25 illik LOR, rinoplastika və üz estetik cərrahı kimi təcrübəsi olan Qəhrəman Qəhrəmanov Medicina.az-a müsahibəsində insanların burun cərrahiyyəsinə marağı, rinoplastikada yol verilən səhvlər və qeyri-adi əməliyyatlarından danışıb:

-Doktor, siz ixtisasca lor cərrahsız, eyni zamanda  Avropa Üz Estetik cərrahiyyə Akademiyasının üzvüsüz. Siz də düşünürsüzmü, yaxşı lor, həm də yaxşı estetik cərrah olmalıdır?

-Bu mənim şəxsi fikrim yox, müasir zamanın tələbidir. Zaman indi burun cərrahiyyəsi ilə yanaşı üz estetikasını da tələb edir. Amerika, Avropa, Türkiyədə rinoplastik cərrahı həm də peşəkar üz estetik cərrahıdır.  Əgər bir insan burnundan narazı olub, rinoplastika əməliyyatına qərar verirsə və cərrah yanına gəlirsə, biz artıq onu ayrı yöndən dəyərləndiririk. Estetik cərrahiyyədən təsəvvürü olmayan həkim təbii ki, yalnız burunu düzəltməyi təklif edəcək. Kimi pasiyentin gətirdiyi şəkilə baxır, kimi də pasiyentin seçiminə buraxır ki, necə istəsəz elə də olacaq. Bunlar peşəkarlıqdan uzaq fikirlərdir. Ola bilər, ideal burun kəsilər, amma o burun o insanın üzünə yaraşmaz. Üzünə yaraşmayan burun pasiyent üçün faciədir. Hətta elə pasiyent olub ki, əməliyyatdan sonra əsəbləri dözməyib, intihar barədə düşünüb. Eləsi var, yenə həkimlər gəzir, 2-3 dəfə əməliyyat olunub. Məsələn, bu gün gənc xanım gəlmişdi, burnu zövqsüzdür. Amma baxdıq ki, xanımın çənəsi proporsionallıqdan uzaqdır. Əməliyyat zamanı mütləq çənəyə də "əl gəzdirmək” lazımdır. Almacıq nahiyəsi də doldurulmalıdır. Biz xəstəni başa salırıq. Təbii ki, o razılaşdı. Mən ən yaxşı burunu düzəltsəm də, yaxşı görünməyəcək. Düzdür, biz qeyri-adi iş görmürük. Bu, dünya estetik cərrahiyyəsinin adi tələbləridir. 
Bizim işimiz bir növ heykəltaraşlıqdır. Heykəltaraş bir adamın heykəlini düzəldəndə, o heykəlin simasında insanın xarakterini də göstərməyi bacarmalıdır. Xaraktersiz heykəl canlı olmayacaq. Estetik cərrah da gildən yox, insandan heykəl düzəldir. O insanın xarakterini, özəlliyini üzündə əks etdirməlidir. 
Baxın, gündə nə qədər burun əməliyyatı olunur. Nadir halda üzə yaraşan, təbii burun görərsiz. Baxırsan ki, qəşəng kiçik burundu, amma üzün heç bir parametrinə uyğun gəlmir. Axı Allah belə sima yaratmaz, bu gözəllik deyil. İnsanın qaşı, almacıq sümüyü, dodağı, alını, çənəsi – sənin kəsəcəyin buruna uyğun olmalıdır. 

-Hazırda bizdə burun əməliyyatı ən öndə gedən sahədir. Bu qədər artımın səbəbini maddiyyatda da görürəm... Burun kəsdirən çox, əməliyyat çox, gəlir də çox... 

-Xeyr, pula bağlamağı düzgün saymazdım. Mən 1991-ci ildə bu sahəyə gəlmişəm. Onda bu qədər dəb deyildi, gəlir də yox idi. O zaman LOR həkimi heç bu qədər dəylərləndirmirdilər. Bizə "boğaz əti əsən” kimi baxırdılar. Amma biz otolarenqologiyanı  inkişaf etdirdik, yeniliklər gətirdik. Hərdən 30 il əvvəl etdiyim əməliyyatlara baxıram, özümə ləzzət edir ki, avadanlıqlar, imkanlar olmayan vaxtda nə yaxşı iş görmüşəm. 
 
-30 il əvvəl kimlər burun əməliyyat etdirirdi?

-O vaxtlar bu qədər deformasiyalı burun  yox idi. Ancaq  travmalı burunlar gəlirdi. Amma indi elə burunlar gəlir ki, lap məəttəl qalırsan. Yəni travma almayıb, burunu anadangəlmə deformasiyalıdır. Yəni indi qızlarda daha çox kişilərdə olmalı burunlar formalaşır. Səbəbi yəqin ki, genetika, ekologiyadır. 

-Bu gün rinoplastika sahəsində nələr sizi narahat edir, nədən narazısız?

-Üz estetik cərrahiyəsini öyrənmədən, ya öyrənməkdən bilərəkdən imtina etmək ki, mən ancaq burun əməliyyatı edəcəm – bax, bu yanaşmadan narazıyam. 
Mən keçirdiyim bütün əməliyyatları video çəkiliş edib, arxivə salıram. Çünki sabahkı gün gördüyüm işə cavab verməliyəm. İndi o dövr deyil axı hər şey gizli qalsın. Sabah problem olanda cərrah deyəcək ki, mən hər şeyi düz etmişəm. Bəs hanı göstər. Niyə çəkilməyib? Bu bütün dünyada belədir.  Mən kiminsə nəsə etməyinin əleyhinə deyiləm. LOR həkimdir, rinoplastika cərrahıdır, amma estetik cərrah deyil, ola bilər. Problem ondadır ki, estetik cərrahdır, amma baş boyun sahəsini bilmir, LOR deyil. 
Burun fiziologiyasını, funksiyasını dərin bilməkdən ötrü 30 il də azdır. Təsəvvür edin, bir insanın mədə-bağırsağı sıradan çıxıbsa, onun burun tənəffüsündə problem yaranacaq. Gələcək LOR yanına, o da burun dərmanı yazacaq. Yaxşı həkim burunun nədən qaynaqlanaraq nasazladığını araşdırmalıdır. Estetik cərrah burunun fiziologiyasını yaxşı bilə bilməz. Çünki bir insanın vaxtı, potensialı o qədər deyil ki, hər sahəni mükəmməl bilsin. Mən baş-boyun cərrahıyam, gözlər də başda yerləşir, indi durum göz əməliyyatı edim, axı edə bilmərəm. Çünki gözləri öyrənməmişəm. Amma ki, görürəm xəstənin  üst damağında bir dişi vardı, o xəstəyə əzab verəcək. Onu stomatoloq belə çıxara bilməz. Elə plombla işlənmişdi ki, diş damaq sümüyünə yapışmışdı. O xəstənin elə narkozdaca dişini çəkdim. Ayılandan sonra o xoşbəxtlikdən uçacaq. Amma indi durum stomatoloq işləyim, implant edim olmaz. Hər kəs öz işini görməlidir. Estetik cərrah var ki, əl-ayaq-bədəni əla əməliyyat edir, ayaq köçürür, əyriliyini düzəldir. O sahənin də peşəkarı olmalıdır. Bir estetik cərrah hər şeyi üzərinə götürsün, həm üz, həm burun, həm bədən - o cərrahın işi mükəmməl ola bilməz. Bir insan çox şey biləndə o heç nə bilmir. 

-Yəni bir burunu kəsmək bu qədərmi çətindir?
- Burun xarici bir orqan deyil ki, kəsəsən, forma verəsən. Burunun daxili o qədər genişdir, elə bil mürəkkəb bir kombayndır. Bu yaxında bir gənc xanımı əməliyyat etdik. Nə vaxtsa burnunu əməliyyat etdirib. Sözün düzü, yaxşı burun deyildi. Amma pasiyenti artıq xarici görünüş maraqlandırmırdı. Dərdi nəfəs almaq idi. Baxdıq ki, onu əməliyyat edərkən səhvən burunun dayağı olan burun çəpəri də götürülüb. Burun çox yatmışdı. Biz pasiyentin kistalarını endoskopik yolla təmizlədik, xarici burun bərpası üçün qabırğasından istifadə etdik. Amma niyə bu vəziyyətə gəlib çatmalıydı? O da hamı kimi gözəl burun istəyirdi, amma şikəst qalacaqdı. Elə bilirsiz çökmüş, çəpərsiz, qığırdaqsız burunu düzəltmək asandır? Bu da xəstəyə ikinci travmadır. Amma əsas odur xəstənin nəfəsalması bərpa oldu. 
 
-Siz Avropada tez-tez olursuz. Orda da bizdəki qədər burun kəsdirmək dəbdədir? Bizdə hətta borca girib burun plastikası etdirirlər. Artıq öz təbii burnunda olan qız tapmaq çətindir.
-Avropada burun bizdəki kimi iri və deformasiyalı deyil. Statistikaya gələndə, Braziliyada xanımların hamısı estetik əməliyyatdan keçir, əsas də bədən quruluşu. Burun kəsdirməyə meyillik pis bir tendensiya deyil. İnsanın nə qədər ömrü var ki? İllər tez gedir, insan qocalır. Ona görə cavan yaşlarında xarici görünüşə önəm vermək lazımdır. İndi xanımlarda 30 yaşdan sonra üz estetikasına müraciət etmək daha çoxdur: botoks, üzün saplarla dartılması və s. 

-Siz bunları da edirsiz? Bunlar da əməliyyatdır?
-Əlbəttə. Estetik cərrah bu prosedurları da edir. Üzə sap qoymaq cərrahi əməliyyatdır. Sizə təəccüblü gəldi. Ona görə ki, indi salonlarda heç tibbi diplomu olmayan kosmetoloqlar botoks edir, mezo edir, sap qoyur. Bu, yolverilməzdir. Dəhşətli hallardır. Bunlar cərrahi profilli işlərdir. Botoksu hara oldu, necə oldu vurmaq olmaz. Üzün anatomik fizioloji quruluşunu bilmədən, dərini, sümüyü bilmədən üzə iynə vurmaq olar?
-Yazıq, bədbəxt qadınlar...
-Əlbəttə, sözün əsl mənasında böyük bədbəxtçilikdir. Mən az qala hər gün qadınların dodaqlarından süni gel çıxardıram. Süni gel o dərəcədə əzələnin içinə yeriyir ki, heç onu çıxarda bilmirik, bəzən əzələ ilə birlikdə kəsib atırıq. Harda edirlər? Salonlarda, zirzəmi tipli yerlərdə! Bunlara nəzarət olunmalıdır.

-Onda sizin əsas işiniz həm də başqaları tərəfindən olunmuş səhvlərin, qüsurların düzəldilməsidir.
-Başqa həkimlərin səhlənkarlıqları ucbatından baş vermiş səhvləri düzəltmək qədər çətin iş yoxdur.Reviziyaplastikada baxıb görürük ki, burunun karkas strukturu pozulub, bunu ora tikib, onu ordan kəsib. Baxıb özümə sual verirəm ki, bu cərrah bunu niyə kəsib, bunu niyə saxlayıb, orda nə işi vardı. Ümumiyyətlə, bu cərrah bu burundan nə istəyib? Burunun yan divarları iç divara birləşib, burun dəlikləri yoxdur. Bir dəlikdən hava keçir.

-Bu həkimləri axı siz tanıyırsız, hər halda pasiyent də deyir ki, ilk kim əməliyyat edib. Çoxunu hətta televiziyada görürsüz, işlərini facebookda paylaşırlar... 
-İndi mən kimlərisə pisləmək istəmirəm. Yaxşıları da çoxdur. Qeyri-kollegiallıqdır əsas problem. Xəstələrdə də günah çoxdur. Xəstə əməliyyatdan öncə 10 həkim gəzir. Bir normal rinoplastikanı hesablayırsan ki, ortaya iş çıxartmaq üçün 2000 manat xərc lazımdır. Amma yeni bir cərrah çıxıb, tutaq ki, dünən başlayıb, pasiyenti şirnikləndirir ki, gəl 600 manata edim. Bu rəqəmi hardan çıxarırlar? Axı bu heç xərci etmir. Hər bir gənc həkimin arxasında istər müəllim, istər ustad, istər hoca desin, işini bilən təcrübəli insan dayanmalıdır. Çoxları müştəbehdir: biri Türkiyədə oxuyub, biri Avropada. Axı sən 2 il orada oxumaqla bu işin təcrübəsini bilə bilməzsən. Sən eşitmisən, hələ nəsə kəsməmisən, tikiş vurmamısan. Özlərinə ar bilirlər öyrənməyi, soruşmağı. Amma bir də gördün, elə bir problemlə üzləşir ki, xəstəni şikəst edir. Biz o xəstələrin taleyini həll edirik. Mən 30 ildir burun kəsirəm, tikiş vururam, əyrini düzəldirəm- mənim bildiyimi bilə bilməz axı. Amma mən öyrədə bilərəm, məsləhət verə bilərəm. Bunlara gülə bilmirəm, gülsəm, deməli, öz özümə gülürəm.
 
Əsəbləşirəm. Biz halımıza ağlamalıyıq. Hamımız Azərbaycandayıq. Sənin qohumun mənim yanıma gələr, mənim qohumum sənin. Deməli, hardasa kimsə mənim yaxınıma zərər vuracaq. 
Ona görə xəstələr bu gün qorxur, inamsızdır. Bir insanı əməliyyatxanaya razı salmaq nə qədər çətin işdir. Hər gün də xəbərlər yayılır ki, burun əməliyyatında gənc qız öldü, ya nəsə oldu. 

-Burun əməliyyatında xəstənin sağ qalmaması kimdən asılıdır?
-Şükür ki, məndə bu vaxta kimi ölüm hadisəsi olmayıb. Amma əslində, həkim cavabdehdir.  Biz xəstənin anamnezini toplayanda çətinliklər olur: xəstə genetik, irsi xəstəliyini gizlədir, demir. Xəstələri əməliyyatdan öncə maksimum yoxlayırıq.
Məsələn: olur ki, tromboz xəstəliyi, qanın qəflətən laxtalanması. Bir anda xəstə ani boğulur, ani də ölür. Qan laxtası yuxu arteriyası ilə beynin bir hissəsinə düşə bilər. Bu faktorların hamısını aydınlaşdırmaq dünyada mümkün deyil. Ola bilər orqanizm sağlamdılr, analizlər normal, amma bu xəstədə irsən qan itirilmə əsnasında immun sistemdə dəyişiklik baş verir. Bunu artıq heç bir həkim bilə bilməz. Bəzi xəstəxanalarda əməliyyatdan öncə müayinələri pula görə azaldıblar, bir az irəli düşmək istəyirsən, əksinə olur. Təbabət pulun üzərində dayanan sahədir. İnsanlar bəzən inciyir ki, həkim çox analiz yazdı, həkimlər insanları soyur. Həkim dərini soya bilər, pulu yox. Həkim xəstənin cibini soymağı düşünmür. Amma yaxşı müayinə, müalicə pul tələb edir. Sağlamlıq ucuz deyil. Burda başdansovdu nəsə etmək olmaz. Bizə də xəstənin vəziyyətini dəqiq bilmək üçün müəyyən şeylər lazımdır. 
-Bu vaxta kimi ən qəribə, çətin əməliyyatlarınız, pasiyentləriniz hansılar olub?
-Bu yaxında bir yeni doğulmuş körpə əməliyyat etdik: həm qulaq seyvanı yoxdur, həm də qulaq dəliyi yoxdur. İçəridə də nə varsa qalıq şəklindədir. Qulaqdan iz də yox idi. Burda biz gicgah sümüyünü dəlirik, burda anatomiya tamam pozulub. Mən bilmirəm qarşıma nə çıxacaq. Hər cərrah qulaq əməliyyatı edə bilməz. Çünki üz siniri ordan keçir, arxasında sinus var, zədələnə bilər, bir az dərində daxili yuxu arteriyası, bir az da içəridə beyinə daxil ola bilərsən. Bunları biz mikroskop altında zərrə-zərrə anatomik qanunauyğunluğu qoruya-qoruya gedirik. Təzədən ora təbil pərdəsi düzəldirik, xarici qulağa keçid açırıq, kənardan dəri ilə plastika edirik. 
Bir il əvvəl bir gənc oğlan Sumqayıtda əməliyyat olunmuşdu. Əməliyyatda səhvən kəllə çuxuruna giriblər, orda qanla zəngin olan yeri zədələyiblər, qanaxma verib. Xəstə yanımıza gələndə göz qapağı sallanmışdı, bir tərəfi işləmirdi, artıq şikəst idi. 
Biz endoskopik yolla qanaxmanı saxladıq, radioloqla birgə məsləhətləşib, beyin əməliyyatı  etdilər, trombu təmizlədilər, çox böyük əziyyətlə demək olar ki, o gənci ölümdən qaytardıq. Sonradan gözü də düzəldi, əl ayağı da. Əgər bu gunki biliyimiz, texnikamız, imkanlarımız olmasaydı, o gənc həyatda qalmayacaqdı. Amma bu da bir həkim səhvi idi.
Bir maraqlı hadisə də olub: 2 xanım dalaşmışdı, biri digərinin burnunun qanadını dişləyib qopartmışdı. Lənkərandan gətirmişdilər. Biz o burunu bərpa etdik. Bu yaxında bir gənc kişinin də münaqişə əsnasında qulağını dibindən kəsmişdilər. Xəstəni gətirdilər, ona qulaq düzəltdik. Əgər qulaq vaxtında gətirilsəydi yerinə tikə blərdik. Qış idi, qar idi, 5-6 gündən sonra həmin ərazidə qulağı tapıb gətirdilər. Amma  qulaq artıq nerkozlaşmış, qaralmışdı. O xəstəyə qabırğasından istifadə etməklə qulaq düzəltdik. 
-Burun iltihabı digər orqanlara təsir edirmi, hansı xəstəliklər yarada bilər?
-Burun yeganə orqandır ki, atmosfer çirklənməsi və ətraf mühitə çox həssadır. Göz də çirkənir, yenə onu arada yuyuruq. Burunu heç yuyan da yoxdur. Burun öz-özünü təmizləyir, silir, qurudur. Amma bir su filtri nə vaxta qədər çirkli suyu təmizləsin. Burun da nə qədər çirkli havanı təmizləsin. Bizdə 90% çirklənmiş havadır. Burun ən yazıq orqandır – heç kim onu başa düşmür. Burun çəpərində əyrilik, burun ciblərində iltihab, üçli sinirin zədələri kəskin baş ağrıları, miqren verə bilər. Ona görə kəskin baş ağrıları olanlar mütləq LOR müayinəsindən keçməlidir. Birtərəfli baş ağrıları 99% yerli patologiya ilə əlaqədardır. Dişdə, burunda, cibdə problem varsa, orda qıcıqlar yaranır, o da siqnallar göndərir. Mədə xəstəliyi olan insanlarda faringit olur, faringit iltihabdır, iltihab da üzdə sızanaqlar, səpkilər yaradır.
-Peşəkar həkim kimi son olaraq pasiyentlərə nə tövsiyyələriniz var?
-Ən böyük arzum odur ki, xəstələr seçimdə diqqətli olsunlar. Peşəkar həkim seçsinlər. Hardasa çox ucuz əməliyyat təklif edənlərdən ehtiyat etsinlər.
 
Müştərini qiymətdən başqa heç nə maraqlandırmır. Amma sonra problem çıxanda gəlir ki, bəs məni aldatdılar, kömək edin. Ondan da çox xərci çıxır. 
Bir xəstə gəldi rayondan, qulaqda labirint əlamətləri var. Dərmanla müalicəsi olmayacaqdı, əməliyyat lazım idi.  
Xəstə maddiyat səbəbindən 2-3 klinika gəzib, cərrah olmayanlar deyiblər ki, buna heç əməliyyat lazım deyil. Heç nə demədim. Mən dediyim sözün ağasıyam. Çalışıram səhvə yol verməyim. 2-3 dərmanla sağalmayacaq axı, niyə xəstəni səhv yönləndirirsiz. Belə hallarda ürəyim ağrıyır, o xəstəyə görə narahatlıq keçirirəm. Yarımçıq müayinə və müalicələr ucuz olsun deyə sonradan çıxılmaz problemlər yaradır.
Kolleqa olaraq xahiş edərdim ki, xəstələri yarımçıq müalicə etməyək. Biz xəstələrin dərdini tapmayacağıqsa, o zaman onlar hara getsin. Mən istəməzdim ölkədən xaricə xəstə getsin. Hər cür imkanımız var. Biz özümüz başqa ölkələrdən xəstə qəbul etməliyik.