Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13395-.html

Deputatın, polis rəisinin, prokurorun, hakimin MAAŞI nə qədərdir?

08.11.2017 20:07:44

İqtisadiyyat

Noyabrın 7-də Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı. 
Hətta deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olduğu bildirildi.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış Çingiz Qənizadə ilə əlaqə saxlayıb.
Deputat bildirib ki, parlamentin bir neçə komitəsinin birgə iclaslarında  2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi  müzakirəyə çıxarılıb.
"Bu müzakirələrdə deputatlarla yanaşı, müvafiq qurumların rəhbərləri, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər vəzifəli şəxslər iştirak edib. Parlamentin bütün iclaslarında deputatların  fikir ifadə etmək hüququ sərbəstdir.  Bu iclaslarda hər bir deputat təhlillərinə uyğun olaraq fikir formalaşdırır. Dünən Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı. Doğrudan da Azərbaycan Milli Məclisinin deputatlarının maaşı digər dövlətlərlə müqayisədə aşağıdır. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində ölkəmizə gələn gəlirlərin azalmasını nəzərə alsaq, deputatların maaşlarının artırılması məsələsinin müzakirə olunmasını bir az real hesab etmirəm. Amma belə bir artım olacaqsa, buna sevinəcəm”.
Ç.Qənizadə deyib ki,  sosial şəbəkələrdə "deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olması” fikrindən istifadə edən bəzi şəxslər bu qurumlar haqqında neqativ fikirlər formalaşdırmaq istəyirlər. 
"Çox təəssüflər olsun ki, bəzi şəxslər də onların bu fikirlərinə rəy bildirirlər və paylaşırlar. Bu gün müstəqil Azərbaycanın hər bir bölgəsində təhlükəsizlik şəraitndə, azad,  rahat şəkildə hərəkət edə biliriksə və olduğumuz yerdə ictimai asayiş çox yüksək şəkildə qorunursa, buna görə hüquq-mühafizə orqanlarına təşəkkür etməliyik. Eyni zamanda pozulmuş hüquq və azadlıqlarımızın qorunması üçün onlara müraciət edirik. Çünki Konstitusiya ilə hüquq və azadlıqlarımızın qorunmasının təminatı bu orqanlara tapşırılıb. Bu orqanlar da bizim hüquq və azadlıqlarımızın qorunmasına daim diqqət yetirirlər”.
 
Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarında çalışan şəxslərin əmək haqları barədə  məlumatlı  olduğunu qeyd edib.
"Hər hansı bir rayon polis rəisinin aylıq məvacibi 1000 manat civarındadır.  Bu onun xidməti, yaşı və həmin orqanda nə qədər  işləməsi ilə bağlı 1000-1200 manat arası dəyişə bilər. Eyni zamanda, məhkəmə hakimiyyətində olub, 17 il  hakim işləyən şəxsin əmək haqqı 1450 manat civarındadır. Bildiyimiz kimi, xidmət keçmə ilə bağlı həmin şəxslərin maaşları hər 5 ildən bir 15 faiz artır. 
Rayonlardakı prokurorların əmək haqqı isə əhalinin sayına görə tənzimlənir. 100-150 min əhalisi olan bir rayonda prokurorun aylıq əmək haqqı 1350 manatdır. 150 mindən çox əhalisi olan rayonlarda işləyən prokurorların əmək haqqı 1375 manatdır. Dövlətin gəlirləri çox olduğu təqdirdə  bu qurumların həm sıravi, həm də rəhbər heyətinin əmək haqlarının artırılmasını arzu edərdim.  Çünki biz ölkədə sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin aparılması istiqamətində uğurlu nəticələr əldə edən bu qurumların əməyinə, zəhmətinə qiymət vermədən, onlardan nəisə tələb edə bilmərik. Qeyd edim ki, hər üç hüquq-mühafizə orqanlarının yerlərdəki rəhbər nümayəndələri xidmət keçdikləri ərazilərdə yaşamaq üçün kirayə haqqı da ödəyirlər. Ümid edirəm ki, dövlət büdcəsinin gəlirləri gələcəkdə artıqdan sonra bu qurumların əməkdaşlarının  əmək haqqılarının artması məqsədə uyğun olardı”.
Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır. 
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.
Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.
"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
 
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib