Dərc edilib: 19-10-2017

https://www.nuh.az/12961-.html

Prezident Aparatındakı müşavirədə tənqidi çıxışı ilə hamını heyrətləndirdi... - VİDEO

19.10.2017 17:01:30

Reportaj

Son illər dünyada neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirini göstərib. Bu isə Azərbaycan manatının dəyər itirməsi fonunda qiymətlərin qalxmasına, müəyyən çətinliklərin yaranmasına səbəb olub. İndi qarşıya qoyulan əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Beş-on il bundan öncə neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, son vaxtlar bu sahədə atılan addımlar şübhəsiz ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün mühüm tapşırıqlar verib.
 Dövlət başçısının kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı keçirdiyi müşavirələrdə səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, növbəti illərdə Azərbaycanın ixrac potensialı daha da artacaq, neftdən asılılıq xeyli azalacaq. Prezident Nazirlər Kabinetinin son iclasındakı çıxışında da kənd təsərrüfatının inkişafı ilə bağlı fikirlər səsləndirib. Ölkə rəhbəri deyib ki, torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaq. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır. Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilib. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır. 
Dövlət başçısı kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaqlardan düzgün və təyinatı üzrə istifadə olunması ilə əlaqədər qarşıya mühüm vəzifələr qoyub. Ancaq reallıq ondan ibarətdir ki, biz hələ kənd təsərrüfatında istənilən nəticəni əldə edə biməmişik. Bu mövzuda bir təhlili yazı hazırlamaq qərarına gəldik. İstədik araşdıraq görək kənd təsərrüfatına bu qədər vəsait ayrıldığı halda niyə yüksək nəticələr yoxdur. Əgər varsa, o zaman həmin nəticələri oxucularımıza təqdim edək. Ona görə də biz əvvələ qayıtmaq, torpaq islahatı aparılan dövrdə, sonrakı illərdə görülən işləri öyrənmək istədik. Bu sahədə araşdırma apararkən maraqlı materiallar əldə etdik. Həmin materiallardan biri 1992-ci ilin dekabr ayında Prezident aparatında kənd təsərrüfatı ilə əlaqədar keçirilən müşavirədir. 
Diqqətimizi cəlb edən o müşavirədəki başqa məqamdır. Həmin müşavirədə o dövrün dövlət katibi Pənah Hüseyn Naxçıvanda həyata keçirilən aqrar islahatları sərt tənqid edir. O aqrar islahatları ki, kənd təsərrüfatımız bu gün onun bəhrələrini görür. Bu gün hər bir kəndli öz torpağının sahibinə çevrilib. 
Xülasə, bu ittihamlara cavab vermək üçün müşavirədə o vaxt Naxçıvanın baş nazirinin müavini vəzifəsində çalışan Məmməd Abbasov söz istəsə də Pənah Hüseyn ona bu imkanı yaratmaqdan imtina edir. Baş nazirin müavini israrla söz istəyir və sonda prezident Əbülfəz Elçibəyə müraciət edir. Məmməd Abbasova söz verildikdən sonra o çıxış edərək Heydər Əliyevin apardığı aqrar islahatlar barədə ətraflı məlumat verir, müşavirə iştirakçılarını belə yeniliklərə qarşı olduğu üçün sərt tənqid edir. O dövrdə müxalifətdə olan Heydər Əliyevin silahdaşı  Məmməd Abbasovun bu cəsarətli və məntiqli çıxışına Xalq Cəbhəsi-Müsavat iqtidarından heç kim cavab verə bilmir. 
Həmin çıxışda kənd təsərrüfatını necə inkişaf etdirməklə bağlı diqqətçəkən tezislər var. Məmməd Abbasov çıxışında bu sahənin bilicisi olduğunu müşavirə iştirakçılarına sübut edir və prezident Əbülfəz Elçibəy qollarını çarpazlayaraq onu diqqətlə dinləyir. Oxucular üçün Məmməd Abbasovun indi hansı vəzifədə çalışdığı maraqlı olsa bir cümlə ilə bildirək ki, Məmməd Abbasov 4 il əvvəl - 2013-cü ildə təqaüdə göndərilib. Moderator.az-ın əməkdaşı Məmməd Abbasovdan müsahibə almağa çalışsa da o, ümumiyyətlə mətbuat adanışmaqdan imtina etdiyini deyib. Təqaüddə olduğunu, siyasi fəaliyyətini başa çatdırdığını və heç nə danışmaq istəmədiyini bildirib.  
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq  həmin müşavirənin videosunu təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib