Dərc edilib: 21-01-2018

https://www.nuh.az/14565-.html

Abbas Əliyevdən 20 yanvar şəhidlərinin xatirəsinə qəzəl

21.01.2018 00:16:39

Reportaj

Bu gün Azərbaycanın hər yerində 20 Yanvar şəhidləri anılır və xatirəsi ehtiramla yad edilir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev şəhidlərin xatirəsinə qəzəl ithaf edib.

“Qafqazinfo” həmin qəzəli oxucalara təqdim edir:

 

Bu gecə...


Eylədilər çoxlarını qanına qəltan bu gecə

Gecənin bağrı tamam olmuşdu al-qan bu gecə.

 

Nə qoca, nə uşağa, xəstəyə fərq qoymadılar

Çox yurd-yuvanı eylədilər yer ilə yeksan bu gecə.

 

Nə yaman zalım imiş onda “böyük qardaşımız”

Moskva cəlladına söylədi “əhsən” bu gecə.

 

Eşitcək Fərizənin eşqi viran oldu o gün

Özünü sevgisinə eylədi qurban bu gecə

 

Larisa, İlqara sən necə qıydın, ey cahil

Bakıda qopdu tufan, ağladı hər yan bu gecə.

 

Ağladı qərənfillər, tər çiçəklər qan ağladı

Al rəngə bürünmüşdü bağı-gülüstan bu gecə.

 

Çox ərlər doğuldular, kəsilənməz haqq səsimiz

Hər biri xalqa sipər, igid, qəhrəman bu gecə.

 

Sən də sil göz yaşını, ağlama, anam, ağlama

Çün vardır arxa-dayaq Azərbaycan bu gecə.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib