Dərc edilib: 20-01-2018

https://www.nuh.az/14563-.html

Ərdoğan açıqladı: Afrin əməliyyatı başladı

20.01.2018 17:47:46

Dünya

"Afrin əməliyyatı ərazidə faktiki olaraq başlayıb. ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır. Daha sonra Münbiç əməliyyatı gələcək".
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kütahya təşkilatının toplantısında çıxışında ABŞ-ın Suriya siyasətini tənqid edib: "Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan ibarət hər cür təşkilatın adı terror təşkilatıdır. Yox, Suriya Demokratik Qüvvələri imiş, yox, sərhəd ordusu imiş, siz kim aldadırsınız? Bu təşkilatın adı PKK-dır, PYD-dir, YPG-dir. Bunu özləri də bildikləri halda, bizi və dünyanı aldatmaq üçün mayallaq aşırlar. Biri "ordu quracağıq” deyir, digəri "belə bir məqsədimiz yoxdur” deyir, başqası "sərhəd mühafizə qüvvələri quracağıq” deyir. Bunların bir-birindən xəbəri yoxdur. Üstəlik, "təşəbbüslərimiz Türkiyəni hədəf almır” deyirlər. Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.
Ərdoğan Qərb dövlətlərinə müraciət edib: "Sizin 3,5 milyon qaçqınla bağlı bir dərdiniz yoxdurmu?! Bu insanların nə yeyib, nə içdiyi sizi maraqlandırmırmı? Bu günədək siz bunlarla bağlı nə iş görmüsünüz".

NUH informasiya agentliyi səhifəsindən çap edilib