Dərc edilib: 14-10-2017

https://www.nuh.az/12844-.html

Sabiq şöbə müdiri icra başçısı ilə bağlı faktları təkzib etmədi – AUDİO

14.10.2017 18:40:40

Cəmiyyət

Bir neçə gün əvvəl Bizimxeber.az saytında Sabirabad rayon Təhsil Şöbəsinin sabiq müdiri Elman Bünyadovun icra başçısı Nazim İsmayılovla bağlı prezident İlham Əliyevə də göndəriyini şok faktlarla dolu şikayət məktubu dərc olunmuşdu.

E.Bünyadova məxsus elektron ünvandan gələn ilginc məlumatların həqiqətən də onun tərəfindən göndərildiyini dəqiqləşdirmək üçün Bizimxeber.az-ın rəhbərliyi Bünyadovun məktubda qeyd etdiyi  telefon nömrəsi ilə əlaqə saxlamışdı. Sabiq şöbə müdirinə ünvanladığımız “Göndərdiyiniz məlumatları təsdiqləyirsinizmi? Bu məktubu siz göndərmisinizmi ?” suallarına “Bəli, mən Elman Bünyadovam, bu faktları da mən göndərmişəm. Saytınızda yerləşdirməyinizi və  mənə dəstək olmağınızı  xahiş edirəm” cavabını vermişdir. 

Məhz bundan sonra məlumatı heç bir dəyişiklik edilmədən Bizimxeber.az saytında yerləşdirdik. Üstəlik qarşı tərəfin mövqeyini öyrənmək istəsək də suallarımıza cavab verən olmadı.

Bu gün isə Elman Bünyadov icra hakimiyyətindəki müəyyən adamların (?) tələbi ilə bir neçə mətbu orqanda icra başçısı Nazim İsmayılovdan şikayətçi olmadığını (?) bildirib. E.Bünyadov deyir ki, saytlarda və informasiya şəbəkələrində dərc edilən bu cür faktlar yalandır. Guya onun adından istifadə edərək mətbuat orqanlarına saxta müraciət göndərilib.

Əcəba, iki gün əvvəl icra başçısından şikayətçi olduğunu bildirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən bir hərbçi atası olaraq kömək istəyən, icra başçısı Nazim İsmayilovun əməlləri üzündən ölkəni tərk etməyə hazır olan adam nədən indi heç nə olmamış kimi davranır?

Niyə mətbuata göndəriyi şok faktları yalanlamağa çalışır? Kimdir Elman Bünyadova hədə-qorxu gələn? Sabirabadda nə baş verir?

Onu da qeyd edək ki, dəfələrlə belə halla rastlaşdığımız üçün Elman Bünyadova etdiyimiz zənglərin hər biri qeydə alınıb və istənilən vaxt müvafiq orqanlara təqdim edə bilərik.

Bütün baş verənlərdən sonra biz bu gün yenidən Elman Bünyadovla telefon əlaqəsi saxladıq. Keçmiş müdir bu dəfə ehtiyatlı formada olsa da bir daha şikayət məktubundakı faktların onun tərəfindən göndərildiyini təkzib etmədi. Sadəcə olaraq zərbədən yayınmaq üçün problemi yaxın dostu ilə bağladı.

Bizimxeber.az-ın rəhbərliyi olaraq bir daha bəyan edirik ki, dərc etdiyimiz şikayət məktubu məhz Elman Bünyadov tərəfindənn göndərilib.

 

  Ədil Hüseynli

NUH informasiya agentliyi səhifəsindən çap edilib