Dərc edilib: 13-01-2018

https://www.nuh.az/14439-.html

Şahın oğlu İrandakı etiraz aksiyalarından danışdı: "Xalq 40 ildən sonra nəticə çıxarıb"

13.01.2018 16:01:27

Dünya

İran monarxiyasının sonuncu lideri Şah Məhəmməd Rıza Pəhləvinin oğlu şahzadə Rıza Pəhləvi İranda baş vermiş etiraz aksiyalarına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Rıza Pəhləvi bu barədə "Asiyanın səsi"nə açıqlama verib və etirazçıları dəstəklədiyini söyləyib: "İranda baş verən etiraz aksiyaları böyük önəm daşıyır. İran xalqı dini diktatorluq altında 40 il yaşadıqdan sonra nəticə çıxarıb. Gənc nəsil mövcud hakimiyyətin öz diktatorluğunu yaratmasında ümid görmürlər. Ölkədə olan korrupsiyaya görə yoxsulluq, aclıq və işsizlik artıb".

Pəhləvi xalqın mesajının açıq olduğunu, sistemin tamamilə dəyişdirilməsinə və hakimiyyətin demokratik bir rejimə həvalə edilməsinə ehtiyac olduğunu bildirib. O, qeyd edib ki, bu, ölkənin yenidən qurulmasının və İran vətəndaşlarının bütün hüquqlarının təmin edilməsinin yeganə yoludur.
R.Pəhləvi İranı Şimali Koreyaya bənzədib: "İran Yaxın Şərqin Yaponiyası ola bilərdi, amma təəssüf ki, Şimali Koreya kimi oldu. Oxşar təcrübələr əsasında yaradılan diktatura sistemli rejimlər axıra qədər davam etmir və vahid bir ideologiya ilə bütün ölkəni nəzarətdə saxlamaq mümkün deyil. İranlılar özlərinə güvənməlidirlər".
Pəhləvilərin ABŞ-da yaşayan üzvləri İranda etirazlar başlayan ərəfədə ABŞ-dakı İran səfirliyi önündə təşkil olunan aksiyalara qatılmış və etirazçıları dəstəklədiklərini göstərmişdilər.
Qeyd edək ki, Şahzadə Rıza Pəhləvi Şah Məhəmməd Rıza Pəhləvinin üçüncü və sonuncu həyat yoldaşı Fərəh Dibadan olan oğludur.
 
Çingiz Səfərli


NUH informasiya agentliyi səhifəsindən çap edilib