Dərc edilib: 08-10-2017

https://www.nuh.az/12661-.html

BSU-da yubiliyarlara həsr edilmiş tədbir keçirilib

08.10.2017 00:42:16

LIVE

 

Oktyabrın 7-də Bakı Slavyan Universitetində (BSU) bu il yaşı 70, 75, 80, 85 olan yubiliyarlara həsr olunmuş yubiley tədbiri keçirilib. Qeyd edək ki, bu il BSU-nun iyirmi bir nəfər müəllimi- professorlar Çingiz Bədəlov, Kərim Məmmədov, İlyas Həmidov, Tamilla Məmmədova, Rəhilə Quliyeva, Ellada Quliyeva, dosentlər Vaqif Məmmədov, Aydın Həsənov, Mina Quliyeva, Solmaz Bəşirova, İbrahimpaşa Babayev, Almaz Məmmədova, baş müəllimlər Gültəkin Qasımova, Səftər Məlikov, Elmira Yüzbaşova, Solmaz Əliyeva, Rəna Abdullayeva, Nabat Məmmədova, Rəhilə Paşayeva, Svetlana Balametova, kitabxanaçı Tamella Əliyeva- yubiley yaşlarını qeyd ediblər.


         Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ömrünün böyük hissəsini Bakı Slavyan Universitetinə həsr etmiş yubiliyarları təbrik edərək onların hər birinə uzun ömür, cansağlığı arzulayıb. O, pedaqoji fəaliyyətləri dövründə universitet kollektivinin hörmətini, sevgisini qazanmış yubilayar müəllimlərin öz nümunəvi həyatları ilə gənclərə bir örnək olduqlarını deyib. Ömrün ən gözəl illərini gənc nəslin təlim-tərbiyəsinə, bilik və bacarıqlarının inkişafına həsr edən qocaman müəllimlərin sırasında Əməkdar müəllim adına layiq görülən, “Tərəqqi” medalı ilə təltif edilən insanların olduğunu vurğulayan rektor bu cür şərəfli peşənin sahiblərinə dövlətin də daim diqqət və qayğı göstərməsindən söz açıb. O, professor və müəllimləri universitetin mənəvi sütunları adlandırıb, onları şamla müqayisə edərək ömürlərini gənc nəslin yolunda gilə-gilə əritdiklərini vurğulayıb.

Tədbirdə prorektor və dekanlar da yubliyarların ünvanlarına təbriklər səsləndiriblər. Cavab nitqində  yubiliyarlar onlara göstərilən diqqət və qayğıya görə universitet rəhəbərliyinə təşəkkür ediblər.

Sonda rektor tərəfindən yubiliyarlara hədiyyələr və gül dəstələri təqdim olunub.

 

 BSU-nun mətbuat  xidməti 


NUH informasiya agentliyi səhifəsindən çap edilib