Dərc edilib: 06-12-2017

https://www.nuh.az/13834-.html

Azərbaycanda suda doğuş neçəyə başa gəlir?

06.12.2017 00:20:13

Mədəniyyət

Suyun doğuş vaxtı rahatlaşdırıcı effektinin məlum olması çox keçmişə aid olsa da, elmi cəhətdən əsaslandırılmış şəkildə 1980-ci illərdə tətbiq olunmağa başlayıb.

Medicina.az xəbər verir ki, Fransada məşhur ginekoloq Mişel Oden digər həmkarları ilə birlikdə idarə etdiyi xəstəxanada təbii doğuş qədər suda doğuşa da xüsusi önəm verib.
Suda doğuşun tətbiqi mövzusunda öndə gedən ölkələrdən biri də İngiltərədir. Hazırda İngiltərədə demək olar ki, hər xəstəxanada suda doğuş bölmələri mövcuddur. Bundan başqa Almaniya, Hollandiya və xüsusilə digər Şimali Avropa ölkələrində də suda doğuş metodu doğuşa hazırlaşan analara seçim olaraq rahatlıqla təklif olunur.
Bəs Azərbaycanda suda doğuş həyata keçirilirmi?
 
Xəstəxanalar bu prosedura hazırdırmı?
Medicina.az mövzu ilə bağlı xəstəxanalar arasında sorğu aparıb. 
Məlum olub ki, Azərbaycanda, xüsusilə paytaxtda doğum üçün ən çox müraciət olunan xəstəxanaların heç birində suda doğuş xidməti təklif olunmur.
Baku Medical Plaza: "Xeyr keçirilmir. Olmayıb heç zaman”.
1 saylı Şəhər Kliniki Xəstəxanası: "Yox, suda doğuş keçirilmir”.
Modern hospital: "Keçirilmir”.
Vital doğum evi: "Suda doğuş keçirilmir. Ehtiyac görülmür. Yaxın zamanlarda da ehtimal yoxdur”.
Yalnız Respublika Diaqnostika Mərkəzində (RDM) hamilə qadınlara suda doğuş xidməti göstərilir ki, bunun da qiyməti çox yüksəkdir. 
Xəstəxanadan əldə etdiyimiz məlumata görə, suda doğuş 1480 AZN-dir: "Bu təkcə əməliyyatın qiymətidir. Həkimin qəbulu bu pula daxil deyil . Həkim müayinəsi 39-60 AZN arası dəyişir. Lakin onu vurğulayaq ki, suda doğuşa tələbat o qədər də çox deyil”.
Əməliyyatdan öncə hamilə qadın doğuş öncəsi müayinələrdən keçməlidir ki, bunun qiyməti RDM-də 250 AZN təşkil edir. Əlavə ehtiyaclar da gərəkli ola bilər ki, bunun üçün də ailə əlavə məbləğ ödəməlidir. Məsələn, VİP palatada 3 gün qalmaq üçün 500 AZN, ginekoloji USM üçün – 30 AZN, bir gün uşağın küvəzdə qalması 220 AZN, küvəzdə uşaqla birlikdə ananın da qalması 300 AZN, xəstə yanında müşayiətçi 60 AZN, körpəyə peyvənd 30 AZN təşkil edir. Adını qeyd etmədiyimiz digər müayinələr də mövcuddur. Həkim ehtiyac gördükdə həmin analiz və müayinələr üçün də əlavə xərc tələb olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib