Dərc edilib: 06-01-2018

https://www.nuh.az/14303-.html

Polis həmkarını öldürdükdən sonra yandıranın istəyi rədd edildi

06.01.2018 11:31:01

Kriminal

Polis həmkarını öldürdükdən sonra yandıran Ravil İbayevin kassasiya şikayətinə baxılıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2015-ci il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkar edilib. Araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub. M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş tərəfin şikayətindən sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il də artıraraq 20 ilə qaldırıb. R.İbayev isə qərardan kassasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyib. Ali Məhkəmə onun istəyini rədd edib və qərarı qüvvədə saxlayıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib