Dərc edilib: 27-11-2017

https://www.nuh.az/13727-.html

Azərbaycan televiziyalarına ölümcül zərbə

27.11.2017 16:59:15

Region
Azərbaycanda televiziyaların durumu daha da ağırlaşacaq. Buna səbəb həm də yeni kanalın fəaliyyətə başlamasıdır. “Gündəm Xəbər”ə daxil olan məlumata görə “Dalğa TV” adıyla fəaliyyətə başlayacaq yeni kanal sırf xarici serialların yayımı ilə məşğul olacaq. 

Bu məqsədlə artıq dublyaj redaksiyası yaradılıb və bir neçə xarici serial artıq azərbaycan dilinə tərcümə edilib. Çox maraqlıdır ki, bir neçə il öncə Prezidentin tapşırığı ilə ölkədə xarici serialların yayımına qadağa qoyulmuşdur və dövlət büdcəsindən televiziyalara pul ayrıldı ki, yerli serialların çəkilişi gücləndirilsin. Amma bu gün yenidən xarici serialların yayımlanması həm Prezidentin tapşırığına ziddir, həm də yerli seriallara ağır zərbə olacaq. Bundan başqa xarici seriallara olan marağa görə reklam bazarındakı tarazlıq da pozulacaq. Yəni reklamçılar digər televiziyalarla əməkdaşlığa son verib “Dalğa TV” ilə əməkdaşlığa üstünlük verəcəklər. Düzdür hazırda bildirilir ki, yeni kanal yalnız peyk vasitəsiylə yayımlanacaq və buna görə narahatçılığa əsas yoxdur. Amma redaksiyamıza daxil olan bilgiyə görə, kanalın ölkə daxilində rahat baxılması üçün başqa oyundan istifadə olunacaq. Yəni kanal həm də KATV vasitəsiylə yayımlanacaq və bu o deməkdir ki, tamaşaçı rahatlıqla bu kanala baxa biləcək. Bununla da yerli kanallara öldürücü zərbə vurulacaq. Maraqlıdır, bəs MTRŞ bu kanalın KATV-də yayımlanmasına hansı əsaslarla icazə verəcək?. Sualın cavabını yaxın günlərdə nəzərinizə çatdıracağıq.

Cəfər
“Gündəm Xəbər”

NUH informasiya agentliyi səhifəsindən çap edilib