Dərc edilib: 13-10-2017

https://www.nuh.az/12805-.html

Məşhur din alimindən həbsdəki qızına duyğusal məktub

13.10.2017 10:27:39

Maraqlı

Dünya Müsəlman Alimlər Birliyinin rəhbəri Yusif əl-Qaradavi Misirdə 100 gündür həbsdə olan qızı Ulaya açıq məktub yazıb. "Qaynarinfo" xəbər verir ki, 91 yaşlı alim qızının tezliklə ailəsinə qovuşacağına inandığını bildirib.

"Xanım qızım, 100 gündən artıqdır ki, həbsdəsən. Məzlum üçün zülüm günləri nə uzundur? Bir gün bir il kimidir. İnşallah, bu zülm günlərikeçəcək və sən sağ-salamat həyat yoldaşınla evinə, ailənə dönəcəksən" deyə Qaradavi rəsmi internet səhifəsində yayımladığı məktubunda yazır.

Dünya Müsəlman Alimlər Birliyinin rəhbəri məktubunda "zülmün mütləq bir gün sona çatacağını" bildirərək qızından "yaşadığı bütün çətinliklərə rəğmən səbrli olmağı" istəyir. Qızına qarşı rəftara görə Misir rəhbərliyindən gileylənən Qaradavi "Sənə qarşı niyə belə davranırlar? Niyə səni tək başına bir kamerkada qalmağa layiq görürlər? Orda gecədi, ya gündüz, anlaya bilməzsən. Ziyarət və sağlamlıq kimi insani haqqlardan səni niyə məhrum edirlər" yazır.

O, qızının günahsız olduğunu və haqsız yerə həbs edildiyini qeyd edib: "Nə nə kiçik, nə də böyük cinayət işləmisən. Sən nə dini, nə də dünyəvi bir cinayət törətmisən. Qeyri-qanuni heç bir aksiyaya qatılmamısan. Sən illərdir öz gücünə yaşayan birisən. İndi nə baş verdi ki, sanki bir anda sənin Qaradavinin qızı olduğunu xatırladılar?"

Misir təhlükəsizlik qüvvələri iyun ayının sonunda 55 yaşlı Ula əl-Qaradavi və həyat yoldaşı Husam Xələfi "qanunsuz qruplaşmalara üzv olmaq və dövlət qurumlarına qarşı terror aktları planlaşdırmaq" ittihamı ilə saxlayıb. Misir rəhbərliyi avqust ayında Müsəlman Qardaşları Təşkilatının üzvü olduqlarını iddia edərək Ula əl-Qaradavi də aralarında olmaqla Qaradavinin 6 övladının əmlakına həbs qoyub.

Şimali Qahirə Milli Təhlükəsizlik Prkurorluğu bazar günü Ula əl-Qaradavinin həbs müddətini daha 15 gün uzadıb.

Qaradavi ailəsindən bununla bağlı verilən açıqlamada deyilirdi: "Yusif əl-Qaradavinin qızı Ulanın səhhəti həddən artıq pisləşib. Rejim tərəfindən həyata keçirilən bu rəftar həbsxana divarları arasında insanları yavaş-yavaş ölümə tərk etməkdir. Mümkün nəticələrə görə rəhbərlik məsuliyyət daşıyır".

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib