Dərc edilib: 26-11-2017

https://www.nuh.az/13704-.html

AZAL-da problem – Sərnişinlərin yükü Naxşıvanda qaldı – EKSKLÜZİV – YENİLƏNİB

26.11.2017 00:02:51

Hadisə

Bu dəqiqələrdə Bizimxeber.az-a daxil olan məlumata görə, AZAL Hava Yollarına məxsus Naxçıvan-Bakı reysi ilə paytaxta gələn sərnişinlər problemlə üzləşiblər. Naxçıvandan Bakıya gələn sərnişin Rüstəmli Toğrul Əsədulla oğlu Bizimxeber.az-a bildirib ki, Naxçıvandan 18:20-də havaya qalxan təyyarə 19:30-da Bakıda olub. 

Hava limanında enən sərnişinlər yük götürmə yerinə yaxınlaşdıqları zaman bəlli olub ki, yükləri Naxçıvanda qalıb və növbəti reyslə gətiriləcək. Yüklərin nədən başqa reyslə göndərilməsinin səbəbini öyrənmək istəyən sərnişinlərə heç bir cavab verilməyib: “Hazırda 31 sərnişin oz yükünü götürmək üçün artıq 2 saata yaxındır ki,  hava limanında gözləyir. Heç bir məlumat da vermirlər”.

Sərnişin Rüstəmli Toğrul Əsədulla oğlu bildirir ki, yüklərin digər təyyarə ilə göndəriləcəyi ilə bağlı məlumatı mühafizə xidmətinin əməkdaşlarından öyrəniblər: “Mühafizə xidmətinin əməkdaşları deyir ki, neçə aydır eyni problemdir. Əlavə heç bir məlumat vermirlər”.

Hazırda 31 sərnişin növbəti reysi gözləyir ki, yüklərini götürsün.

***
Sərnişin Rüstəmli Toğrul Əsədulla oğlu  bildirir ki, nəhayət 31 sərnişinin yükü növbəti reyslə gəlib çıxıb. Sərnişinlər 2 saatdan artıq gözlədikdən sonra yüklərini 22:30-da götürə biliblər.

Məsələ ilə bağlı geniş araşdırma aparacayıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib