Dərc edilib: 12-01-2018

https://www.nuh.az/14412-.html

Sabahdan hava pisləşəcək - Qar, yağış, şaxta olacaq

12.01.2018 14:24:28

İdman

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan  771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə  arabir  güclənəcək. 

Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.  

Tibbi-meteoroloji proqnoz

Yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbərdarlıq

Yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib