Dərc edilib: 02-01-2018

https://www.nuh.az/14235-.html

"Koroğlu" adlı ilk milli komiksin təqdimatı oldu

02.01.2018 00:15:16

Maqazin

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə "İRS cizgi" yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib.
"Report"  bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-də həyata keçirilən layihələrdən, Milli Rəqəmsal Yaddaş bazasının prinsip və perspektivlərindən, vikipedia təlimlərindən, keçirilən tədbirlərdən, təqdimatlardan söz açıb.
O, "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksinin Azərbaycanda bu sahədə ilk uğurlu layihə olduğunu bildirib. Qeyd edib ki, komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır.
"İRS cizgi" yaradıcılıq qrupunun təsisçisi Anar Əkbərli "Koroğlu" komiksinin yaradılması prosesindən danışıb.
Tədbirdə çıxış edən digər natiqlər gənclərə başladıqları faydalı işlərdə uğurlar arzulayıblar. Onlar gələcəkdə bu fəaliyyətin daha geniş miqyasda olmasını diləyiblər.
Mərkəzi Elmi Kitabxananın əməkdaşı Renat Cəfərov komiksin mahiyyəti haqqında danışaraq bu işin ilk olaraq ABŞ-da başladığını və bütün dünyaya yayıldığını vurğulayıb. Onun sözlərinə görə komiks ənənəsi artıq bütün dünyada geniş yayılmaqdadır.
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib