Dərc edilib: 16-01-2018

https://www.nuh.az/14475-.html

BSU “Elektron universitet” layihəsinə qoşulur

16.01.2018 18:29:39

LIVE

BSU “Elektron universitet” layihəsinə qoşulur


Azərbaycan Respublikası Təhsil Nazirliyinin (TN) təşəbbüsü ilə ali təhsil müəssisələrində vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını nəzərdə tutan Ali Təhsilin İnformasiya Sistemi (ATİS) layihəsi çərçivəsində  yanvarın 16-da Bakı Slavyan Universitetində (BSU) tədbir keçirilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları iştirak ediblər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanda elektron cəmiyyət və elektron hökümət yaradılması istiqamətində görülən mühüm işlərdən söz açaraq  qeyd edib ki, elektron universitet sisteminə qoşulmaq artıq dövrün tələbinə çevrilib. Rektor bu sistemin ali təhsil müəssisəsinin fəaliyyətinə yüksək təsir edəcəyini vurğulayıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini deyən Nurlana Əliyeva Bakı Slavyan Universitetinin regionda tutduğu unikal mövqedən, BSU-nun dünya universitetləri ilə sıx əməkdaşlığından söz açıb. Rektor vurğulayıb ki, bu ali təhsil müəssisəsinin başlıca məqsədi dövlət siyasətinə dəstək olmaqdır. Nurlana Əliyeva rəhbərlik etdiyi universitetdə elektron universitet proqramının tətbiqinin həm müəllimlər üçün, həm də tələbələr üçün səmərəli olacağını, universitetin fəaliyyətinin optimallaşdırılmasında, sürətləndirilməsində və tam avtomatlaşdırılmasında mühüm rol oynayacağını bildirib.

Sonra  söz alan Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Qurbanova Ali Təhsilin İnformasiya Sistemi layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi ali təhsil müəssisəsində təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqidir. V.Qarayeva eyni zamanda bildirib ki,  bu layihənin həyata keçirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunmasına və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcəkdir. Layihənin “Neuron Technologies”  şirkəti tərəfindən icra olunduğunu deyən V.Qarayeva diqqətə çatdırıb ki, layihənin səmərli və vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə universitetdə məsul şəxslər və müvafiq işçi qrupu şirkətin əməkdaşları ilə birgə fəaliyyət göstərəcək.

"Neuron Technologies"  şirkətinin direktoru İsmayıl Ələkbərov isə elektron universitet proqramına keçidin qazandıracağı üstünlüklərdən danışıb. O bildirib ki, “Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqi həmçinin tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılmasını, tədris prosesinin, təhsilin məzmununun və insan resurslarının elektron idarə edilməsini təmin edəcək. İ.Ələkbərov “Unibook”a daxil olmaq istəyən tələbə və müəllimlərə verilən onlayn giriş imkanı ilə onlar istənilən məlumatı öyrənə biləcəklərini diqqətə çatdırıb. Şirkət rəhbərinin sözlərinə görə, hazırda geniş tətbiq olunan “Unibook” platforması “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixrac edilməyə başlanıb.

Sonra çıxış edən "Neuron Technologies"  şirkətinin layihələr üzrə rəhbəri Tural Mövsümzadə qeyd edib ki, tələbələrə sözügedən portala giriş imkanı verilir və bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olacaq. Beləcə tələbələr istədikləri zaman “Unibook”da dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlərlə tanış olub istədikləri məlumatı öyrənə biləcəklər.

T.Mövsümzadə çıxışında sistemin necə işlədiyi və istifadə qaydaları ilə iştirakçıları tanış edib. Təqdimatda qeyd olunub ki, dərslərin mövzusu müəllimlər tərəfindən doldurulacaq və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunacaq. Tələbələr “Unibook”a daxil olaraq imtahan nəticələri və topladıqları ballar haqqında məlumat ala biləcəklər.

Tədbirin davamında elektron universitet layihəsi ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

    BSU-nun Mətbuat xidməti

NUH informasiya agentliyi səhifəsindən çap edilib