Dərc edilib: 03-11-2017

https://www.nuh.az/13260-.html

Deputat oğlunun adı hallanan model ölümü – Nazirlikdən gələn sirli məktub – VİDEO – FOTO

03.11.2017 11:31:37

Siyasət

“Miss Lafarella” Elmira Axundovanın oğlunun yaxtasında həyatla vidalaşıb; Həbib Axundovun ölüm işində keçən “Yamaha 242” yaxtasını tələsik satmasının səbəbi nədir?

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov son dərəcə bahalı yaxtasını satıb. Alqı-satqı Həbib Axndovun adı hallanan mübhəm ölüm işindən az sonraya təsadüf edib. 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində ölüm baş verib. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın olduğu yaxta dənizə çıxıb və model müəmmalı şəkildə Xəzərin sularına qərq olub. Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

 

G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb. Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlar bu günə qədər məğrur susqunluq nümayiş etdiriblər. Bilinən odur ki, Günel Mirzəyeva 5 nəfər dostu ilə birlikdə dənizə yaxta gəzintisinə çıxıblar və o, dənizdə boğularaq ölüb.

Həmin vaxt dostları harada olub, ona niyə kömək etməyiblər, dostlarının ölümə hər hansı bir formada aidiyyatlarının olub-olmaması sualı bu günə qədər açıq qalmaqdadır.

Məsələ ilə bağlı Criminal.az saytı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ilə müraciət edib və elektron ünvanımıza sorğuladığımız sualların cavabları göndərilib. Sualları və verilən cavabları təqdim edirik:

Sual:

-Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?

Cavab:

-26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Sual:

-Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?

Cavab:

-Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Sual:

– G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?

Cavab:

– Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.

Sual:

– Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?

Cavab:

– Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.

Sual:

– Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?

Cavab:

– Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.

Sual:

-G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?

Cavab:

– Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub. Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.

Sual:

– G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?

Cavab:

– Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.

 

Diqqətli oxucu sorğulanan sualları və cavabları oxuyub sual verə bilər ki, deputat oğlunun olaydan az sonra ölüm işində keçən bahalı yaxtasını satması, özgəninkiləşdirməsi arasında əlaqə varmı?

Bu və digər suallara aydınlıq gətirilməsi üçün digər bir sorğu ilə Baş Prokurorluğa da müraciət etmişik. Bəzi dəqiqləşmələrdən sonra həmin sorğunun mətni də oxuculara təqdim edəcəyik.

 

Həbib Axundov

H.Axundov Criminal.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ ilə mətbuata açıqlama verməkdən bezib.

”Deyilənlərin hamısını yayan bəzi insanlar var. Onların yaydığı informasiyalar sənə də çatıb. İş məhkəmədədir, məhmənin nəticəsi barədə məlumat tutarsız. Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşrıdın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur” – deyən H.Axundov telefonu söndürdü.

PressClub.Az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib