Dərc edilib: 25-12-2017

https://www.nuh.az/14103-.html

Növbəti il bank sektoru üçün daha ağır olacaq

25.12.2017 14:25:16

İqtisadiyyat

“Təəssüf ki, bank sektorunun daha ağır dövrü hələ qarşıdadır. Ona görə ki, cari ildə bank sisteminin heç bir fundamental problemi köklü şəkildə həll olunmadı. Əksinə, problemlər donduruldu və növbəti illərə keçirildi”.

Bunu AFN-ə açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda bank sektorunun 2017-ci ildəki vəziyyətini və 2018-ci ildə bu istiqamətdə proqnozları şərh edərkən deyib. Onun sözlərinə görə, bank sisteminə etimadın bərpası istiqamətində heç bir əməli tədbir görülmür: “Əksinə, etimad daha da sarsıdılır. Misal kimi ən iri bankımız olan Beynəlxalq Bankı göstərmək kifayətdir: bu il ərzində artıq 3 dəfə kütləvi şəkildə müqavilə öhdəliklərinin icrasından yayınıb, o cümlədən əmanətlər üzrə faiz dərəcəsini birtərəfli qaydada qanunsuz olaraq aşağı salıb. Belə bank sisteminə kim etibar edər? Ona görə də əmanətlərin həcmi azala-azala gedir. Əmanətsiz banklar necə fəaliyyət göstərəcək?” 

Növbəti il bank sektoru üçün daha ağır olacaq-


Ekspertin sözlərinə görə, bank sistemindəki digər bir məsələ problemli kreditlərin həcminin artan xətlə getməsidir. Ə.Həsənov deyir ki, həmin kreditlərin əksəriyyətini süni şəkildə elə bank sahibləri və inzibatçıları yaradıb: “Amma bununla bağlı hərətərəfli araşdırma yoxdur və problem şişə-şişə gedir. Uzaqbaşı əhalinin üzərinə atırlar problemi: guya camaat borcunu qaytarmır deyə problem yaşanır. Halbuki əhalinin borcları ümumi kredit portfelinin cüzi hissəsini təşkil edir. Bu problemlə məşğul olmalı olan əsas qurum - Maliyyə Bazarlarına Nəzarət Palatasının özü iflic vəziyyətdədir. Bir tərəfdən, həm Mərkəzi Bank ona badalaq vurur (banklara kredit verməməklə), digət tərəfdən isə Palatanın öz daxilində ciddi qarşıdurma mövcuddur - Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə İdarə Heyətinin sədri İbrahim Alışov arasında. Qeyri-peşəkar və təsadüfi adam olan sonuncu hələlik birincini üstələyir, bu da bank sistemində qeyri-müəyyənliyi daha da artırır. Nəticədə pis banklar hələ də yaşayır. Nə vəziyyətlərini düzəltmək üçün tədbirlər görülür, nə də ləğv olunurlar. Əksinə, Palata onların fəaliyyətinə müxtəlif məhdudiyyətlər tətbiq edərək onları daha da çətin duruma salır. Bütün bu problemlər partlayacaq, özü də pis şəkildə, çünki şişə-şişə gedir. Ümid edirəm ki, növbəti ildə onların həlli dürüst və peşəkar insanlara həvalə olunacaq”.

Növbəti il bank sektoru üçün daha ağır olacaq-


Bank və maliyyə məsələləri üzrə ekspert Samir Əliyev də bildirir ki, banklar özləri üçün ağır olan bir ili arxada qoysalar da, qarşıdakı ilin onlar üçün heç də asan olmayacağını ehtimal etmək olar: “2015-2016-cı illərdə bankların 29%-i bağlanaraq bazarı tərk etdi. Əvvəl Mərkəzi Bank, sonra isə maliyyə Bazarlarına Nəzarət Palatası sistem üçün təhlükə törədən bankların lisenziyasını geri alaraq onları fəaliyyətini dayandırmağa məcbur etdi. İlk devalvasiyadan sonra ümumilikdə 13 kommersiya bankı bank sektorunu tərk etməli oldu. Yola saldığımız ildə isə 2 bank uzun illərdir baş tutmayan bir təşəbbüsü - birləşməni həyata keçirdilər. Hazırda 31 bank (şərh “Dəmirbank”ın lisenziyası alınmamışdan əvvəl alınıb-red.) fəaliyyət göstərir və onların sayının bu səviyyədə qalacağı şübhə doğurur. 2017-ci ildə bank sektoru kiçilməkdə, iqtisadiyyat kreditsiz qalmaqda, kreditlərin problemi artmaqda davam etdi. Bankların aktivləri 10 ay ərzində 16% azalaraq 31,4 milyarddan 26,3 milyard manata düşüb. Bank sektorunda ixtisarlar bu il də davam edib. İşçilərin sayı 17 mindən 16,5 minə qədər azalıb. Bank filiallarının sayı isə 569-dan 556-yə düşüb. Bank sektorunun problemləri kreditləşmədə özünü göstərib. 2016-cı ilin sonu ilə müqayisədə kredit qoyuluşu 16,4 milyardan 12,2 milyard manata düşüb. Buna səbəb devalvasiyanın yaratdığı problemli kreditlər olub. Probemli kreditlərin həcmi 1,5 milyarddan 1,9 milyard manata yüksələrək taixi rekord həddə çatıb. İqtisadiyyata yönəldilən hər 100 manatdan ən azı 15,5 manatının geri qayıtması sual altına düşüb. Əmanət qoyuluşunda da azalma tendensiyası müşahidə edilib. Əhalinin yerləşdirdikləri əmanətlərin həcmi 7,5-dən milyarddan 7,3 milyard manata düşüb. Hazırda bank sektoru devalvasiyasının fəsadlarını aradan qaldırmağa çalışır”.
S.Əliyevin sözlərinə görə, yaranmış çətinliklərin “qurbanları”nın çox olmasına rəğmən problem həllini tam tapa bilməyib: “Bəzi banklar özünə gəlsə də, reanimasiyada qalan banklar da var. Ən azı bir neçə bank ölüm-dirim savaşındadır. Növbəti il onlar üçün sınaq ili olacaq və onlar bazarda qalmaq üçün çarpışacaqlar. Neftin bahalaşması müəyyən qədər pul axınının artmasına dəstək versə də, bankların sağlamlaşdırılması tam aradan qalxmayıb. Bankların təmərküzləşməsi davam edərək son 5 ilin ən yüksək həddinə çatıb. Dövlət tərəfindən dəstək verilməsə iqtisadiyyatın kreditləşməsi zəifləməkdə davam edəcək. Banklar cəlb etdikləri depozitləri yerləşdirməkdə çətinlik çəkdiklərindən onların qaytarılması da çətinlik yarada bilər. Gələn il hökumət əsas diqqəti bankların sağlamlaşdırılmasına yönəltməlidir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib