Dərc edilib: 04-12-2017

https://www.nuh.az/13808-.html

Prezidentliyə namizədin xalqa müraciəti

04.12.2017 14:22:34

Cəmiyyət

ƏZIZ HƏMVƏTƏNLƏR, DƏYƏRLI DOSTLAR!

Xeyli düşünüb-daşındıqdan sonra belə bir qənaətə gəldim. Əksəriyyəti itirilmiş torpaqlarımızın geri qayıtmasını istəyən, maddi durumundan şikayətçi olan, mənəvi dəyərlərimizin ayaq altına atıldığını söyləyən, ölkəni tərk etmək istəyən, bir sözlə, problemlər içində boğulan xalqımız, şübhəsiz ki, bu durumun dəyişməsini istəyir. Amma onu necə dəyişməyin yolunu neçə illərdir heç cür tapa bilmir. Artıq çoxları heç axtarmır da, məğlubiyyətlə, qara bəxti ilə razılaşıb oturub.

Ancaq son illər apardığım müşahidələrə əsasən deyə bilərəm ki, ümidimiz tam tükənməyib. Axtarışlar davam edir. İnsanların sanki qulağı səsdədir. Onlar xoş bir xəbər, ovqatlarını bir anda dəyişəcək müjdə həsrətindədirlər. Sadəcə, bu müjdəni verəcək kimsə yoxdur.

Xalq ona olmazın əzablar verən indiki hakimiyyətdən bezdiyi kimi, yarıtmaz, insanların mübarizə ruhunu öldürən, xərcləyən müxalifətdən də yorulub. Cəmiyyətimizə bir ruh düşkünlüyü hakimdir. İnamsızlıq, ümidsizlik özünün pik nöqtəsinə çatıb.

Ancaq bu son deyil. Ümidlərimiz, arzularımız, xəyallarımız tam ölməyib. İynənin ucu boyda da olsa işartı var və əgər bu varsa, deməli, ümid, inam da var.

Bütün işlərin başında istək, arzu dayanır. Bir şeyə nail olmaq üçün gərək əvvəlcə onu istəyəsən. Ondan sonra həmin işin proqramını və planını qurmaq lazım gəlir. Ən sonda isə həmin planı həyata keçirmək üçün səy, bacarıq və qabiliyyət tələb olunur.

Məncə, istək var. Çünki hamımız dəyişiklik istəyirik. Ancaq konkret proqramımız və fəaliyyət planımız yoxdur. Uzun illərdir ki, içi mən qarışıq hamımız bunu kimdənsə gözləyir və növbəti xəyal qırıqlığına uğrayırıq.

Ən böyük yanlış da elə budur. Gərək heç kəsdən gözləməyək. Özümüzə, öz gücümüzə, qətiyyətimizə, iradəmizə inanaq.

Bəli, əgər xalq dəyişiklik istəyirsə, bundan sonra mütləq onun proqramını ortaya qoymalıdır. Ancaq qoya bilmir. Bunun yolunu, mexanizmini tapa bilmir. Məşhur təmsildəki kimi, hər dəfə ayı ilə şir dovşanın üstündə dava salıb, həkdən düşür və tülkü ovu götürüb aradan çıxır.

Bunun mexanizmi aramızdan birinin çıxıb bu ağır, məsuliyyətli, çətin işi öz öhdəsinə götürməsidir. Mən illər uzunu bunu gözlədim, hər dəfə ortaya yeni lider çıxanda ümidləndim, ona kömək etdim, dəstəklədim, fəqət bacarmadılar. Əbülfəz Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov, Rəsul Quliyev, Əli Kərimli, Rüstəm İbrahimbəyov, İlqar Məmmədov, Cəmil Həsənli. Mən bu insanların, xalqımızın ortaya çıxardığı bu liderlərin hər birinin seçki kampaniyasında fəal iştirak etmiş, əlimdən gələn köməyi bütün canım və qanımla əsirgəməmişəm. Ancaq hər dəfə ümidsizliyə düçar olmuş, bununla belə, bundan nəticə çıxarmış, həyat təcrübəmi, siyasi biliyimi artırmışam. Doğrudur, onlardan biri – Əli Kərimli prezidentliyə namizəd olmayıb, amma mən onun təbliğatı üçün hamıdan çox çalışmış, onun dəstəklədiyi namizədlərə kömək etmişəm.

Gözləyə-gözləyə 50 yaşıma çatdım. İndi də gözləyirəm, amma səs-səmir yoxdur. Növbəti prezident seçkisinə bir ildən  az  qalıb, heç kəs qımıldanmır.

Ona görə də qərara gəldim ki, bu dəfəki prezident seçkilərində özüm namizəd olum. Bu qərarı verməyimdə məndən olan gözləntilərin, mənə tuşlanan ümidli baxışların da rolu böyükdür. Hiss edirəm ki, bunu məndən uman insanlar var. Həm də yaşım, təcrübəm, biliyim, savadım, xarakterim də buna imkan verir.

Bu, ağır, son dərəcə məsuliyyətli, iradə, dözüm, qətiyyət, ağıl, xərc tələb eləyən bir işdir. Bunların hamısının bir insanda kifayət qədər olması, əlbəttə, çətin məsələdir. Ancaq düşünürəm ki, çoxu məndə var, çatışmayanlarda da sizin köməyinizə ümid edirəm.

Gəlin sınayaq. Görək öz içimizdən çıxmış sadə, kasıb, halal zəhməti ilə dolanan, heç bir xarici dövlətdən yardım, qrant almayan, hakimiyyətə sığınmayan bir adamı dəstəkləyib önə çıxara, arxasında dayana bilirikmi? Ürəyində yaxşı, ləyaqətli, firavan, xoşbəxt yaşamaq arzusu gəzdirən bir xalq bunu necə həyata keçirməyin yolunu da tapa biləcəkmi? Əgər bunu bacarsaq, mütləq qalib gələcəyik!

Bu yaxında dostlardan biri mənə “sizin kimi ziyalılar irəlidə getməlidir” yazmışdı. Mən bu ağır işin altına girməyə qərar verdim. İndi söz sənindir, əziz xalqım! Gəlin düşdüyümüz bu ağır vəziyyətdən özümüz, öz gücümüzlə, birgə çıxaq!

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib