Dərc edilib: 10-11-2017

https://www.nuh.az/13411-.html

“Yeddi maşınımız gömrükdə saxlanılır”

10.11.2017 00:30:54

Cəmiyyət

Ölkə bazarlarında hökm sürən anormal vəziyyət tikinti sektoruna da təsirsiz ötüşməyib.
 
Son günlər marketlərdə, müxtəlif satış məntəqələrində bütün məhsulların qiymət artımı müşahidə olunur. Əsasən də gündəlik tələbat mallarında. Artıq siqaret və spirtli içkilərin qiymət artımı anonsu da edilib. Yaxın günlərədə bu məhsulların bahalaşmayacağını heç kim vəd edə bilməz.
Sön bir neçə həftədə bazarda ən çox artım, yuxarıda da qeyd etdiyimiz kimi, tikinti bazarında, xüsusilə də istilik sistemlərinin qiymətində müşahidə olunub. Bildiyimiz kimi, ölkəyə idxal olunan istənilən malın qiyməti xarici valyutanın günlük məzənnəsi ilə hesablanıb, məzənnəyə uyğun alıcıya təklif edilir. Axı son günlər, biz səhv müşahidə aparmamışıqsa, ölkədə normal halda qiymət artımı yox, əksinə, ucuzlaşma müşahidə olunmalıdır. Necə deyərlər, "biz saydığımızı sayaq, gör monopolistlər, ticarətçilər nə sayır!”.
"AzPolitika.info”nun əməkdaşları da, ölkədəki anormal vəziyyəti nəzərə alıb üz tutublar Dərnəgül tikinti materialları bazarına. Bazarda ilk baxışda həqiqətən də istilik sistemləri mağazalarında qıtlıq müşahidə olunurdu. Bir neçə mağazaya baş çəkib, eyni hal ilə qarşılaşdıqdan sonra, yaxınlaşdıq bazarın ən böyük mağazalarından biri olan "İmmerqaz” istilik sistemlərinin diller mağazasına. Mağazanın Elxan adlı əməkdaşı ilə söhbət etdik. Bahalaşma ilə bağlı suallar ünvanladıq. Elxan da həqiqətən bahalaşma olduğunu, bunu xarici valyutanın məzənnəsi ilə əlaqəli olmadığını bildirdi. "Həqiqətən də son günlər istilik sistemləri çox bahalaşıb. Bilirsiniz, camaat elə bilir ki, biz süni qiymət artımı edirik. Amma bu düşündüyünüz kimi deyil. Bax, bu dəqiqə bizim gömrükdə yeddi maşınımız saxlanılıb. Bizdən əlavə rüsum istəyirlər. Vermədiyimiz üçün də maşınlarımız neçə gündü gömrük əməkdaşları tərəfindən saxlanılır. Hamısı da istilik sistemləri ilə dolu maşınlardır. Bazarın yarısına malı biz paylayırıq, yəni "optovoy” qiymətə. İndi biz gömrükdən malımızı çıxarmaq üçün əlavə pul ödəməliyik, bu da təbii ki, qiymət artımı ilə nəticələnəcək. Qoyulan rüsumdan artıq pul istənilmədiyi təqdirdə, təbii ki, mal günün məzənnəsinə uyğun verilir mağazalara. Özünüz də müşahidə edərsiniz yəqin, bazarda qıtlıqdır. Səbəb də, dediyim kimi, gömrükdə alınan əlavə xərclərdir. Bir neçə gün bundan öncə 1 metrini 70 manata satdığımız panel radiatorları hazırda 78-80 manata satırıq. Əslində isə ucuzlaşmalı idi. Eyni ilə də, kombi aparatları. Hər bir aparatda, ən azı 100 manat bahalaşma var”.
Göründüyü kimi, mağaza əməkdaşı bahalaşmaya görə məsuliyyəti gömrüyün üzərinə yıxır. Kimin haqlı, kimin haqsız olduğunu biz deyə bilmərik. Yəni əminliklə demək çətindir ki, "fürsət bu fürsətdi” deyib mağaza sahibləri də süni qiymət artımına getmirlər. Dəqiq bilinən odur ki, istilik sistemləri fantastik bahalaşıb!

NUH informasiya agentliyi səhifəsindən çap edilib