Dərc edilib: 30-10-2017

https://www.nuh.az/13184-.html

BSU-da Türkiyə Cümhuriyyətinin 94 illiyi qeyd olunub

30.10.2017 20:31:37

Mədəniyyət

 


Oktybarın 30-da Bakı Slavyan Universitetində (BSU) “İslam Həmrəyliyi İli” çərçivəsində Türkiyə Cümhuriyyətinin yaranmasının 94 illiyinə həsr olunmuş  tədbir keçirilib. Türkiyə Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Mustafa Kamal Atatürk və silahdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Cümhuriyyət bayramı ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının dərin kökləri olduğunu deyən X.Sultanova türk millətinin tarix boyu öz torpaqlarını qanı bahasına qoruduğunu vurğulayıb. O, Cümhuriyyət bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra BSU-nun tələbəsi Nuhbala Əliyev, universitet nəzdində Məktəb-Lisey Kompleksinin şagirdləri Firuzə Qasımzadə və Xədicə Heydərli “Cumhuriyet yaşamdır, yaşasın Cumhuriyet!” şeirini səsləndiriblər.

Cümhuriyyət bayramının mahiyyəti ilə bağlı çıxış edən Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Natiq Abdullayev Cümhuriyyətin bir ideal olduğunu vurğulayıb.  O deyib: “Bu idealı dərk edən hər kəs millətinin inkişafı istiqamətində dərin zəkaya malik olmaq gərəkdiyinin fərqinə varmalıdır. Mustafa Kamal Atatürk nəhəng zəkaya sahib Cümhuriyyət qurucusu idi”.

Sonra BSU-nun tələbəsi Nuhbala Əliyevin “Keçmişdən bu günə Cümhuriyyət” adlı məruzəsi dinlənilib.

Türkiyə Qafqaz Universitetinin tələbəsi Onur Aydoğdu “Cümhuriyyət və biz” adlı məruzəsində Cümhuriyyət bayramının BSU-da bu cür təntənə ilə qeyd olunmasını Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olmasına bir sübut kimi dəyərləndirib və buna görə universitet rəhbərliyinə minnətdarlıq edib.

Tədbirin davamında BSU-da təhsil alan azərbaycanlı və türkiyəli tələbələrin ifasında “Onuncu Yıl Marşı” və “İzmir Marşı” xor şəklində ifa olunub, “Bu gün”, “Akdeniz”, “Cumhuriyet”, “29 Ekim”, “Atatürk” şeirləri səsləndirilib.

 

        BSU-nun Mətbuat xidməti 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib