Dərc edilib: 06-01-2018

https://www.nuh.az/14316-.html

ABŞ prezidentini rüsvay edən kitabda nələr yazılıb?

06.01.2018 23:46:18

Günün sitatı

Donald Trump-ın vəkilləri Ağ Evdə, onun haqqında yazılmış kitabın çapını dayandırmaq üçün baş sındırırlar. Ağ Evin kitabı çap etməmək göstərişinə cabab olaraq, naşir çapı irəli çəkib və kitab bu gün işıq üzü görməlidir.

"The Guardian" yazır ki, ABŞ prezidenti barədə rüsvayçı kitabın müəllifi, jurnalist Michael Wolff belə bir tvit yazıb: "Kitabı sabah ala bilərsiniz, cənab prezident".
"Atəş və qəzəb: Trump-ın Ağ Evində" (Fire and Fury: Inside the Trump White House) kitabı gələn çərşənbə axşamı çıxmalı idi, lakin "The Guardian" müəyyən hissələri çap etdikdən sonra Ağ Evdə fırtına başlayıb.
Trump üçün vəziyyəti qəlizləşdirən bir də budur ki, o, eyni vaxtda keçmiş dostu və müşaviri Steve Bannon-la söz müharibəsinə girişib.
Steve Bannon Trump-ın böyük oğlunun rusiyalı vəkillə görüşməsini "xəyanət" və "qeyri-vətənpərvər" hərəkət adlandırmışdı.
Bunun cavabında Trump yazıb ki, "Bannon vəzifəsini itirəndə, görünür ağlını da itirib…"
Kitaba gəlincə, onun müəyyən hissələri "The Guardian" qəzetində dərc edildikdən sonra, başqa hissələri də "New York" jurnalı, habelə "New York Times" və "Wall Street Journal"da çap olunub.
Kitabın 250 min nüsxəsi çap edilib. Trump-ı təmsil edən hüquq firması çapın və satışın dayandırılmasını tələb etsə də, Holt & Co nəşriyyatı bildirib ki, əksinə, "misilsiz tələbata" görə kitab cümə günü satışa çıxacaq.
Nəşriyyat bildirib ki, vəkillərdən "dayan" komandası alsa da, "Atəş və qəzəb" kitabını "milli diskussiyamıza fövqəladə töhfə sayır".
ABŞ hüquqşünasları bildirirlər ki, Trump-ın bu kitabı dayandırmaq şansı sıfıra bərabərdir.
Amerika Vətəndaş Azadlıqları İttifaqının direktoru Ben Wizner deyib ki, hətta Trump-ın vəkilləri də bu işi məhkəməyə aparacaq qədər axmaq deyillər.
Ağ Evin "saxtakarlıq və yalanla dolu" adlandırdığı kitab Amazon-un bestseller siyahısında 48 min 449-cu yerdən birinci yerə qalxıb.
Bəs, görəsən, Trump-ı dəhşətə gətirən bu kitabın içərisində nələr var? Britaniya mətbuatı kitabdan bəzi parçaları artıq dərc edib.
"Atəş və qəzəb" kitabında qeyd olunur ki, Trump-ın seçkidə qalib gəldiyi elan olunan kimi onun arvadı Melania ağlamağa başlayıb
Melania-nı niyə ağlamaq tutub?
"The Telegraph" qəzetində dərc olunmuş məqalədə "Atəş və qəzəb" kitabına istinadən qeyd olunur ki, Trump-ın seçkidə qalib gəldiyi elan olunan kimi onun arvadı Melania ağlamağa başlayıb.
Melania-nın dediyinə görə, "Trump özünü "sanki gözünə cinlər görünürmüş kimi aparırdı. Trump çaş-baş qalmışdı. O, qələbə qazanacağını gözləmirdi və hətta istəmirdi. Onun deyilənlərə görə, öz şəxsi televiziya kanalını açmaq planı vardı..."
Ağ Evin kommunikasiyalar direktoru Stephanie Grisham kitabdakı iddiaları yalan adlandırıb və deyib ki, bu kitabı mağazaların fantastika bölümündə satmalıdırlar. Onun sözlərinə görə, xanım Trump ərinin qələbəsinə əvvəldən inanıb və onu dəstəkləyib.
Trump-ın saçı
Qızı İvankanın fikrincə, atası saçını boyamaq üçün Just for Men saç boyasından istifadə edir. Bu boyanın bir xüsusiyyəti saç uzandıqca rənginin tündləşməsidir. Hər halda qızı atasının saçlarındakı portağal rəngini bununla izah etməyə çalışır. Ümumiyyətlə, prezidentin saç düzümünün qəribəliyinə gəlincə, İvanka guya bildirib ki, atası "kəllənin kiçildilməsi" cərrahiyyəsindən keçib və bundan sonra saçları belə nataraz şəkil alıb.
Kitabda deyilir ki, İvanka atasının saçını daim lağa qoyurmuş.
Əməkdaşları onu "ipləmə" adlandırırlar
Kitabda qeyd olunur ki, Trump-ın əsas müşavirləri onun ağlının başında olduğuna şübhə edirlər. Maliyyə naziri Steve Mnuchin və administrasiyanın keçmiş rəhbəri Reince Priebus bəzi məlumatlara görə, prezident üçün "ipləmə" sözündən istifadə edirmişlər.
Trump-ın baş iqtisadçısı Gary Cohn deyilənlərə görə, onu "kütbeyin", milli təhlükəsizlik müşaviri H.R. McMaster isə "gicbəsər" adlandırır.
Kitabda yazılanlara görə Trump-ın yaxın və çox köhnə dostu, milyarder Thomas Barrack deyib ki, "O təkcə dəli deyil, həm də axmaqdır".
Cənab Barrack sonradan "New York Times" müxbirinə belə bir şey dediyini danıb və bildirib ki, bu ümumiyyətlə ona yaraşan sözlər deyil.
Ağ Evin keçmiş müşaviri Katie Walsh da dediklərini sonradan danıb. Kitabda yazıldığına görə, xanım Walsh Trump-la işləməyi "uşağın nazı ilə oynamağa" bənzədibmiş.
Kitabdakı iddialardan biri də Ivanka Trump-ın bir gün ABŞ-ın birinci qadın prezidenti olmaq xəyalı ilə yaşaması barədədir
İvanka prezident olmaq istəyir
Kitabdakı iddialardan biri də Ivanka Trump-ın bir gün ABŞ-ın birinci qadın prezidenti olmaq xəyalı ilə yaşaması barədədir.
Kitabın müəllifi Wollf yazır ki, İvanka və onun əri Jared Kushner öz aralarında indidən razılığa gəliblər: İkisindən birinin prezident olmaq imkanı yaransa, bu, İvanka olacaq.
Trump çarpayıya buterbrodla girir
Kitabda qeyd olunur ki, cənab Trump onun diş fırçasına kiminsə toxunmasını qadağan edib və viruslardan qorxduğu üçün döşəkağılarını özü dəyişir.
Kitabda iddia olunur ki, Trump və arvadı ayrı-ayrı otaqlarda yatırlar. Trump-ın otağında iki televizor var və o, hər axşam saat yeddinin yarısında yatağına uzananda əlində burger olur.
Trump-a Konstitusiya dərsi keçilib
Kitabda deyilir ki, Trump kampaniyasının köməkçilərindən Sam Nunberg prezidentə Konstitusiya barədə elementar bilikləri verən dərs keçib.
Nunberg guya deyib ki, Konstitusiyanı öyrənəndə prezident gözlərini bərəldirmiş.
Ağzısöyüşlü
Kitabda yazılana görə, Trump baş prokuror əvəzi Sally Yates-in əlindən o qədər boğaza yığılıbmış ki, onu qadın cinsi orqanı ilə adlandırırmış.
Trump onun sözünə baxmayan baş prokuror əvəzini vəzifəsindən prezidentliyinin 10-cu günündə qovub.
9 vəkillik bürosu onun müdafiəsindən imtina edib
Ağ Evdəki mənbələrə əsaslanan müəllif yazır ki, öz tabeçiliyində olanlardan heç kəs Trump-ın xüsusi prokuror Mueller-in Rusiya araşdırmasından salamat çıxacağına inanmır.
Məhz buna görə də 9 nüfuzlu hüquq firması Trump-ın müdafiəsindən imtina edib.
Huşsuzluqdan dostlarını tanımır
Cənab Wolff yazır ki, Yeni ildən az əvvəl özünün Mar-a-Lago villasında banket verən Trump köhnə dostlarını yada salmaqda çətinlik çəkirmiş.
Kitabda həm də deyilir ki, Trump-da qocalıqla bağlı huşsuzluq aşkar şəkildə özünü büruzə verir. O çox vaxt eyni misalları gətirir və 10 dəqiqənin içində bir şeyi iki dəfə təkrar edir.
Öz nikahına gecikən gəlinlərə və bəylərə 100 funtluq cərimə
"The Times" qəzeti yazır ki, öz toylarına gecikən gəlinlərin əlindən boğaza yığılmış bir İngiltərə keşişi belələrini 100 funt sterlinq cərimə edəcək.
Kentdəki Müqəddəs Xaç Kilsəsinin keşişi John Corbyn elan edib ki, kəbin mərasiminə 20 dəqiqədən artıq gecikən bəy və gəlin 100 funt sterlinq (220 manat) cərimə olunacaqlar.
Keşiş bildirir ki, onun məqsədi evlənənləri cərimə etmək deyil və bu cərimələr kilsədə təmizlik işi görən 20-dək xadiməyə paylanır.
"The Times" yazır ki, indiyədək cərimə olunanların əksəriyyəti kilsədən və keşişin xidmətindən razı qalıblar.
John ataya gəldikdə isə o, ilk dəfə deyildir ki, xəbər başlıqlarına çıxır.
2003-cü ildə keşiş Corbyn demişdi ki, çiyni və sinəsi açıq geyinmiş gəlinlərin kəbinini kəsməyəcək.
Mənbə: BBC

NUH informasiya agentliyi səhifəsindən çap edilib