Dərc edilib: 22-01-2018

https://www.nuh.az/14586-.html

6 türk əsgəri bu qəbiristanlıqda dəfn olunub

22.01.2018 17:21:15

Region

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.


Bundan öncə paytaxtın Mərdəkan və Qobustan qəsəbələri, Abşeron rayonun Fatmayı kəndi, Binəqədi rayonunun Xocasən qəsəbəsindəki adsız türk şəhid məzarlarını araşdıran Q. Yunusoğlu bu dəfə Ucar rayonunun Təzə Şilyan kəndində  və Xırdalanda olub. O bununla bağlı məqaləsini “Qafqazinfo”ya təqdim edib.

Məqalədə qeyd olunur ki, Ucar rayonunun Təzə Şilyan kəndinin qədim  “Yunuslu  məhəlləsi”ndəki qəbiristanlıqda (bu qəbirstanlıqdan keçən əsrin 60-70-ci illərinədək istifadə olunmuşdur) ay-ulduz nişanlı və bir əsrlik yaşı olan bir ağac başdaşı  qalmaqdadır. Bu  qəbirdə 1918-ci ilin iyun ayının 2-ci yarısında hay-daşnak-bolşevik quldurlarının bu kənddə yerli əhaliyə qarşı törətdikləri soyqırımın qarşısının alınmasında vuruşaraq şəhid olmuş canbir-qanbir doğma, qardaş  türk döyüşçüsü (adı-soyadı bilinməsə də) uyuyur. Ümumilikdə həmin döyüşlər zamanı 6 türk əsgəri şəhid olmuş, bu qəbiristanlıqda dəfn edilib. (keçən əsrin 70-80-ci illərinədək bu qəbirlər salamat olub). 

Kənd sakini Tahir Allahverdi oğlu Kərimovun bildirdiyinə görə, indi adı-soyadı naməlum olmayan  6 türk şəhidinin qəbrı bu qəbirstanlıqda dəfn edilmiş babası Ələkbər Kərim oğlu Kərimovun (1835-1910) məzarı ətrafında olub. Bu kəndin ətrafında Göyçay çayının sol qolu olan Qarasu çayının yatağı boyunca yerləşən “Məşədi Hüseyn gözü”, “Sərdar gözü” adlanan hissələrində  qanlı döyüşlər olmuş və mənfur quldurların öldürüldüyü yer indi “erməni batan” adlandırılır.    
                         
Araşdırmaçının sözlərinə görə, 1918-ci ilin  yay, iyun-avqust aylarında hay quldur dəstələri  Bakı şəhəri ətrafı yaşayış məntəqələrində günahsız dinc azərbaycanlılara qarşı milli-dini ədavət zəmnində törətdikləri soyqırımın izlərinə  hazırda Xırdalan şəhəri qəbirstanlığının ətəyində, Bakı-Quba  avtomobil yolunun sağ hissəsində 100 metrlik uzunluqda yol boyunca yerləşən hissədə də rast gəlinir. O vaxt bu yer “Uzun dərə” adlanıb. Həmin illərdə Xırdalan kəndində 70-80 ev olmuş, 500-ə qədər əhali yaşayıb. “Uzun dərə”də qazılmış səngərdə (o zaman həmin yerlər qobu, yarğan formalı əkin-örüş sahələri olmuşdur) qanlı döyüşlər zamanı   şəhid olmuş  türk əsgərlərindən biri (adı-soyadı məlum deyil) orada dəfn olunub. Həmin səngər sonralar el arasında “Qan çanağı” adlanıb. Bu qəbir keçən əsrin 60-70-ci illərinədək mövcud olmuş, onun yeri barədə yaşlı kənd sakinlərindən Mehdi Nəcəf oğlu Quliyev (1901-1981),  Naib Rzaqulu oğlu Quliyev məlumat veriblər. Həmin döyüşlər zamanı yerli müdafiə dəstəsinin üzvü Orucbala Oruc oğlu (1875-1918) da şəhid olmuş, kənd sakini Əbdurrəhman Mahmud oğlu, Məhəmməd  Ənnağı oğlu qansızlar tərəfindən  isə qətlə yetiriblər.  
Hay-daşnak-bolşeviklərin  Xırdalan kəndində törədikləri qanlı olayların şahidləri olmuş Hacı molla Qafur Axund molla Ələsgər oğlu (1822-1925), Zabitə Əlbirxan oğlu Aslanova, Əbülfəz Hacı Qasım oğlu (1886-1984) həmin hadisələr barədə bildikərini, şahidi olduqlarını kənd sakinlərinə bildiriblər.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib