Dərc edilib: 24-01-2018

https://www.nuh.az/14614-.html

Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən (REPORTAJ)

24.01.2018 17:48:59

Reportaj

Bakı vərəmli xəstələr üçün ümidsiz şəhərdir. Eynilə yazıçı Alber Kamyunun "Taun” əsərindəki Oran şəhəri kimi…
Oksigen çatışmazlığı, şəhərin keçəlləşməsi, ekoloji çirklənmə, şam ağaclarının qoparılaraq ticarət köşklərinə qurban verilməsi vərəmli xəstələrin ömrünü qısaltmaqdır.
Ölüm düşərgəsi
Bu cəhənnəmin ortasında özünə sonuncu sığınacaq yeri tapan vərəmli xəstələrin yatdığı 1 saylı Vərəm Əleyhinə Dispanser isə ölüm düşərgəsinə çevrilməkdədir.
Axşamlar dispanserin yanından keçəndə vahiməyə gələrsiniz. Zülmət, qaranlıq binada tək-tük sayrışan lampalar, məzarlıq sükutu, ümidsizlik, baxımsızlıq…
Xəstələri ziyarətə gələnlərin özləri də vərəmə yoluxmaq riski ilə üz-üzədir: ağızlıq verilmir, baxil qoyulmayıb, soyuq mərmər döşəmə, köhnə-küşkül qapı-pəncərələr, şüşələri kulyonka ilə örtülmüş balkon pəncərələri, şəraitsizlik…
Bu dəhşətli və qorxunc mənzərə açıq sual qoyur: hər bir xəstəxanada qüsurlar, bərbad vəziyyət bağışlanandır, di gəl vərəm kimi yoluxucu xəstəlik daşıyıcılarının yatdığı dispanser yox…
Onların isti şəraitə, təmiz yatağa və yaşıllığa ehtiyacı var. Amma ağciyər xəstələri üçün bunlardan yalnız şam ağaclarının olmasını insafən, qeyd etmək olar.
Vərəmlər və qəssabxanalar
Dispanserə yerləşdirilən xəstələr üçün pul alınması, ələbaxımlılıq, rüşvət hallarına gəlincə, araşdırma aparırıq və növbəti reportajda aydınlaşdırmağa çalışacağıq.
Sovetlər dövründən belə qəbul olunub ki, qorxulu, keçici infeksion xəstəliklər, o cümlədən, vərəm xəstəliyinin müalicəsi və müayinəsi ilə bağlı ayrıca səhiyyə müəssisələri, xəstəxanalar, diaspanserlər şəhər mərkəzlərindən, insanların gur yaşadığı yaşayış məntəqələrindən nisbətən uzaqlarda salınırdı.
Bunun səbəbi də məlumdur. Məqsəd bu xəstəliklərin digərlərinə keçməməsi, əlavə fəsadların yaşanmaması idi. O zaman Bakının kənarı sayılan ərazilər, indi həyat intensivliyinə görə mərkəzdən heç nə ilə fərqlənmir.
Bunlardan biri də Alatavadakı həmin bu vərəm dispanseridir. Bu əraziyə bitişik ərzaq mağazalarını, kafeləri, qəssabxanaları görəndə istər-istəməz sual yaranır ki, axı, bu qədər insanın yaşadığı, hərəkətin intensiv olduğu bir yerdə Vərəm dispanserinin olması nə dərəcədə düzgündür?
Qeyd edək ki, Bakıda 7 vərəm dispanseri, həmçinin, iki vərəm kabineti və paytaxtdan nisbətən kənarda da vərəm sanatoriyaları var. Ki nə fayda?!
Mənbə: azeuronews.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib