Dərc edilib: 04-12-2017

https://www.nuh.az/13802-.html

"Ziya Məmmədov dedi ki, birdən çaşarsan..."

04.12.2017 00:38:35

Müsahibə

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı kimi tanınan Yaşar Məmmədovu tutduğu vəzifədən azad edib.
Məsələ ilə bağlı unikal.org-un əməkdaşı sabiq icra başçısı Yaşar Məmmədovla əlaqə saxlayıb və o, suallarımızı cavablandırıb.
- Dünən tutduğunuz vəzifədən azad olundunuz. Bu barədə nə deyə bilərsiniz?
- Əvvala qeyd edim ki, mən prezident İlham Əliyevin əsgəriyəm. 2010-cu ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. 2010-cu ilin aprel ayından Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində, 27 yanvar 2015-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişəm. Bunları xatırlamaqda məqsədim odur ki, mən ömrüm boyu vətənimə xidmət etmiş adamam. Kifayət qədər vəzifələrdə olmuşam. Dünən də icra başçısı vəzifəsindən azad olundum. İşimi təhfil-təslim etdikdən sonra tərk etmişəm. Bundan sonra da qalan ömrümü prezident İlham Əliyevin əsgəri kimi, vətənimə həsr etməyə hazıram.
- Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi təqdim olunursuz. Məhz ölkə başçısının bu sərəncamı sabiq nazirin yaxını olduğunuz üçün verdiyi deyilir...
- Kim nə yazır qoy yazsın. Onu deyim ki, Ziya müəllim mənim bibim oğludur. Azərbaycanın ən yaxşı nazirlərindən biri olub. Mən onun etiklərini heç vaxt dana bilmərəm. Onunla fəxr edirəm. O, Azərbaycana düşmən deyil ki? Mən onu tarixdən silə bilmərəm?
- Qohumluq əlaqələriniz işdən azad olunmağınıza nə kimi təsir göstərdi?
-İşdən azad olunmağıma gəldikdə isə bir daha deyirəm mən prezidentin əsgəriyəm. Prezident İlham Əliyevin işdən çıxarılmam ilə bağlı sərəncamını şərh edə bilmərəm. Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür, belə məsləhət bilib. Məni icra başçısı kimi, 8 il vəzifədə saxlayan İlham Əliyev olub. Yuxarıda qeyd etdiyim kimi, 5 il Ucar, 2 ildən artıq Quba rayonunda icra başçısı vəzifəsində çalışmışam. Bununla belə, 10 ildən artıq polis rəisi vəzifəsində olmuşam. Mən hazırda evimdəyəm, istirahət edirəm....
- İlham Əliyevin dünənki sərəncamından sonra Ziya Məmmədovla əlaqə saxlamısınız?
- Bəli, dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa "fikir” söyləyərsən? Çaşarsan ha birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı.
- Bəs siz nə dediniz?
- Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.
- Bundan sonra dolanmağınız üçün hansı işlə məşğul olacaqsınız?
- Mən keçmiş polis əməkdaşı olduğum üçün 950 manat pensiya alıram. Allah bərəkət versin. Normal yaşamağım üçün yetərli məbləğdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib