək qərara alındı. Həvəsdi-bəsdi.

Bunun nazıyla nə qədər oynamaq olar. Həftə səkkiz, mən doqquz ondan müsahibə götürməyə nə lüzum var.

Dediklərini otuz il qabaq deyb. Məcnunu yaratmaqla qəhrəmanlıqmı edib? Həm də axı, o yaratmayıb Məcnunu. Sağlığını görüm, Məcnun ona qədər var idi; olsa-olsa bu, rola girib. Elə san palçığı qəlibə tökübsən. Bir də ki, oynayıb, təşəkkürlər. Ancaq heç kəsə minnət qoymasın.

 Dövlət qulluğunda işini görüb: maaşı maaş olub, qonorarı da qonorar. Rolu filmoteka rəflərində, adı arxiv sənədlərində, daha nə istəyir. Bəlkə dalımıza da mindirək? Bəlkə heykəl keçir könlündən? İnşallah, ölsün, onu da edərik. Al gəldi, göyərçin zılından heykəl necədi səninçün?

Teleşirkətlərin praqmatik rəhbərləri bir az da uzağa gedib, onu müəllim, həkim, hətta çobanla müqayisə etdilər. Niyə onlar abrına qısılıb, pensiya ilə kifayətlənməli, bu həpənd isə daim ortada yeyib, ucda gəzməlidir? Axı, niyə?

Bu kişi ömrü boyu Məcnundan sui-istifadə etdi. Qara yola, qara saata yaxşı zəngulə vuraydı. Gənclikdə vurduğu şirin zəngulələr respublika ictimaiyyətini işə salmış oldu. Ölkəyə baha oturdu bu. Bir dəfə ekrandaca öz diliylə istədi, ona Prezident təqaüdü də kəsdilər. Beləsinə üz versən, astar istəyəcək. Barmaq göstərəcəksən, biləyindən yapışacaq. Zənguləyə qalsa, cəh-cəh vuran sərçələrin də hər biri Prezident təqaüdünə düşməlidir.

Stop! Dur! Ekranlardan dilənçilik yığışdırılsın!

Prezident köməkçisinin bircə həftə sonrakı amiranə tövsiyələri yerinə düşdü.

...Məcnun özü tez ölməyə can atırdısa, onu oynayan Hüsnü gec ölməyə çalışır.

Hüsnü Məcnunun məhəbbətini şöhrətə çevirə-çevirə yaşayırdı. Bu adam məhəbbəti şöhrətə çevirən iksiri tanıyırmış.

Məcnunda məhəbbət vardı, şöhrət yoxdu, bundasa şöhrət var, məhəbbət yox. Məcnun şöhrəti dərk etməyib, Hüsnü məhəbbəti anlamır.

Ata-anası Hüsnünü Opera və Balet Teatrında Məcnunu təzə-təzə oynadığı çağlarda evləndirmişdi. Gəlin, onu çidarlayaq, deyib də, çidarlamışdılar. Öz kənd qızları olan bir müəllimə ilə. Qeys Leylini məktəbdə görüb sevmişdi, bu da gedib Rəbiyyəti məktəbdə gördü… və sevmədi. Ancaq iri döşlərindən keçə bilməyib, ona evləndi.

Leyli ağlağan, Rəbiyyət — güləyən. Rəbiyyət Leylidən dilli, həm də ətli-canlı idi. Hüsnü səhnədə nərmə-nazik Leylinin məcnunuydusa, həyatda əksinə, bu cür əndamlı xanımların ölüsüydü. Rəbiyyət kök-kötməcə olmasaydı, inan, bu onu bəyənməyəcəkdi. Məcnun həqiqətən səfeh imiş; axı, Leylidə nə can vardı ki, hələ onun dərdindən də divanə olaydın. Hazır “silotka”, ikilik taxta. Leylidə məmə deyilən şey olmayıb.

Sevgi idealı axtarışlarında yalanlar məqbul bilinir.

Hüsnü özlüyündə ideal axtarmırdı; düşdüyü dairə onu bu işə avtomatik sövq edirdi.

Teatrlarda ideal kor-koranə, sxematik tərzdə yaradılır.

Hüsnü özü, elə Rəbiyyət də, bir qram sevgi əziyyəti çəkmədilər. El adətləri sevgi əzablarını istisna etdi.

Rəbiyyət televizorda ”Leyli-Məcnun”u hər görəndə, Leylinin dalısınca deyinər: ay köpək qızı, səni İbni-Səlama verirdilər, niyə getmədin! Sənnən mən, elə san arvad arvadnan, danışıram — gərək elə pak adını bədnam edəydin? Yoxsa eşq aləmə faş ediləndə, daha dadlı olur? Bu Qeysin əzəldən vinti çatmayıb. Qəlbində sevgi mehi əsən kimi beyninin qurdları tərpənib. Bəyəm bu yaxşı hərəkətdi ki, XX əsr boyu sənin adından matişgələrə bənzər arvadlar peyda oldu, camaatın gözü qarşısında yad-yad kişilərə eşq oxudular? Günü bu gün də oxuyurlar, Yer kürəsi dağılıb toz, ya qəlpələr halında kainata səpələnməsə, gələcəkdə də oxuyacaqlar. Əslinə qalsa, qadının məhəbbətini bir eşşək oğlu, bir eşşək qızı bilməsin gərək. Eşq simsiz teleqraf kimi yayılan olur.

Eşq əfsanələri dedi-qodudan başqa bir şey deyil.

Məhəbbəti opera-balet alverinə çevirməzlər.

Rəbiyyətin bu xasiyyəti Hüsnüyə xoş gəlirdi. Hələ bir Hüsnünün sözünə bax, “sərfəli xasiyyətdi”, deyir. Eşitdiyinə görə, bu cəmiyyətdə əsas şey namusdur. Qız balasının erkəklər qarşısında hansı qoduğasa “yandım-yandım” deyib də, ağlayıb-sıtqamasını heç bir ata götürməz. Nəsə, hörmətli klassiklər burasını düşünməyib.

“Qızlarım Leyli kimi olsa, mən onları güllələyərəm” (yalandan), gör bunu kim deyir — səhnədə Leyliyə mütəmadi eşq oxumuş Hüsnü. Yaxşıdı ki, Rəbiyyət uşaqlara bir müəllimə kimi, pedaqoji üsullarla, tərbiyə verdi. Həm də bunların ailəsi Hüsnünün dilindən teatr həyatını izləyə bilmiş, qiyabi surətdə ordakı naqis cəhətləri görmüşdülər.

Fundamental tərbiyə iyrənclikləri görəndən sonra başlayır.

Rəbiyyətin fikrincə, təlim-tərbiyə işində atalar nəzərə alınmamalıdı. Bu atalar ki var, onlara hər cür avaraçılıq yaraşır. Hətta gəzəyənlik, arvadbazlıq da. Düzdü, arvadbazlıq hardasa kişiyə şərafət də gətirir. Arvadbaza ərə gedən qız heç olmasa buna arxayın olur ki, o, xonsa deyil. Hüsnü evdə gicbəsər adlandırdığı Məcnunu səhnədə az qala müqəddəs kimi təbliğ edir, qoy etsin, öz işidir. Evdə bəzən dili dolaşıb adına nalayiq sözlər işlətdiyi Leylini səhnədə az qala mələk adlandırır, yenə özü bilər. Təki o, oğul-qız tərbiyəsinə burun soxmasın.

Rəbiyyət:

“Qızlarım, qızıllarım, teatrda oğlan və qızın sevişməsi uydurmadır. Belə şeylər həyati deyil. Teatr biznes və şöhrət mənbələrindən biridir. Orda məram bic-bic şeylərdir ki, bunu da gic-gic şeylərlə həyata keçirirlər. Ancaq hələ dinməyin (onsuz qızlar dinmirdi), bizim çörəyimiz də indilikdə atanızın teatrdakı bambılı hərəkətlərindən çıxır. Bə bu məhəbbət dastanından buxaq bağlamamıışıqmı?”

Rəbiyyət qızlarının döşlü-başlı olmalarından qürur duyurdu. Əmin-arxayındı da ki, onlar onun özü kimi yurdda qalmayacaq. Evlənmək işində məhəbbətə nisbətdə bədən quruluşunun rolu daha böyükdür. Əndam qabarıq şeydir və məhəbbətdən həmişə üstündür. Kişiyə titrək budlar, fincanabənzər göbək lazımdır, lirika yox. Lirika aldadıb məqsədə çatmaq üçün bir vasitədir. Elə Hüsnü də onunla erotik illüziyalar əsasında ailə qurmuşdu.

Rəbiyyət:

— Hə, ay evimin çiçəkləri, indi bildinizmi ki, Leyli-Məcnun nağılına uymadan həyat qurmaq daha vacibdir? Nağıllara inanan tez uduzar.

— Bəlkə daha nağıl kitabları oxumayaq? — balaca qızı bunu soruşanda, ana susdu. Deyəsən, söylədiklərinin heç də hamısı həzm olunmurdu.

Rəbiyyət bu minvalla bir cüt qızını namuslu böyütdü. Ta ər evində nə olacaq, nə olmayacaq, onluq deyil.

Hüsnü namus işlərinə qarışmırdı. Bundan həm bir o qədər başı çıxmır, həm də namus ona darıxdırıcı gəlirdi.

Rəbiyyət bir gün xəyalına gətirəsi ki, bəlkə də kişisi qastrollarda leylilərlə çimdikləşib-mazaqlaşır. Olsun ki, hansı leylidənsə dölbeçəsi də var. Şeytan bu fikri beyninə salalı, o, ər deyilən məxluqa yanaşmadı. Bir o qalıb ki, leylilərin zöhrəvi xəstəliklərinə yoluxum, deyirdi. Rəbiyyət məhz ərinin leylilərlə ünsiyyətinə görə ondan çimçəşirdi. Çimçəşməyə başqa səbəb Hüsnünün daim tər qarışıq ətir qoxusu saçması idi.

Rəbiyyət ərinə möhkəm dərs verməyi qocalığa saxlamışdı.

Hüsnü səhnə həyatı boyu neçə-neçə leylilər gördü. Tərəf-müqabillərinin hamısı da əvvəl çöp kimi, sonra at Balaxanım. Birisi vardı, zalın gözü qarşısındaca ona eşq oxuyur, pərdə arxasına keçən kimi rejissorun qucağına atılırdı. Çariçə Yekaterinaya bənzər “beşenaya matka” idi. Rejissor da onu görər-görməz, kresloda tez özünü aşağı sürüşdürür, müvafiq bir seks pozası alırdı. Əməkdaşlar hörmət mənasında dinməzdi. Həm də burda milli əxlaqı yada salmaq yersizdi. Yada salarsan, qalarsan havada. Bu saat qardaş qardaşa bir qəpik vermir. Çörək qabaqlarını kəsirdi. Ölkədə cəmi bir Opera-Balet teatrı var, ordan çıxdınsa, sənətin də itəcək. Tısbağanı ya öldürdün, ya arxası üstə çevirdin, eyni şeydi.

 

Əslində bu teatrda heç kəs milli xüsusiyyətlərin keşiyində durmağa özünü məsul saymırdı. Kim ağrımayan başına yaş dəsmal sarıyar: dilləndinsə, dərhal mədəniyyətsiz, kəndçi, “çuşka” ləqəbləriylə təltif olunacaqsan.

 

Hüsnü rejissorla alqışa oxşar incə zarafatlar edərdi.

— Aqşin Quseynoviç, siz Leylini əlimdən aldız ki.

— Məcnun maymaqdı, mən neynim.

— Mən bir o qədər maymaq deyiləm.

— Qeysi deyirəm.

— … Bir arvaddan ötrü mən durub ayıb-ayıb sizə irad tutmalıyam ki? Bəlkə duelə çağırmalıyam sizi?

— Leyli yalnız “za kulisom” mənim ola bilər. Səhnədə — polnı sənindir.

— Maşallah, səhnə də nə — monastır kimi bir yer, — Leyli bunu deyib, Aqşin Quseynoviçin sol yanağından bir maç götürdü.

— Bu əsəri mən yazmamışam. Tak şto… Yazmazdım da.

— Əsəri tamaşaya qoymaq elə yazmağın tayı deyil? — bu yenə Leyli.

— “Leyli-Məcnun” az qala himn kimi dövlət atributu sayılır. Biz bu tamaşaya məhkumuq. Ağzımız nədi, cəzə-fəzə edək.

 

— ...Ədə, ayaqlarında psoriaz var, səhnədə nəbada mənə yaxın durasan, — birdən Leyli Hüsnünü yadına salıb, ona sarı çöndü.

— Psoriaz keçici deyil, — bunu deyən rejissordu.

— Yox, mən çimçəşirəm.

— Qorxma, sənnən beş metr aralıdan ulaşarıq.

 

Rejissor:

— Sən zəngulələrə ulaşma deyirsən, eləmi? Yaşca da məndən böyüksən, başqa sözüm

yox: prosto, ayıb olsun.

 

Leyli:

— “Leyli-Məcnun” bir cəhətcə yaxşıdı ki, öpüşmə-qucaqlaşma səhnələri yoxdur.

 

Rejissor:

— Həri, “Leyli-Məcnun” gigiyenikdir, — rejissor sağ əlini qucağındakı Leylinin sağ, sol əlini də sol döşü üzərinə qoydu.

 

Hüsnü:

— Buranın rejissoru mən olsaydım, hətta psoriazlı yerlərimi də öpüşə qərq edəcəkdin.

 

Leyli:

— Yenə xəbisliyi tutdu. Bunun buynuzları qarnındadır.

 

Rejissor:

— Kinli olmayın. Bunlar bir zarafatdı. Davay, tərpənin, orkestr ikinci pərdəni başlayıb.

— Yaxşı.

— Oldu.

 

Barışdılar.

“Bunlar gedib əsəb gərginliyi içində bir-birinə necə eşq oxuyacaq?”

 

Başqalarıyla eşq yapmağı ərli leylilər belə həmişə özünə borc bilib. Bu onlarda müasirlik və mədənilik əlaməti sayılır. Onlar avropalılığı bunda görür. Guya İtaliyada da belədir, Moskvada da.

 

Kostyolu xatırladan bu Bakı teatrında məşuqu olmayan aktrisanı hamı xorla “siniy çulok” adlandırır.

 

Hüsnü tərbiyəsiz leyliləri qınamır da. Qız xeylağı Leyli olana qədər saf və təmiz qala bilməz. Bir-ikisi hətta sonra şortuya çevrildi. İçən kimi istənilən kişinin altına yıxılırdılar. Leylini bomjun altında təsəvvür edərsinizmi? Bax, elə.

 

Hüsnü səhnədə məcnunu olduğu leylilərə həyatda nifrət edirdi. Səhnədə onlara məhəbbəti nifrətlər içindən sızdırmaqla çatdırırdı. Məhz ona görə də illər keçdikcə, onun Məcnun rolu zəif alınırdı. Formal-patetik bir şey. Quru bağırtı. Həzin musiqi və yuxudan durğuzsan belə əzbər deyəcəyi sözlər onu Məcnuna oxşadırdısa da, qəlbi şam kimi sönməyə başlamışdı. Axı, doğrudan da, nəyə lazımdı bu oyunbazlıq...

 

Hüsnü özünün səhnə məcnunluğunu mütrüblüyə tay tuturdu.

Burası qaranlıq qalır, necə olub ki, Üzeyir bəy də bu şeylərə getməyi özünə rəva görüb.

Hə, səsinin tembrinə görə onu bir az da səhnədə saxlayıb, mədəni şəkildə dalından dəydilər. Amma leylilərə inanan vaxtlarında onun məcnunluğundan olmazdı.

 

Onda hər şey ürəkdən gəlirdi. İnam itdikcə, rol quru alınır, getdikcə də hamı bunu görürdü. Əslində onu teatrdan yox, Məcnunluq “iş”indən çıxardılar. Bəhanə bu oldu ki, qarın bağlayıb. Məcnunla qarın tutmur. Guya tamaşaçı Məcnunda qarını anlamaz. Onsuz elə leylilər də kökəldikcə çıxdaş olurdular. Səhnədə gonbul Leyli kimə lazımdı? Bir balaca uğurdan leylilərin də başı gicəllənir, havayı məclislərdə basıb yeyir, şişib şara dönürdülər. O, leylilərin hamısını acgöz gördü. Qarınları doyurdusa da, gözləri doymurdu.

 

Opera-balet səhnəsində sənətkarlıqdan çox, bədən fiqurası vacib bilinir.

 

Qarını bəlkə də düz deyirmişlər. Hüsnü gecdən-gec bütün günahları özündə görür: bir göbəkləsə bacarammadı. Göbək onun teatr karyerasına nöqtə oldu. Bəli, nəfsi ona güc gəldi. Həyat fəlsəfəsini siftədən düz qurmadı, dünya beş gündür, beşi də qara, dedi. Guya insana yemək-içmək qalacaq. Bir də yatdığı-gəzdiyi qadınlar; onların Leyli ifaçıları olmaması şərtiylə.

 

Teatrdan tamam atmadılar ki: hərdən ona padşah, ya xan obrazı verirdilər. Kütləvi səhnələrdəsə həmişə vardı. Bəzən kütlənin içindən tamaşaçılara qandırıcı təbəssümlər səyirdir: ha tapın, görüm tanıycaqsız məni? Bu mənəm, Məcnun. İnsafən, tanıyanlar olurdu. Tamaşaların birində dodaqları qıpqırmızı boyalı bir qadın kəpənək uçururmuş kimi ona öpücüklər yollamışdı. O bu öpücüklər həvəsinə artıq kütləvi səhnələri xoşlayırdı da.

 

Kütləvi səhnələrdən zala, sanki o dünyadan bu dünyaya, baxırdı.

Rejissordan da çoxdankı tanış kimi ərkyana elə rollar istəyərdi ki, onun tərəf-müqabillərində iyrənclik görməsin. Aktrisalar nəcib ailələrdən çıxmış olsun. Rejissor bir dəfə ona qabarası: sənə aristokrat ailəni hardan tapaq? Bə elə bu “suçkalar” da özlərini aristokrat ailədən saymırmı?

 

Hüsnü: yox da, hörmətli rejissor, bu məndən asılı deyil, tərəf-müqabilimdə bir iyrənclik görən kimi rolum zəif alınır. Rejissor: artist hər iyrəncliyə öyrəşməli və buna dözməlidir. Hüsnü: mən opera artisti kimi güclü ola-ola, get-gedə zəifləyirəm.

 

Gərək bu sizi də maraqlandırsın, narahat etsin. Rejissor: mənə dərs verməyə ehtiyac yoxdur. Ancaq sabahı gün də o, tərif məqsədilə Hüsnünün bu ağıryana sözlərini ümumi iclasda səsləndirdi. Yox, dilində daim kobud sözlər bitirsə də, kollektivdə hamıdan həssas və mədəni, həm də arif adam elə yenə o idi. İclasda dedi, ay millət, onsuz biz hamımız az, ya çox dərəcədə iyrəncik. Bizim bir-birimizdən fərqimiz iyrəncliyimizin az-çoxluğundadır. Bilirəm, insan cəmiyyətində başqa cür olmaq mümkünsüzdür. Onda barı gəlin bunu gizlətməyi bacaraq. Mədəniyyət iyrənclikləri gizlətmək dərəcəsində üzə çıxır. Baxın ha, yoxsa rollar get-gedə hamıda zəif alınacaq (bay, rejissor Hüsnünün sözünü birbaşa işlətdi).

 

Rolların ideal alınması üçün mən bütün əməkdaşlarımızı əxlaqa dəvət edirəm. Leylilərə də məsləhətim budu ki, publiçni qucağımda oturmasınlar. Bura teatrdı. Priton deyil. Teatr məbəd sayılır. İş işdi, istirahət — istirahət. İstirahət vaxtı… lap… İndi demişdim.

Leyli:

 

— De, qurban olum.

— ...lap get minet elə. Kimin buna nə sözü olar. Şəxsi həyat toxunulmazdır.

Dədənin evi yıxılmasın, bu, qaş düzəltdiyi yerdə vurub gözü çıxartdı ki.

— Kaneşno, mənim bu axırıncı sözüm hamıya aid deyil.

 

Leyli:

— Aid olanda nə olar! Xəncərimizin qaşı düşəcək? Biz burda bir ailəyik.

 

İnsaf dinin yarısıdır, bütün sənətşünaslar, opera rejissorları Hüsnünün ilk Məcnun rolunu müsbət dəyərləndirirdilər. Hətta o rolu “klassika” adlandıranlar vardı. Onun iştirak etdiyi tamaşa qızıl fonda salınmışdı. Xahiş-minnətə ehtiyac yox, ən çox Üzeyir Hacıbəyovla Füzulinin yubileylərində, bir də müharibələrarası bayramlarda, o lenti ekranlarda fırladırdılar. Deməmişdən.

 

O lentdə Leyli rolunu oynayan aktrisa da elə obraza uyğun ülvi görsənirdi. Paxırı sonra açıldı.

 

Hüsnünün şöhrəti qızıl fonddakı tilsim sındıqca genişlənirdi.

 

O, ilk Leyliyə tam bir il inanmışdı. Ərli olmasaydı, özü də ona vurulacaqmış. “Biz azərbaycanlıyıq”, deyib də, içində ona dair sevgilərə yasaq qoymuşdu. Bir gün xəbər yayılası ki, o, ərini atıb, yarıcuhud birisiylə qaçıb. Qaçıb deyəndə, hara qaçır, yenə teatrda idi.

 

Bakıdaca pis evdən yaxşı evə köçmüş, yatdığı pulsuz kişini pulluya dəyişmişdi. Kişinin kişidən fərqi pulunun az-çoxluğundadır. (O belə sözlərlə rejissorunu yamsılayardı). “Çlen” barədə kişilərdə köklü fərq görməzsən.

 

“Pullu” deyilən şəxs varlı-karlı bir tamaşaçı imiş.

 

Leylinin keçmiş əri də müasir insan: qeyrəti yox dərəcəsində. O, müasirliyi qeyrətin yoxluğunda görürdü. Qeyrət hardasa insana mane olan şeydir. Burdan gedib Moskvada, bir az da İstanbulda alababat oxuyub gələnəcən bu şey onda qeybə çəkilmişdi. Gedib arvadı tapıb, qarnına bıçaq soxası deyildi ki.

 

Bu, təmiz vəhşilik olardı. Arkadaşlar, sevgi azaddır. Üstəlik də, baxın, bəyəm o, Məcnuna oxşayır, bəyəm onun üz-gözündə səfehlik-zad yazılıb?

 

Bayan azlığımıdır bu məmləkətdə? Gedib, “nu, podumayeş”. Zatən, kadın kedi kimi bir şey. Həm də kişinin kişini anlaması gərəkir. Tamam. Nəyə lazımdı onunla “jit, kak koşka s sobakoy”? Hələ orasını demir ki, sevgilisi Leylini oynayan birisi, gün axşamacan eşq məşqləri keçərdi. Məşğələləri hər zaman başdan aşıb. Yani onda eşq vərdişləri güclü olub.

 

İllər boyu fonddakı lent ekranlarda fırlandıqca, hər dəfə o həm tamaşaya təzədən baxıb, həm də nəzəri cəhətcə artan şöhrətini duyub. Axırda da, çay qabağında soyuya-soyuya, düşünəsi olub: vallah, arada-bərədə bir şey yox. Bu şöhrət ona yalandan gəlir. Ondan veriliş hazırlayan jurnalistlər də elə bilir burda nəsə var.

 

Şöhrətli insan — heç nə...

Getdikcə xəstəlik siqnalları ona hazırlaşmağı diktə edirdi. Artıq böyük bir infarktı qeydiyyatından keçmişdi də. Yeriyəndə ləhləyir. ...Arvad da onun kimi. Onun bədəni iki-üç cərrahi əməliyyatla bəzənib. Öd kisəsiylə soxulcanabənzər çıxıntısı götürülüb. Axırda qadın üzvlərini də köklü-köməcli rədd elədilər: bir az həyasız olsa da, adamın ona yazığı gəlirdi, manekenmiş kimi əli-üzü bumbuz idi. Hankı böyrü üstə də uzanır, qarnı su dolu tuluq kimi o səmtə əyilir.

 

Oturanda köhnə kosaraya bənzəyir.

 

Rəbiyyət tək bir övladları sarıdan arxayındı. Qızları Leyliyə bənzəməmişdi, əsas budur. Çətinlik ailə quranacandı; namusun sonrakı mərhələsi ərin boynunda qalır.

 

Nədənsə, o, qızlarının həyatında sədaqətsizlik, murdarçılıq ehtimalından da nigarandı. Ataları artistdi deyə, bu barədə şübhələri əskilmirdi.

 

Oğlanları, daim subay yaşayacaqmışlar kimi, Rusyətdə. Biz iki qardaş, onlar deyirmiş, Rusiyanın iki paytaxtını da zəbt eləmişik, Onları ailədən də, Azərbaycandan da atalarının məcnunluğu çiyrindirdi. Onsuz da Qeysi kişi saymırdılar, bu heç. Görün, kişi də qızdan ötrü dəli olar? Amma ataları da utanmır, bu “petux”un surətini yaradır.

 

Kişi atağan-vurağan, vurub-yıxan, basıb-kəsən olmalıdır; durub zar-zar ağlamalı, göz yaşlarını seylan etməli deyil. Özü də sən hansı həqiqəti və kiminlə üzə çıxarmaq fikrindəsən: qəlbi çirkin, üzü göyçək leylilərləmi?

 

Onlar “Leyli-Məcnun”u vur-tut bir dəfə, uşaqlıqda əl-ələ tutuzdurub, gələcəkdə mədəni olmaları üçün məcburi “Opera”ya aparılanda, görmüşdülər. Odu-budu, bu tamaşaya “kres” qoydular. Atalarını Məcnun qiyafəsində görəndə, az qalmışdı bunlar özü dəli ola, ölüb yerə girələr.

 

Alə, ac ol, kişi ol. Zəhərə dönsün o yolla qazanılan çörək.

 

Böyük Moskvada metallurq idi, kiçik — Sankt-Peterburqda dəmiryolçu. İşləri düz gətirməsə, ikisi də “taksovatlığ”ı gözaltı eləmişdi.

 

Bir gün Bakıdan gedən birisi böyüyə deyəndə ki, malades, atan xalq artistidir, bu deyib, nə olsun.

 

...Artıq jurnalistlər də Hüsnünü yada salmır. Demək, nanay-nanay qurtarıb. Sən demə, şöhrəti artmaq əvəzinə, azalırmış. Get-gedə də Hüsnü özündən sonrakı leyli və məcnunlara biganə olurdu. Kimlərdi onlar? Kim “tapş”la Məcnun, kim “papış”la Leyli olub? Orda kim kimi altına basır, kim kimə sifilis yoluxdurur, bəlli deyil. Kim ərini, kim arvadını, özü də neçə dəfə, dəyişib? Bu cür yerdəyişmələr teatrda daimidir.

Daha evdə oturur. Amma işləyən vaxtları maraqlı imiş. Orda hərdən hamının boşandığı dövrlər olurdu: o boyda teatrda nə bir arvadın — rəsmi kişisi, nə də bir kişinin — rəsmi arvadı.

 

Orda belə hadisələr “Leyli və Məcnun”dan daha maraqlı idi.

 

İndi olanlar, qarşıdakı, hətta gələn əsrlərdəki yalanlar da ona indidən bəlli.

 

Yalanın keçmişi və gələcəyi bir almanın iki üzü kimi oxşar olur.

 

“Leyli və Məcnun” dünyanın ən uğurlu yalanlarındandı.

 

***

“Gerçəyə oxşar bu yalanlardan birini də bəlkə mən toqquşdurum...”

Qəfil beyninə dolan bu ideyanı arvadla bölüşdü.

— Bəri əyləş, onsuz sən də ölməkdə, mən də...

— Deməyin nədi?

 

Nağıl dili gödək olar, söhbət-məsləhət bundan ibarət oldu ki, ay arvad, birinci sən ölsən, özümü balkondan mən atıram, mən ölsəm — sən. Necədir? Bəlkə kimlərsə bunu eşqin gücünə yoza. “Leyli və Məcnun” bir də gördün “Hüsnü və Rəbiyyət” şəklində ortaya çıxdı.

 

Neynək, təki bu dünyada məhəbbət dastanları yamsılansın. Hamı bu işə qurşansa, müharibələr də unudular.

 

Əfsus, səhnədə təsirli alınası “Hüsnü və Rəbiyyət”in də məğzi yalan olacaq: qurama ölümlər.

Ortada həm həqiqi, həm də süni sayılası ölümlər olacaq.

Qəribədir, bəşəriyyəti aldatmadan əbədiyyətə getmək mümkün olmur.

...İnsan əbədiyyətə layiq deyil.

 

Onu bədbəxtlik basıb: çaşıb gələcək teatr effektində əbədiyyətə gedə bilməz. İnsanlıq onu yadda saxlamaz. Əksinə, bəşəriyyət bu fırıldağı tutsa, onlara nifrət edər.

 

Qınamalı deyil, bir ər-arvad arasında ki, dəlicəsinə məhəbbət olmaya, bəşəriyyət bunu niyə də yadda saxlamalıdır?

 

Ancaq boş çanağı dolu çanağa vurmaq da pis olmaz. Tutar qatıq, tutmaz ayran.

Tarixə düşmək gərək: hətta kriminalcasına belə.

 

Arvad onu başa düşmədi. “Sənin ağlına dua yazdırmaq lazımdır”, deyib də, durub getdi mətbəxə. Orda burnunun altında deyinirdi.

 

Yox, arvaddan gözü su içmədi. Hüsnü ölsə, öldür, o özünü öldürməz. Onda gərək arvad birinci ölə ki, məhəbbətə bənzəmək üçün bu özünü balkondan gurlu-guppaz yerə buraxa. Bəlkə onda ona təzə şöhrət gələ. İnşallah, bəşəriyyət bu planı başa düşməz. Bəşəriyyət dərin fırıldaqları çox da anlamır. Axı, bəşəriyyət həm də bir az küt varlıqdı: kökünə varmadan istənilən parıltılı faktı əfsanəyə çevirər. Hüsnü bəşəriyyətin zəif damarını tutub. O, tək bir adama kələk gəlməyi bacarmırsa da, bəşəriyyəti tovlayacağı gümanındaydı. Saf-çillə bir adam intihar etmiş arvadın dalısınca, faktiki, özünə qəsd edirsə, buna niyə də heyran olmayasan. Bəşəriyyət fırıldağı tutsa belə, bunu nəzərə almaz. Artıq burda fırıldaq arxa plana keçər.

 

Ortadakı düz meyit bütün fırıldaqların üstündən xətt çəkəcək.

Əbədiyyətə getmək asandır. Təki getməyə niyyət olsun. Çoxu əbədiyyətə vız atmır, öləndən sonra öz oğul-uşağının yaddaşında qalmaqla kifayətlənir. Bunlar heykəlləşməyin, nəğmələrdə yaşamağın dadını bilməyənlərdir.

 

Arvad birinci, özü ikinci ölmüş olsa, onlar üçün əbədiyyət hazırdır. Həyatın özündə, göydə qrafik üslubda cızılmış bu sevgi mənzərəsi bir örnəyə çevrilər.

 

Həyatdakı real intiharı onun səhnədə yaratdığı irreal Məcnunun tərəqqi etmiş forması sayılar.

Qazanacağı şöhrət itirəcəyi canına dəyər.

Yalan rollar bitib, həqiqi hərəkətlər gərək.

Çaşıb özü birinci ölərsə, planlar batdı.

Əvvəl onu öldürməliyəm, sonra özümü!

Tərəddüdlər böyük dərddi.

 

Hüsnü uca balkondan atılmaqla intiharı daha üstün tuturdu. Çünki onda ölüm quş kimi uçuşdan sonra baş verir. Quş kimi uçmağın dadını görəndən sonra ölməyin də bir özgə ləzzəti var. Üstəlik, həm tramplindən tullanan idmançılara, həm də kinolarda özünü qayadan-zaddan atanlara bənzəyərsən. Gör Hüsnü haralaracan fikirləşə bilir: gələcəkdə onun kino obrazı yaradılanda, kaskadyorlar lazım gələcək. Onun kino obrazı Azərbaycanda kaskadyorluq sənətinin təşəkkülünə bir təkan ola bilər.

 

Hündürlükdən tullanmaqda yeganə çətinlik şok etapını keçməkdədir. Sonra əbədiyyət qarşına palaz kimi səriləcək.

 

Cənnətə düşməyəcəksə də, əbədiyyətə düşəsidir. Hökmən.

Əbədiyyətə insanlarla ötürülürsən. Əfsus, insanlarla bağlı olduğundan, əbədiyyət müvəqqətidir.

Xəstəlikləri get-gedə itiləşir. Çaşıb birinci özü ölər.

 

Arvad pota kimi bir şeydi: onu öldürmək olar? Lap onu öldürsə belə, birdən özünü öldürə bilməz...

Can şirin, şöhrət cəlbedici.

Qarşıda təptəzə şöhrət ilğım kimi bərq vururdu.

Balkonundan uçacağı doqquzuncu mərtəbə bir şöhrət şansı idi.

 

...Bir gecə o, xorultuyla yatan arvadının ağzına ağır balışlar yükləyib, özü də cəld balışların üstünə çıxdı. Arvad gözlənilmədən 7-8 bal gücündə zəlzələ kimi necə silkələndisə, balışlar bu yana səpələndi, Hüsnü də daş kimi o yana düşdü. Hər ikisi azar-bezarı unutmuşdu. Süpürləşmə başladı. Bu dəfə Rəbiyyət pəhləvan kimi ərini döşəməyə sinib, üstünə qalxdı — nə yemisən, turşulu aş. Başına-başına, qarnına-qarnına. Ərinin yumşaq yerləri onu qane etmirdi. Yumruq, təpik — o, bütün savaş arsenalını işə salmışdı. Hətta bədahətən təzə bir üsul da işlətdi: qucağa sığmayan enli dalıyla onun ağzı üstündə oturub-qalxmağa başladı, bu zaman kişisinin kartof burnu onun yanbızları arasına girib-çıxırdı. Hüsnü canını götürüb balkona cumdu. Divara-dəmirə necə zərblə çırpıldısa, kvadrat gözlüklü söykənəcək yerindən qopub çərpələng kimi göydə uçmağa başladı. Bunlar da onun dalınca. Hərdən baş-başa, ya birinin başı o birinin dabanına dəyə-dəyə, bir-birini ötə-ötə, hərdən dəmir çərpələng başlarına danqadan toxunmaqla uçurdular. Onlar ölüm ayağında bir tək gözlərini qoruyurdu. Yerə yaxınlaşdıqca da sürət artırdı.

 

Təzə şöhrətə metrlərcə məsafə qalmışdı.

Doqquzdan yerə gələnəcən düşünməyə vaxt da vardı. Görən, bəşəriyyət onları unutmayacaq ki… Hüsnünün vaxtı yalnız buna çatdı.

Rəbiyyətin nə düşünməsi qaranlıq qaldı.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib