Dərc edilib: 12-10-2017

https://www.nuh.az/12775-.html

General Ramiz Zeynalova açıq məktub – Jurnalist yazır

12.10.2017 10:49:00

Region

Ülvin Məhəmməd  

 

Hörmətli general, sizin rəhbəri olduğunuz quruma və onun əməkdaşlarına hər zaman böyük hörmətlə yanaşmışam, əvəzində də hörmət görmüşəm. Bu sözlər boğazdan yuxarı deyilən ifadələr deyil. Ya da hər zaman yolda olduğumdan şirinlik etmirəm. Yol hərəkəti haqqında qanunu gözəl bilərək, bu qanuna hər zaman hörmət etdiyimdən, maksimum çalışıram ki, qayda pozuntusuna yol verməyim. Yəni sözümün canı ondadır ki, rəhbəri olduğunuz qurumdan nə umacağım var, nə də başqa bir şey… Sadəcə olaraq, yol polisi olmasa yollarımızda hansı vəziyyətin yaranacağını yaxşı bilirəm. Ona görə də, yol polisinin əməyinə yüksək qiymət verir və işlərini təqdir edirəm.

Amma bu o demək deyil ki, bu qurumda hər şey superdir. Xeyr, elə deyən olsa belə, həmin şəxsin səmimiyyətinə mənim kimi, yəqin ki, siz də inanmarsınız. Ona görə də, dünən (11.10.2017) şahidi olduğum və əsas qəhrəmanı özüm olduğum faktları diqqətinizə çatdırıram. Bu faktları qeyd etdikcə, ola bilər bunlar oxuculara hekayə kimi görünsün. Amma oxucuların hekayə, mənim isə fakt olaraq qeyd edəcəyim məsələləri nə yuxuda görmüşəm, nə də kimsə mənə nəql edib.

Elə isə, bəhs edəcəyim mövzuya keçim. Belə ki, etibarnamə ilə idarə edilən avtomobili dünən öz adıma qeydiyyata salmaq istədim. Bu məqsədlə təbii ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat Şöbəsinə yaxınlaşmalı oldum. Üzləşdiyim mənzərə elə qapıdan, avtomobilimin mühərrik, ban nömrəsini uyğunlaşdırarkən başladı. 1 saat 20 dəqiqəyə başa gəldi bu proses. O mənada yox ki, gec gəlmişdim, növbədə olan avtomobillər çox idi. İmtahan-Qeydiyyat Şöbəsinin həyətinə daxil olarkən məndən öndə 8 avtomobil vardı. Həmin avtomobillərin 3-cü “boks”un (“boks” ifadəsi DYP-də ümumiişlək sözdür) bir tərəfindən daxil olub, digər tərəfdən çıxması uzun müddət vaxt alırdı. Beləcə avtomobilimin qeydiyyat məsələsini həll etmək üçün onu 3-cü “boksa” daxil etdim. Cəmi bir əməkdaş həm avtomobilin atmosferə buraxdığı tüstünün miqdarını ölçür, həm əyləc sistemini, həm amartizasiyanin vəziyyətini yoxlayır və s. Lazım olan və “Yol Hərəkəti Haqqında” Qanunun 27-32-ci maddələrində nəzərdə tutulmuş mühərrikin, banın, şassinin nömrələrinin uyğunlaşdırılması isə lap sonda həyata keçirilir. Bu proseslərin aparılması zamanı isə, bu işləri həyata keçirən məsul  şəxsin bəzən işinin məsuliyyətini unudaraq hansısa maraqlara görə yoxa çıxmaqları və sonra yenidən zühr etməsi müəyyən müddət vaxt itkisinə səbəb olur.

Hörmətli general, bu müraciətim hansısa qərəzə, əsəbə söykənməyib. Və yazdıqlarım ola bilər əməkdaşlarınızda qıcıq yaratsın. Amma onlar əllərini vicdanlarının üzərinə qoysalar, mənim nə dərəcədə səmimi olduğumu etiraf edəcəklər. Sadəcə olaraq bir vətəndaş kimi istədiyim odur ki, bütün qurumlar vətəndaşlara layiqli xidmət göstərsinlər, o cümlədən DYP.

Mənim növbəti müraciət edəcəyim otaq sənədləşmə ilə bağlı oldu. Bunun üçün 3-cü otağa daxil oluram. Oranın əməkdaşı sənədlərimi ədəb-ərkanla qəbul etdi. Lazımi qeydləri kompüterdə apararaq üç vərəqdən ibarət kağız çap edərək mənə verdi. Və “10 manat verin” deyərək sənədləri mənə uzatdı. Bəli, bu, rüşvət idi. Heç bir qəbz-filan verilmirdi. 3-cü otaqda işlərimi yekunlaşdırıb keçdim 1-ci otağa və təəssüf ki, burada da analoji halla rastlaşdım. Daha sonra isə, tələb olunan rüsumu ödəyərək qeydiyyatda olduğum rayon üzrə otağa – 9-cu otağa müraciət etdim. Bir haşiəyə çıxaraq vurğulayım ki, hər otağın qarşısında olan insan növbələrinə görə, 25-30 dəqiqə, bəzən isə daha çox gözləməli olursan.

Bəli, 9-cu otağa daxil olmamışdan öncə Kapital Bankın filialına yaxınlaşaraq tələb olunan rüsuma görə 51 manat ödədim. Amma bildirim ki, 9-cu otaqda əyləşmiş müəllimin (Səhv etmirəmsə adı Seymur idi) üzünü 2 dəfə görmək mənə qismət oldu. Ona görə iki dəfə ki, avtomobilimin yeni texniki baxışdan keçməsinə və 2018-ci ilin avqustuna kimi sığorta və texniki baxışının olmasına baxmayaraq, qeydiyyat zamanı bir daha texniki baxış həyata keçirilərkən əyləc sistemində cuzi nasazlıq üzə çıxmışdı. Amma…

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunda göstərilib ki, avtomobil qeydiyyata qoyulan zaman Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.

Digər tərəfdən isə, əgər avtomobilimi yenidən tekniki baxışdan keçirməyimə hələ 10 aya yaxın müddət varsa, o zaman heç bir texniki baxış keçirilməməlidir. Amma mənim avtomobilim və mənim kimi digər sürücülərin avtomobilləri qeydiyyat sənədləşdirilməsinə görə texniki baxışdan keçirildi. Elə mənim 9-cu otağa iki dəfə daxil olmağıma da səbəb bu idi. Qanunla nəzərdə tutulmuş hüquqlarımı tələb edirdim. Və yazılı ərizə ilə mənə cavab verilməsini gözləyirdim.

Bəli, Ramiz müəllim, çox təəssüf edirəm ki, bu halla rastlaşdığımdan və səhər saat 10-dan saat 16-ya kimi İmtahan-Qeydiyyat Şöbəsində belə bir çıxılmaz vəziyyətlə üzləşdiyimdən, “Kütləvi İnformasiyalar Haqqında” Qanunun tələblərini pozaraq vəzifəmdən, yaxud da peşəmdən istifadə etmək məcburiyyətində qaldım. Jurnalist olduğumu bildirdikdən sonra qarşı tərəfdə laqeydliklə bərabər bir görməzdən gəlməklik sindromu da baş qaldırdı. Düzdü, jurnalist olduğumu bildirəndən sonra (artıq saat 15-ə yaxınlaşırdı) “hörmətli müəllimlər” qeydiyyat məsələmlə bağlı sənədlərimə imza atdılar. Beləcə, növbəti sürprizlərə özümü hazırlayaraq yeni texniki pasportumun verilməsi anını gözlədim. Nəhayət adım çəkildi. 4 manat isə burada istənildi, bundan sonra yeni nömrəmi götürən zaman 2 manat da orada istənildi. Amma bunların dövlət rüsumuna heç bir aidiyyatı olmadığını bildiyimdən, deyilənləri onlara vermədim. Əvəzində isə, acı baxışlar qazandım.

Bəli, Ramiz müəllim, yuxarıda qeyd etdiklərimi təəssüf hissi ilə sizə yazdım. Hətta problemimin həllinə kömək məqsədilə sizin mobil nömrənizə də zəng etmək fikrinə düşmüşdüm. Amma 9-cu otağa ikinci dönüşüm müsbət nəticə verdiyindən, fikrimdən vaz keçdim. Amma kaş belə olmazdı. Kaş bir pəncərə sistemi qanunda göstərildiyi kimi tətbiq olunaydı. Kaş mənim kimiləri bir gün işindən olub bir sənədi həll etməyə vaxt ayırmayaydılar. Kaş “hörmətli müəllimlər” jurnalist olduğumu biləndən sonra yox, elə əvvəlcədən bu Vətənin övladı olduğumu nəzərə alaraq hansısa maddi-maraqlarına görə, əsəblərimlə oynamayaydılar. Bir də kaş İmtahan-Qeydiyyat Şöbəsində oturan “hörmətli müəllimlər” Sizin adınızı və fəaliyyətinizi hər zaman uca tutaydılar.

 

D88A0344

NUH informasiya agentliyi səhifəsindən çap edilib