Dərc edilib: 27-10-2017

https://www.nuh.az/13124-.html

3.4 milyonluq cinayətin “xaç atası”...

27.10.2017 17:51:11

Günün sitatı

Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə ittiham aktı elan edilib. Ç.Abdullayev özünü təqsirli bilmədiyini deyib.

Zərərçəkən Tofiq Zülfüqarov da onu tanımadığını bildirib: “Bunun oğlu Loğman məni aldadıb, amma Çingizin bu işdə əli olub-olmadığını bilmirəm. Məndən aldıqları 3,5 milyondan cəmi 1,5 milyon manat qaytarıblar”.

T.Zülfüqarov başına gələn hadisəni də danışıb: “Evimin qabağında maşınım qarşısını kəsdilər. Loğman cibindən vəsiqə çıxarıb MTN əməkdaşı olduqlarını dedi. Məni maşına mindirib evimə gətirdilər və orada əmanət olduğunu dedilər. Seyfi açıb 100 min özümə götürdüm, 3,4 milyonu Loğmana verdim. O özünü kapitan kimi təqdim edib dedi “sevin ki, generalın əlinə düşməmisən”. Mən 4 gün evdə saxladılar, dedilər işin araşdırılır. Guya Avropa Oyunları öncəki terrorla bağlı onlara məlumat daxil olub. Sonra da mənə bilet alıb xaricə göndərdilər. Qazaxıstanda olanda Çingiz həmin puldan mənə 290 min qaytardı”.

Ç.Abdullayev deyib ki, oğlunun bu əməlindən xəbəri olmayıb: “Mən elə bilirdim ki, bu pul biznes qurmaq üçün verilir”.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində baş verib.

Bu cinayətlə bağlı bundan öncə Ç.Abdullayevin oğlu Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdulov və Tural Qasımov təqsirləndirilib. Bakı Apellyasiya Məhkəməsi 18 il müddətinə azadlıqdan məhrum edilən Loğman Abdullayevin cəzası 15 ilə endirilib. 16 il müddətinə azadlıqdan məhrum edilənlər – E.Qasımov və P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib. Şərti cəza alanlar - F.Tağıyev, G.Abdulov, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb.

Ç.Abdullayev xaricdə olduğu üçün axtarışa verilib və bir müddət öncə Qazaxıstanda tutularaq Azərbaycana gətirilib. Şərti cəza alan G.Abdulov isə L.Abdullayevin qaynıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib