Dərc edilib: 20-11-2017

https://www.nuh.az/13614-.html

Zaur Kamalın verilişində Bilgəhdəki “Qocalar evi” tənqid olundu

20.11.2017 15:36:37

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəhdəki, Müharibə və əmək əlilləri üçün pansionatı (Bilgəh Qocalar evi) ilə bağlı zaman-zaman şikayətlər səslənib.

Kivnews.com xəbər verir ki, bu dəfə şikayəti elə “Qocalar evi”nin sakini etdi. Belə ki, 100.5 FM radiosuna zəng edən Baba Ağayev adlı şəxs səhhətində yaranmış problemlə bağlı fikirlərini bildirdi. Daha sonra isə imkanlı şəxslərdən onun müalicəsinə kömək edilməsini xahiş etdi. Proqramın aparıcısı Zaur Kamal qeyd olunan qocalar evində hər bir müalicənin dövlət tərəfindən aparıldığını qeyd etsə də, şikayətçi bununla razılaşmadı və bildirdi ki, onlarla maraqlanan, müalicələrini aparan yoxdur. Hətta şikayətçi efirdən Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədovanın da adını çəkməkdən qorxmadı.

Bildirək ki, qeyd olunan pansionatda Azərbaycanın demək olar ki, hər bir bölgəsindən olan insan var. Bu insanlarla işləmək üçün kifayət qədər səbirli olmaq və onlara sevgi ilə yanaşmaq lazımdır. Çünki atılmış uşaqlardan və yaxud sağlamlığından məhrum insanlardan fərqli olaraq, bu evin sakinlərinin yaşı 60 yaşdan yuxarıdır, onlar həyata küskün insanlardır. Bu səbəbdən onlarla davranış tam fərqli olmalıdır.

Kivnews.com

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib