Dərc edilib: 01-11-2017

https://www.nuh.az/13222-.html

Oğlunun Bağırova yazdığı inanılmaz məktub

01.11.2017 18:28:05

Siyasət

 

Müharibə illərində bir çox dövlət xadimlərinin övladları ön cəbhələrdə idilər. Ancaq respublika rəhbərləri arasında yalnız M.C.Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa düşmənlə vuruşa yollanmışdı...

Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi. 

Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi. 1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralansa da, təyyarəsini ustalıqla yerə endirdi, təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər... Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü: 

“Əziz ata! 2 ay yarımdır ki, mən öz yerimdə sayır, indi bu qədər qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm! Cavan, sağlam adam olsam da arxa cəbhədə vaxt keçirirəm... Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya qalxım... Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin”.

Beləliklə, peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə yollandı. Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin Azərbaycan rəhbərinin oğludur.

1943-cü il iyun ayının əvvəli idi. Cahangir Bağırovun xidmət etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz gəldi. Qeyri-adi məharətlə bunlardan yeddisini vurub yerə saldı. Yanacağı tükəndiyindən ölümün gözünə dik baxaraq təyyarəsini faşist təyyarəsinə vurdu...

Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun qəhrəmanlıqla şəhid olması, onun ölümündən sonra “Lenin” ordeni ilə təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə yalnız iyulun 8-də respublika qəzetlərində nekroloq dərc olundu. Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər. Əfsuslar ki, qara haşiyədə.

1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmimi-qəlbdən başsağlığı vermişdi. 

Ölümündən sonra “Lenin” ordeni ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı -Qızıl Ulduz medalı ilə də təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə - Azərbaycana göndərilir.

M.C.Bağırov cavabında demişdi:

- Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm, “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun şəhid olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.

N.M.Şvernikin bu sözləri telefon danışığını tamama yetirmişdi:

- Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar. Ancaq ikincisi... gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür.

Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan Ordusunun sərkərdəsinə “baxarıq” cavabını vermişdi. Həmin gün sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal qəbiristanında sinə daşında “Cahangirdən və Mir Cəfərdən yadigar” yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı. Cahangirin əbədiyyət beşiyini anası yırğalayacaqdı. 

Bunu, şəhid oğlun atası Mir Cəfər Bağırov məsləhət görmüşdü...

 

Araz Vəliyev

NUH informasiya agentliyi səhifəsindən çap edilib