Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13389-.html

Bu deputatlara vəzifə verildi - Mandatlı məmurları sıraları genişlənir (Siyahı)

08.11.2017 17:52:17

Siyasət

Noyabrın 6-da səhmləri dövlətə məxsus "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, prezident İlham Əliyevin sərəncamı ilə deputat Kamran Nəbizadə həmin qurumun baş direktoru təyin edilib.


Daha 8 deputat icra səlahiyyətli orqanda çalışır: Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin, Muxtar Babayev "Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının, Mirzəcan Xəlilov "Azərsutəchizattikinti” ASC-nin, Ağalar Vəliyev "Azəraqrartikinti” ASC-nin, Mirkazım Kazımov"Qasid” Mətbuat Yayımı ASC-nin sədri, Xanlar Fətiyev Gəncə Avtomobil Zavodunun direktoru, Hüseynbala Mirələmov ARDNŞ prezidentinin müşaviridir.

11 deputat elmi müəssisələrdə rəhbər vəzifələrdə çalışır. İsa Həbibbəyli Milli Elmlər Akademiyasının vitse-prezidenti, Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, Rafael Hüseynov Ədəbiyyat İnstitutunun, Yaqub Mahmudov Tarix İnstitutunun, Aytən Mustafayeva İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun, Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun direktoru, Eldar QuliyevAzərbaycan Kooperasiya Universitetinin rektoru, Pərvin Kərimzadə Gəncə Dövlət Universitetinin, Sahibə Qafarova Bakı Slavyan Universitetinin, Rafiq Məmmədhəsənov Azərbaycan Tibb Universitetinin prorektoru, Dilarə Cəbrayılova 295 saylı orta məktəbin direktorudur.

3 deputat tibb sahəsində rəhbər işdə çalışır: Kəmaləddin Qafarov Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Sədaqət Vəliyeva 4 saylı Vərəm Əleyhinə Dispanserin (Sabunçu rayonu) baş həkimi, Rəşad Mahmudov Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Mərkəzinin rəhbəridir.

Milli Məclisin daha 4 üzvü rəhbər postdadır: Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Nizami Cəfərov Atatürk Mərkəzinin direktoru, Ülviyyə HəmzəyevaNaxçıvan Rəssamlar Birliyinin sədri, Novruzəli Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

Milli Məclisdə vətəndaş cəmiyyəti və media strukturlarında rəhbər vəzifə tutan şəxslər də var.

Azərbaycan Konstitusiyasına görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməz(novator.az).

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib