Dərc edilib: 21-10-2017

https://www.nuh.az/13014-.html

“Erkən nikahlar cəmiyyəti narahat edir” - İcra başçısı

21.10.2017 15:16:17

Cəmiyyət

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin iclas zalında erkən nikahlar və onun zərərləri barədə  ictimai müzakirə keçirilib. 


Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının təşkilati dəstəyi ilə keçirilən müzakirədə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət şöbələrinin işçiləri, məktəb direktorları, psixoloqlar, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, din xadimləri, ağsaqqallar, fəal tələbə və gənclərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə bildirib ki, erkən nikah məsələsini cəmiyyəti narahat edən problemlərdən biridir. Natiq erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların  hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial  problemlərin artmasına səbəb  olduğunu qeyd etməklə bu məsələyə qarşı rayon ziyalıları, ictimaiyyət nümayəndələri, məktəb müəllimləri, ictimai fəal gənclər və aidiyyatı yerli dövlət orqanlarının nümayəndələri geniş cəlb olunmaqla mübarizənin aparılmasının, eyni zamanda təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini qeyd edib. İcra başçısı erkən nikahların yaratdığı hüquqi məsuliyyəti gənclərə və valideynlərə ətraflı izah etməkdən ötrü hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə məlumatlandırıcı söhbətlərin aparılmasının da zəruriliyini diqqətə çatdırıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. 

Məruzə ətrafında Lənkəran rayon prokuroru Elçin Məmmədov, Mərkəzi Rayon Xəstəxanasının perinatal mərkəzinin doğum şöbəsinin müdiri Yeganə Nəhmətova və digərləri çıxış ediblər.  

İcra  başçısı ictimai müzakirəni yekunlaşdıraraq toplantı iştirakçılarını məsələ ilə bağlı fəal olmağa çağırıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib