Dərc edilib: 16-12-2017

https://www.nuh.az/13942-.html

Piyadalar üçün cərimələr artırılsın - TƏKLİF

16.12.2017 14:31:53

Piyadalar yerüstü və ya yeraltı keçiddən istifadə etmədikdə həm həyatlarını təhlükəyə atırlar, həm də qanunvericiliyə müvafiq qaydada cərimə olunurlar. Bəzən qayda pozuntusu yalnız keçidlərlə bağlı olmur. Piyadaların qaydaları daha kobud şəkildə pozması hallarına da rast gəlinir. Qanunvericilikdə sürücülərə tətbiq olunan cərimələr fərqləndirilsə də piyadaların hər biri qaydanı istənilən şəkildə pozmasından asılı olmayaraq 20 AZN məbləğində cərimə ödəməlidir. 
Məsələ ilə bağlı modern.az-a danışan ekspert Ərşad Hüseynovdeyir ki, piyadalara tətbiq edilən cərimələrin fərqləndirilməsi məntiqə uyğundur. "Hüquq nəzəriyyəsində hüquq pozuntusuna görə tətbiq olunan sanksiyanın əməli xarekterinə uyğunluğu deyilən bir məsələ var. Məsələn, sürücü qırmızı işıqdan keçirsə, cəriməsi 60 manatdır, amma şərxoş vəziyyətdə maşın idarə edirsə, onun cəriməsi 400 manatdır. 60 manat hara, 400 manat hara? Çünki sərxoş halda maşın sürmək daha təhlükəlidir. Sürücü buna bilərəkdən  yol verir. Qırmızı işıqdan isə səhvən də keçə bilər.
Piyadalara gəldikdə incə bir məqam özünü göstətir.  İncəlik odur ki, yol hərəkəti qaydalarını pozan piyada, məxsusi olaraq birinci növbədə özünü təhlükəyə məruz qoyur. Onun əməli ətrafdakılardan daha çox özünə ziyandır. Bu nöqteyi-nəzərdən qanunvericilik piyadaya tətbiq olunan cərimələri fərqləndirmir. Nəzəri cəhətdən isə piyadının törətdiyi daha açıq-aşkar qayda pozuntusuna görə cərimələri fərqləndirmək olardı. Amma bizim qanunvericiliyimizdə hələ ki belədir. Düşünürəm ki, bu da pis deyil”.
Ərşad Hüseynov cərimələrin fərqləndirilməsi ilə bağlı fikirlərin səsləndiyini də qeyd edib. "Belə bir informasiya yayılmışdı ki, hardakı ayırıcı sədlər var,  həmin qorucuyu səddin üzərindən aşan piyadalara daha ağır cərimələr tətbiq olunsun. Məntiqlidir. Çünki biri var piyada  adi yoldan keçir, biri də var dəmirin üstündən hoppanır. Bunların cəriməsinin fərqləndirilməsində bir məntiq var. Piyadanın törətdiyi bütün qayda pozuntuları özünü təhlükəyə məruz qoyduğuna görə bu cərimə onu sadəcə çəkindirmək üçündür. Əslində  belə də məqbuldur. Daha ağırlarına, daha təhlükəlilərinə, daha aşkarlarına görə fəqli sanksiyalar da ola bilər. İstənilən halda cərimələr diqqətlə tətbiq olunmalıdır. Elə olmalıdır ki, reallığa uyğun olsun, piyada onu ödəyə bilsin. Çəkindirici əhəmiyyəti olsun. Cəriməni artırmaqla, cəriməni dəyişdirməklə hər şey həll olunmur.Əsas hədəf hüquq pozuntusunun qarşısının alınmasıdır.
20 manat cərimənin özü də kifayət qədər böyük məbləğdir. Piyada tələbədirsə və ya təqaüdçüdürsə, bir gündə  20 manat itirsə, aylıq gəlirini tam olaraq itirə bilər”. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib