Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12703-.html

“Niyə gecələr evimə zəng edirsən” - Fikrət Qocanın oğlunun son sözləri

09.10.2017 17:30:37

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Təqsirləndirilən, hadisəni baş verdiyi binada mühafizəçi işləyən R.Məmmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O bildirib ki, birgə yeyib-içdikdən sonra Elnurla Yalçın arasında mübahisə düşüb: “Yalçın Elnura dedi ki, niyə gecələr mənim evimə zəng edirsən, sonra da Elnuru söydü. Elnur onu itələdi, Yalçın yıxıldı. Onu yerdən qaldırdıq, təcili yardım çağırdıq. Yalçın məndən siqaret istədi, ayıq idi. Sonra qəfildən səsi xırıldadı, Elnur qorxusundan ağlamağa başladı. Həkim gəlib dedi ki, ölüb. Sonra evə getdik. Yalçının telefonu məndə qalmışdı, pulum qurtardığı üçün onu satdım”. 

Qeyd edək ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib. 

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb.

P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib