Dərc edilib: 15-12-2017

https://www.nuh.az/13920-.html

Eynulla Fətullayevin “kişilik” problemi, yaxud danos jurnalistikası

15.12.2017 12:48:41

Cəmiyyət

 Son illər  Mətbuat Şurasının  “reket jurnalistika”ya, ümumiyyətlə,  jurnalist etikası və peşə prinsiplərinə zidd  hərəkət edənlərə  qarşı gördüyü tədbirlər cəmiyyət tərəfindən  müsbət qarşılanır.

Lakin  özünü  az qala toxunulmaz  hesab edən bəzi  media rəhbərləri  bundan nəticə çıxartmır. Təəssüf ki, Mətbuat Şurası  da  belələri  ilə bağlı  susmaqda davam edir.

Axı, jurnalist etikası, peşə prinsipləri  kimliyindən asılı olmayaraq hər bir media mənsubuna şamil edilməlidir.

Bəs necə olur ki, son vaxtlar az qala hər məqaləsində  konkret şəxslərin  ünvanına ən təhqiramiz ifadələr  işlədən  Virtualaz.org  və Haqqin.az  saytlarının  baş redaktoru Eynulla  Fətullayevə  gözün üstə qaşın var deyən olmur ? 

Axı, heç bir halda insanların şərəf və ləyaqətini alçaltmaq olmaz.

Həm də söyüş, təhqir, böhtan  nə vaxtdan jurnalistika hesab olunur?

Ümumiyyətlə, bu nə üslubdur, bu nə dəst-xəttdir ?

Mənim məqsədim təhqir olunan, alçaldılan şəxslərə vəkillik etmək deyil. Onların kifayət qədər imkanları var ki, özlərini müdafiə etsinlər. Məqsədim kiminsə adının “qara  siyahı”ya,  reket  siyahısına  salınması da deyil. Yeganə  məqsədim bu ziyanlı və yolverilməz  “jurnalist  üslubu”  barədə fikrimi cəmiyyətlə bölüşməkdir.

Bu  “üslub”un  nə qədər  təhlükəli  olduğuna  inanmaq üçün  Eynulla Fətullayevin son bir ayda Almaniyada  yaşayan keçmiş deputat Hüseyn  Abdullayev, Azərsun Holdinqin prezidenti Abdulbarı Gozel, ADP sədri Sərdar Cəlaloğlu, Palmali şirkətlər qrupunun rəhbəri  Mübariz Mənsimov barəsində yazdıqlarına  və  verdiyi sensasiyalı açıqlamalara göz atmaq yetər.

Fətullayev  öz  məqaləsində haqqında bəhs etdiyi adamın ünvanına aşağıdakı söyüş və təhqirləri yağdırır:

quldur, tərbiyəsiz, əxlaqsız, küçə uşağı, axmaq, kəmsavad, ikiüzlü, əyalət adamı, oğru, kriminal  ünsür, hətta  İT BALASI...

Bəli, İT BALASI. Bircə müstəqil  mediamızda İT BALASI  çatmırdı..

Belə ağır  söyüşlərlə kifayətlənməyən baş redaktor  öz  hədəflərini  ağır  cinayətlərdə  ittiham  etməkdən də  çəkinmir.

Baş redaktor öz məqalələrində Abdolbari Gozelə silahlı basqından, biznesmenin döyülməsindən, seyfindən 180 min dollar aparılmasından, iş adamı Hacı İbrahim Nehrəmlinin kabinetinin “Kalaşnikov”  avtomatı ilə güllə-baran edilməsindən, ADP sədri Sərdar Cəlaloğlunun öldürülərək  aradan götürülməsi planından  və daha nələrdən  bəhs etmir...

Birincisi, baş redaktorun dediklərindən  belə məlum olur ki, guya  həmin dövrdə  ölkədə əməlli-başlı  anarxiya-bespredel  olub.

İkincisi  və ən  əsası  qarşı tərəf  baş redaktorun  yazdıqlarını  şər-böhtan, cəfəngiyyat adlandırır.

Ancaq  Fətullayevin şər-böhtan-təhqir  maşını   dayanmaq bilmir.

Son vaxtlar  Fətullayevin  əsas hədəflərindən biri də “Palmali”nin sahibi  Mənsimovdur.

O,   Mübariz  Mənsimovun Azərbaycan dövlətinə və SOCAR-a yarım  milyard  “atdığını “  yazır. Axı,  SOCAR  bu barədə heç bir  açıqlama vermədiyi halda,  əlində heç bir rəsmi sənəd olmayan  Fətullayev  qarşı tərəfi necə ittiham edə  bilər ?

Digər  tərəfdən  hər bir insanın  borcu-alacağı-verəcəyi olduğu kimi  böyük biznesdə də  böyük borcların, böyük  alacaqların-verəcəklərin olması təbii haldır. Nəinki  yarım milyard, hətta bir neçə  milyard. Ona görə də borc  sahiblərinin susduğu halda  Fətullayevin  yarım milyardla bağlı  “cırıq 3-lük”  söhbəti etməsi gülüncdür. 

SOCAR-la  kifayətlənməyən  baş  redaktor   Mənsimovun Rusiya hökumətinə də milyardlar atdığını xüsusi olaraq qeyd edir.

Əlində heç bir məhkəmə qərarı, yaxud rəsmi sənəd olmadan iftira atmaq, şər-böhtan yazmaq  lap ötən əsrin 37-ci ilinin  gizli  danoslarını yada salır. Bu reket jurnalistikasından da dəhşətli  danos jurnalistikasıdır. Ötən əsrin 30-cu illərində də  Moskvaya yazılan belə danoslar minlərlə  soydaşımızın  həyatına son qoydu. Mikayıl  Müşfiqlər, Hüseyn Cavidlər həmin danosların qurbanı oldu.

Söhbət danosbazlıqdan düşmüşkən, mərhum  prezident Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, Siyasi Büro üzvü seçiləndə, ali  rəhbər vəzifəyə təyin olunanda  düşünürdüm ki, hamı sevinəcək, amma Moskvaya danos yazanlar da tapıldı.

Görünür bu gün də bəzi əli qələm tutanlar  öz mənəvi atalarının yolunu davam etdirirlər.

Cənab Fətullayev təkcə danosla  kifayətlənmir, hansısa karidorlarda eşitdiklərini jurnalist araşdırması kimi tirajlayaraq insanları  böyük cinayətlərdə ittiham edir.

Mən başa düşürəm ki, böyük siyasətin və böyük biznesin zirvəsinə heç kim ağ kostyumda və bəyaz əlcəkdə getmir. Amma kimlərisə ittiham etmək üçün əlində rəsmi sənədlər, tutarlı faktlar, dəlillər, sübutlar olmalıdır. Digər tərəfdən öz soydaşımızı deyil, Rusiya şirkətini  müdafiə etmək hansı məntiqə  söykənir?

Axı, biz nə vaxta qədər özümüz özümüzə qənim kəsiləcəyik?

Ümumiyyətlə, Fətullayev  son bir neçə ildə elə açıqlamalar verir ki, nəinki jurnalist etikasına, ümumiyyətlə, heç  bir qanunlara sığmır.

Məsələn, baş  redaktor  keçmiş MTN şefi Eldar Mahmudova, həbsdə olan general Akif Çovdarova üzünü tutaraq “Kişi olun, başınıza bir güllə çaxın... özünüzü öldürün..”  kimi açıqlamalar verir.

Eldar Mahmudovun, Akif  Çovdarovun və  digərlərinin əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və inanıram ki, hər kəs əməlinə görə layiq olduğu cəzanı gec-tez  mütləq  alacaq.

Bəs Fətullayev niyə onlara çağırış  edir ki,  özünüzü öldürün?

Axı, kimisə ölümə çağırmaq özü də yolverilməzdir, hətta cinayətdir.

Fətullayev  bu şəxslərin qanun qarşısında, ədalət məhkəməsində  cavab verməsini niyə istəmir?

Deyir ki, başınıza güllə çaxın, kişi olun özünüzü öldürün.

Söhbət kişilikdən düşmüşkən, Eynulla Fətullayev oxucularına şad xəbər verir ki,  keçmiş deputat Hüseyn Abdullayevlə  onun  arasında  olan şəxsi  söhbətləri bir-bir cəmiyyətə çatdırcaq. Və  çatdırır da.

Axı, iki kişinin arasında olan söhbətləri  car çəkməklə KİŞİLİK  bir  araya sığmır, cənab baş redaktor.

Söyüşlə, təhqirlə  ürəyi  soyumayan  Fətullayev  haqqında bəhs etdiyi adamları “Bandotdel”ə salmaqla, qandallamaqla hədələyir: “Sizi  baqajda da olsa Bakıya gətirəcəyik”.

Məncə, bu  artıq nəinki  jurnalistikanın, ümumiyyətlə, sözün bitdiyi  yerdir.

Çünki   medianın fəaliyyəti  qanun,  jurnalist etikasi və peşə prinsipləri çərçivəsindən kənara çıxmamalıdır.

 

P.S.  Yeri  gəlmişkən, Fətullayev  öz  saytında  jurnalist həmkarlarının bostanına da daş atmaqdan qalmır: “Mənsimov bir qrup azərbaycanlı jurnalisti yanına çağırıb, hesabında qalan pullardan bir az onların cibinə basıb…”

Şəxsən öz adımdan deyə bilərəm ki, 7 ay öncə   yazdığım  “ Milli sərvətimiz təkcə  neft deyil” başlıqlı  məqalədə   dünyamiqyaslı azərbaycanlı  iş adamlarının ( Araz Ağalarov, İsgəndər Xəlilov, Qod  Nisanov, Mübariz  Mənsimov, Fərhad  Əhmədov  və s)  əsl  milli sərvət olduğunu, onların dövlətimiz və cəmiyyətimiz üçün rolunu əsaslandırmağa çalışmışam. Onlara  qarşı  olan neqativ-bədxah münasibətlər barədə  düşüncələrimi bölüşmüşəm. Məqalədə adı keçən iş adamları ilə heç vaxt yaxın-uzaq  tanışlığım olmayıb. Ona görə də hesab edirəm ki, Fətullayevin  “Mənsimov  azərbaycanlı jurnalistlətin cibinə pul basıb” deməsi  “cırıq 3-lük”  davasıdır.

 

  NUH.az-ın  baş redaktoru  Kamran Məhərrəmli  


NUH informasiya agentliyi səhifəsindən çap edilib