Dərc edilib: 30-10-2017

https://www.nuh.az/13179-.html

Böyük məbləğdə vəsait mərkəzi büdcədən yayındırılır

30.10.2017 16:20:18

İqtisadiyyat

Cərimə və sanksiyalardan yağılan pulları Daxili İşlər Nazirliyi ilə Prezident Administrasiyası öz arasında bölüşür

Son dövrlər Milli Məclis tərəfindən müxtəlif sahələr üzrə cərimələrin artırılması, bəzi cəzaların sərtləşdirilməsi müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunu büdcə daxilolmalarının azalmasına adekvat addım kimi dəyərləndirir və büdcəyə vəsait toplamaq məqsədi ilə edildiyini bildirir. İddia olunur ki, hökumət iqtisadi böhranın büdcədə yaratdığı problemi əhalinin “cibinə girmək”lə kompensasiya etmək istəyir.

Digər qism isə bunu siyasi səbəblərlə əlaqələndirib, iddia edir ki, hökumət cəza mexanizmini sərtləşdirməklə, cəmiyyəti daha “sözəbaxan” etməyə çalışır.

Nəzərinizə çatdırırıq ki, son günlər “Yol hərəkəti Qaydaları” ilə bağlı cərimələrin artırılması, yeni cəza mexanizmlərinin işə düşməsi də cəmiyyətdə birmənalı qarşılanmır. Amma bu cərimələrin büdcəyə necə daxil olması və hansı istiqamətlərə xərclənməsində qeyri-müəyyənlik yaranıb. Bu səbəbdən də məsələnin həm hüquqi, həm də iqtisadi tərəfini araşdırmaq qərarına gəldik.

Böyük məbləğdə vəsait mərkəzi büdcədən yayındırılır

Məsələyə hüquqi baxımdan aydınlıq gətirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay “Reytinq”ə dedi ki, cərimə tətbiqi, onun sərtləşdirilməsi və yumşaldılması hər bir dövlətdə zamana və şəraitə uygun aparılır. İ.Altayın sözlərinə görə, əsas məqsəd bu cəza növü ilə pozuntuların azalması, heç olmasa, artımının qarşısını almaqdır: “Təbii ki, burada dövlətin nəfinə pul yığımı məsələsi də var. Bununla yerli və ya mərkəzi büdcəni qismən artırırlar. Ancaq bir məsələ də var ki, cərimələrin düzgün olmayan uyğunsuz tətbiqi əks-effekt də verə bilir. 

Ümumiyyətlə, cərimə nədir? Cərimələr dövlət-hüquq sistemində cəza növüdür. Cinayət ya inzibati xətaya görə hüquq normalarına əsasən, dövlətin nəfinə keçirilən pul vəsaitidir. Bu cür cəzalar həm cinayət qanunu (cinayət əməli), həm də inzibati hüquqpozuntu (inzibati xəta) məkanında tətbiq edilir. Cəzalar cinayət əməli cəzası olaraq məhkumluq kimi cox az, yəni 10 faiz, qalan 90 faiz halda müxtəlif növ azadlıqdan məhrumetmələrlə qarşılanır. İnzibati xətalar isə daha yüngül qanunpozma sferası olduğuna görə, burada tam əksinə, əksər halda cərimələr tətbiq edilir”.

Hüquqşünas bildirdi ki, inzibati xəta məkanını təşkil edən əsas sahələr vergi, gömrük, yol polisi və sairdir. Onun sözlərinə görə, yol polisi sahəsi daha əhatəli, daha çox xətalar baş verən məkandır. Buna görə də buradakı cərimə sayı və miqdarı çox olur: “Son illər bu sahədə yeni və müxtəlif qayda pozuntusu növləri müəyyənləşdirib, onlara qarşı cəzalar təyin edir və bu cəzaları dəfələrlə sərtləşdirirlər. Amma buna baxmayaraq, avtoqəzaların sayı artır. Ölüm, xəsarətlər, böyük maddi ziyanlarla müşaiyət olunan yol hərəkət pozuntuları və onların doğurdugu qəzaların sayında azalma baş vermir. Səbəb nə ola bilər? Bir səbəb o ola bilər ki, cərimə cəzalarının tətbiqi düşünülmüş sistemli-faydalı deyil, qayda pozuntusuna uyğun gəlmir. Ya pozuntuya nisbətdə həddən artıqdır, ya da həddən az. Bu uyğunsuzluq da cərimə ilə pozuntu arasındakı tənzimi qeyri-ciddi, absurd duruma salır. Yəni, qaydanın tələbinə etinasızlıq yaradır və pozuntu daha yüksək templə davam edir”. 

İ.Altay qeyd etdi ki, hüquq və məntiq üzrə qaydalara cərimənin yüksəkliyi və sərtliyinə görə deyil, ədalət pinsipinə, qanunun məntiqinə görə riayət edirlər: 

“160-180 km/s-lıq rahat avtobanda, ipək yolunda 60 km/s məhdud işarəsi qoymaqla sürət həddini aşmamaq mümkün deyil axı. 

İkinci məsələ yığılan cərimə pullarının yollarda hərəkətin təhlükəsizliyinə, tənzimedici nişan və xətlərlə, işıqforlarla təminatına sərf olunmasıdır”.

İ.Altay onu da nəzərə çatdırdı ki, məntiq və hüquq tələb edir ki, yol hərəkəti qaydasının pozuntusuna görə cərimələrdən yığılan vəsait ilk növbədə həmin pozuntunu yarada bilən şəraitin aradan qaldırılmasına sərf edilsin: 

“Bu vəsait yolların normal hərəkət üçün yararlı hala gətirilməsinə sərf edilməyəndə, başqa hansısa mənbədən bu iş üçün vəsait cəlb olunma məntiqsiz və effektsiz olar. Ümumiyyətlə, yol hərəkəti qaydaları pozuntusu ilə bağlı DYP-nin tətbiq etdiyi cərimələr, ondan yığılan külli miqdarda pul vəsaiti və bu pulların hası sahələrə yönəldilməsi barədə şəffaflığın təmin edilməsi lazımdır. Bununla, həm bu pulları ödəyən vətəndaşlar bilər ki, onun ödənişləri hara xərclənir, həm də düzgün təyinatlı xərclənməyə ictimai nəzarət yaranar”.

Böyük məbləğdə vəsait mərkəzi büdcədən yayındırılır

ADR hərəkatının lideri, iqtisadçı-alim Qubad İbadoğlu isə “Reytinq”ə bildirdi ki, inzibati xətalar, maliyyə sanksiyaları nəticəsində daxilolmaların bir hissəsinin xərclənmə təyinatı Azərbaycan prezidentinin 1 may 2017-ci ildə imzaladığı fərmanla müəyyən edilib. 

Q.İbadoğlu dedi ki, yeni qaydalara görə, əsas cərimə yazan təşkilat Dövlət Yol Polisinin topladığı vəsaitin 95 faizi yol hərəkəti təhlükəsizliyini təmin etmək, yol-patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin, 5 faizi isə Prezident Administrasiyasının hesabına köçürülür: “Bu isə o deməkdir ki, sürücülərin və piyadaların ödədiyi cərimələrdən dövlət büdcəsinə 1 qəpik də vəsait daxil olmur. Həmin qaydalarla, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləği vergi orqanları ilə büdcə arasında bərabər bölünür. Sadəcə, vergi orqanlarına çatan 50 faizin 5 faizi Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezident Administrasiyasının hesabına daxil olur. 

Bundan əvvəl qeyd etmişdim ki, növbəti ilin büdcəsində maliyyə sanskiyaları 140 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, 2018-ci ildə vergi və digər dövlət orqanları tərəfindən 280 milyon manatlıq sanksiya tətbiq edilməlidir ki, onun da 50 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın. Bu sanskiyaların "xərcini" isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər çəkəcək”.

Prezident Administrasiyasının cərimə və sanskiyalardan pay götürən üçüncü tərəf olaraq bu prosesdə iştirakına gəlincə, iqtisadçı-alim bunları dedi: 

“İqtisadi mahiyyətinə görə, bütün növ cərimə və sanksiyalar iki təyinat üzrə istifadə olunmalıdır. Cərimə və sanksiyalar bu xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanları ilə büdcə arasında bölüşdürülə bilər. Çünki cərimələr də digər məcburi ödəniş olaraq ikili funksiya daşıyır: fiskal və həvəsləndirmə. 

Fiskal funksiyaya görə, onun daha çox hissəsi büdcəyə köçürülməli, həvəsləndirmə və ya stimullaşdırma funksiyasına görə isə onun bir hissəsi hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarına yönəldilməlidir. Burda üçüncü tərəfin iştirakı nəzərdə tutulmur”.

Q.İbadoğlu sonda qeyd etdi ki, cərimələrdən Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə istifadə olunması "Büdcə sistemi haqqında" Qanuna və "Büdcə təsnifatı haqqında" Nazirlər Kabinetinin qərarına ziddir:

“Görünür, bu qərar Prezident Administrasiyasında aparılan son struktur dəyişikliklərindən sonra orda çalışan qulluqçuların əmək haqlarının artırılması zamanı maliyyə mənbəyi olmaması səbəbindən verilib. Hesab edirəm ki, yanlışdır. Həmin vəsaitlər dövlət büdcəsinə toplanmalı və ordan mərkəzləşdirilmiş qaydada bölüşdürülməlidir. Yalnız bu halda Prezidentin İşlər İdarəsi və Prezidentin Xüsusi Tibb Xidməti büdcə vəsaiti kimi ordan pay götürə bilərdi”.

Reyting.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib