Dərc edilib: 16-11-2017

https://www.nuh.az/13549-.html

Əsrə bərabər 25 il

16.11.2017 17:48:46

LIVE

Əsrə bərabər 25 il


Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının 25 illiynə həsr edilmiş tədbir keçirilib


             Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr edilmiş geniş tədbir keçirilib. Tədbirdə YAP İcra katibinin müavini Siyavuş Novruzov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nəsimi rayon YAP sədri Məlahət İbrahimqızı, YAP Qadınlar Şurası Idarə Heyətinin üzvü Rəna Əliyeva, Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Sara Həsənova, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamella Şahbazova,  Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Suraxanı rayon Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, millət vəkilləri Sahibə Qafarova, Sevinc Fətəliyeva, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov iştirak ediblər.


          Tədbir iştirakçıları yığıncaqdan öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar. 

          BSU-nun konfrans zalında baş tutan tədbiri universitetin rektoru, professor Nurlana Əliyeva açaraq Yeni Azərbaycan Partiyasının ötən 25 il ərzində müasir Azərbaycanın dinamik inkişafında oynadığı son dərəcə mühüm roldan bəhs edib. 

O, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizi bir çox sınaqlardan uğurla keçirdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirib.  N.Əliyeva bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın  milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkımizin hərtərəfli inkişafına öz töhfələrini verdiyini qeyd edib. O, ölkə başçısının  səsləndirdiyi “YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır” fikrini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

              N.Əliyeva Yeni Azərbaycan Partiyasının gənclər siyasəti və yeni nəslə qayğısı barədə danışarkən Azərbaycanın ilbəil artan iqtisadi qüdrətinin gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasında, sosial problemlərinin həllində mühüm rol oynadığını nəzərə çatdırıb. O, bu gün Azərbaycanın iqtisadi nailiyyətlərinin innovativ ideya və təşəbbüslərin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının sıralarına tələbə-gənclərın daha çox qatılmasını Yeni Azərbaycan Partiyasına gəncliyin etimadı kimi dəyərləndirib. N.Əliyeva, ümumiyyətlə, 2016-ci ildə universitetdə 172 müəllim, 208 tələbənin Yeni Azərbaycan Partiyasının üzvü olduğu halda, 2017- ci ildə bu rəqəmlərin müvafiq olaraq 285 və 331  nəfərə çatdığını bildirib. Rektor bu gün gənclərin dövlət quruculuğunda, ölkəmizin siyasi nüfuzunun, iqtisadi gücünün artmasında, mənəvi-mədəni potensialının yüksəlməsində öz güclərini sınamağa çalışdığını söyləyib.          

N.Əliyeva  ölkəmizin müdafiə qüdrətinin güclənməsində Azərbaycan gəncliyinin mühüm rolundan danışıb. O, ötən ilin aprel ayında baş verən döyüşlərdə Azərbaycanın gənc əsgərlərinin göstərdiyi şücaət və qəhrəmanlığı tarixi bir nümunə kimi dəyərləndirib və bildirib ki, ordumuzun gücü ilə biz qısa zamanda torpaqlarımızı bütünlüklə düşmən tapdağından azad edə bilərik. “Ancaq biz qan tökülmək, qırğınlara yol vermək istəmirik, buna görə dinc yolla itirilmiş ərazilərimizi qaytarmaq istəyirik”.

          N. Əliyeva  bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclərin respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirakını təqdirəlayiq hal kimi qiymətləndirib: “Ümumiyyətlə, gənclər elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər”. 

              N.Əliyeva dünyada elm və texnikanın bugünkü sürətli inkişafı şəraitində gənclərimizin mükəmməl təhsil almasının və biliklərə dərindən yiyələnmsinin vacibliyini vurğulayıb. N.Əliyeva bunun üçün Bakı Slavyan Universitetində hər cür şəraitin olduğunu bildirib və gəncləri bu imkandan bəhrələnməyə çağırıb.

            N.Əliyeva onu da qeyd edib ki, BSU-nun professor müəllim heyəti, universitetdə təhsil alan gənclər zəmanəmizin bayraqdarı olan Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşir.

             YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışına Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid bəzi faktları sadalamaqla başlayıb. O, Ümummilli Liderin bütün zamanlarda-həm Sovet dövründə, həm müstəqillik uğrunda mübarizə illərində, həm də müstəqil Azərbaycanda dövlət quruculuğu dönəmində xalq sevgisi və məhəbbəti ilə əhatə olunduğunu diqqətə çatdırıb. S.Novruzov bunun səbəbsiz olmadığını, Heydər Əliyevin müstəsna şəxsiyyəti ilə, millətə, xalqa, Azərbaycana bağlılığı ilə izah edib. 

            S.Novruzov YAP-ın idarəçilik tarixini Azərbaycanın şərəf tarixi kimi dəyərləndirib. O, partiyanın uğurlarını onun təməlinin düzlük və təmizlik üzərində qurulması ilə əlaqələndirib.

             İcra katibinin müavini bu gün partiya sıralarının 40 faizini gənclər təşkil etdiyini bildirib. Amma partiyada qadınların xüsusi fəallıqla seçildiyini xüsusi vurğulayıb.

            Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışına ölkə başçısının bu günlərdə YAP-ın 25 illik yubileyi ilə bağlı məruzəsində irəli sürülən müddəalarla başlayıb. O, Prezidentin çıxışının proqram xarakterli olduğunu və partiyanın hər bir üzvünün qarşısında konkret vəzifələr qoyduğunu bildirib. Bu vəzifələrin isə xalqın həyatının, ölkənin sosial iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablandığını deyib. A.Əsgərov Yeni Azərbaycan Partiyasının ölkənin iqtisadi yüksəlişində oynadığı rolu bir faktla qeyd edib: “H.Əliyevin rəhbərliyi altında Yen Azərbaycan Partiyası hakimiyyətə gələndə ölkənin Ehtiyat Fondunda cəmi 1 milyon vəsait var idi, indi isə həmin rəqəm 50  milyona çatıb”.

 BSU-da YAP-ın sədri Sevinc Axundova Yeni Azərbaycan Partiyasının 25 illik tarixi yoluna qısa bir nəzər salaraq bunu “uğurlar və nailiyyətlər dövrü” kimi 

xarakterizə edib. O, partiyanın çox ağır bir dövrdə hakimiyyətə gəldiyini, həmin ərəfədə ölkədə bir milyondan artıq qaçqın və köçkünün olduğunu, iqtisadiyyatın tam dağıldığını, etnik-dini zəmində konfliktlərin baş alıb getdiyini  xatırladıb. O, Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkəni böhranlı vəziyyətdən çıxardığını, nəhəng iqtisadi inkişaf yoluna keçirdiyini vurğulayıb. S.Axundova YAP-ın bu gün dünyanın bir çox ölkələrinin ciddi siyasi qurumları ilə əməkdaşlıq etdiyini, beynəlxalq inteqrasiya prosesində mühüm rol oynadığını diqqətə çatdırıb.       

           Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov çıxışında bu gün ölkədə gedən quruculuq və abadlıq işləri barədə məlumat verib. O, ölkədə 4147 məktəbdən 3 mininin yenidən qurulduğunu vurğulayıb. Nazirliyin əməkdaşı 25 ilin böyük zaman olmasa da, Azərbaycanın sosial-iqtisadi həyatında əsrə bərabər bir zaman olduğunu bildirib.

           BSU-nun tələbəsi Sevinc Əlizadə Yeni Azərbaycan Partiyasının gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. O, vurğulayıb ki, dövlətin gənclər siyasətinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsidir.

         Tədbirin gedişində YAP-a üzv olmaq üçün müraciət edən 19 nəfərə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.

 

        BSU-nun Mətbuat xidməti  

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib