Dərc edilib: 25-12-2017

https://www.nuh.az/14105-.html

Qurban müəllim, bəlkə 0-ın (sıfırın) biri artıqdır ?

25.12.2017 15:30:59

Hadisə

Nəsimi  RİH-də  rüşvətin miqdarı kalkulyatorla göstərilir

 

 

Ölkə  başçısı cənab İlham Əliyevin rüşvət  və  korrupsiyaya qarşı elan etdiyi  qətiyyətli  mübarizə bəzi məmurları yeni  yollar,  təzə metodlar  axtarışına məcbur edib.

NUH.az-a müraciət edən iş adamı bildirir ki, obyektinin sənədləşdirilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edib.

İş adamı bildirir ki, onu Nəsimi RİH başçısının müavini  Qurban İsmaylov çox mehriban qəbul edib: “ İnsaf naminə  deyim ki, Qurban müəllim məni çox mehriban və səmimi qəbul etdi. Hətta onu da bildirdi ki, sizə kömək etməyi məndən xahiş ediblər. Və söhbətin sonunda lazım olan “summa”nı kalkulyatorda yazıb mənə göstərdi: 40000 ( qırx min manat). Mən ondan soruşdum ki, Qurban müəllim, bəlkə 0-ın ( sıfırın ) biri artıqdır, bəlkə 4000 ( dört min ) lazımdır ? O isə gülümsəyərək dedi ki, yox, kalkulyatorda nə yazılıbsa onu verməlisən”.

İş adamının müraciətindən sonra cənab Qurban İsmayılovun tərcümeyi halına baxmalı olduq.

İsmayılov 1988-ci ildə 11-ci sinfini bitirib. Həmin ili Moskva Dövlət Dəzgah Alətləri İnstitutuna  daxil olmuş, 1995-ci ildə Moskva Dövlət Avtomobil-Yol İnstitutunu bitirmişdir.

Görəsən, Qurban müəlimə  8 ilə bitirdiyi “Dəstgah universiteti”ndə nəyi tədris ediblər?

Cənab Qurban İsmayılov əmək fəaliyyətinə 1995-ci ildə Dövlət Neft Şirkətində başlamış, sonradan  Dövlət Əmlak, İqtisadi İnkişaf Nazirliyinin Nərimanov rayon şöbəsində aparıcı mütəxəssis, 2002-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində mütəxəssis, 2005-2008-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində məsləhətçi, 2008 -2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Yerquruluşu Layihə İnstitutunda şöbə rəisi vəzifələrində çalışmışdır. 2009-2015-ci illərdə Səbail rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2015-ci ildən 2017-ci ilin fevral ayınadək Nəsimi rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.  Hal-hazırda Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.

Məsələ ilə bağlı  Qurban İsmayılovun münasibətini öyrənmək üçün onunla əlaqə saxlamağa ( 440-61-71 ) cəhd etsək də, bu mümkün olmadı. 

Qarşı tərəfin mövqeyni dərc etməyə  hazırıq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib